AZAL-ın "Qaz 10"u

AZAL-ın
Yəqin ki, Sovet dövrünün hər üzünü görmüş insanlar o dönəmin "blat"lı avtomobillərindən olan "Qaz 10"ları yaxşı xatırlayar. Həqiqətən də bu avtomobillərin Sovet dövründə özünəməxsus yeri vardı. Xüsusən də vəzifəli, varlı-hallı, imkanlı insanların demək olar bir nömrəli maşını idi. Özü də əsasən qara və ağ rəngli "Qaz 10"lar dəbdə olurdu. Uzaqdan belə maşın görəndə dərhal hansısa vəzifəli şəxsin gəldiyini düşünürdün.

İllər dolandı, zaman keçdi, texnologiya inkişaf etdikcə bu "Qaz 10"lar elə "hörmətsizləşdi" ki... Düzdü, indi bəzi insanlar bu maşınlardan hələ də istifadə edir, birtəhər ora-bura sürükləyib işlərini görürlər. Yəni, birvaxtların məşhur "Qaz 10"ları müasir dövrdə uzaqbaşı kələ-kötür yollarda kiminsə yükünü daşımağa, bazarlarda meyvə-tərəvəz vitrini, yaxud bəzi məqamlarda işlədilən dəmir yığını rolunu oynamağa yarayır. 

İndi bizim AZAL-ın da süni qazonu elə yuxarda bəhs etdiyim "Qaz 10"lara bənzəyir. Yeni salınanda, hətta UEFA-dan ulduz da vermişdilər. Demək olar hər gün oyun keçirilirdi, "minib çapırdılar". Nəhayət bu "Qaz 10"un da istismar müddəti bitib, amma hələ üzərində futbol oynayırlar. Yeganə fərq ondadı ki, o "Qaz 10"lar hansısa işə yarayır. Amma bu qazon isə rəqib komandalar üçün vacib futbolçuları zədələməklə "məşğuldu". Heç bir faydası yoxdu. Əksinə futbolçulara zərər yetirməkdən başqa heç bir "işi" yoxdu. 

Biz duruma gülürük, əslində burda incə maraqlar var. Söhbət AZAL-ın büdcəsinin çox yaxud az olmasından getmir. Klubun sponsoru Cahangir Əsgərov sərnişinləri Azərbaycandan başqa ölkələrə 3-4 qat artıq məbləğə daşıyan təyyarələrindən gələn gəlirin kiçik bir qismini ayırsa problemi yoluna qoymaq üçün kifayətdi. Amma niyə bunu edib özlərinə "quyu qazsınlar" ki? Hər halda rəqiblərə istismar müddəti bitmiş qazonda ciddi problemlərlər yaradıb, vacib futbolçuların zədələnməsinə şərait yaratmaq daha ucuz və sərfəli yol deyilmi? Nəticədə rəqib zəifləyir və gücü autsayderlər zonasından çıxmağa yetməyən AZAL da bundan istifadə edir. Ya da başqalarının yararlanmasına şərait yaradır. Çox güman bu üzdən rəhbərlik qazonu dəyişməkdə elə də maraqlı deyil. Bunu klubun kiçik və gizli siyasəti də adlandırmaq olar. Axı heyəti gücləndirmək mümkün deyil. Ömür boyu təbii, xalça kimi ot örtüyündə oynayan səviyyəli futbolçu hansı ağılla gəlib AZAL-ın keyfiyyətsiz qazonunda top qovar? 

Odu ki, rəhbərlik tələsməsin. Hələ qarşıda oyunlar var və digər komandalardakı vacib futbolçular zədələnməyib. Onlar da zədələnib sıradan çıxandan sonra qazonun, ya da "Qaz 10"un dəyişdirilməsi prosesinə start verilə bilər...

Səbuhi NƏRİMANOĞLU

Xəbər lenti