"AZAL qalsaydı, komandaların sayını 10-a çatdırmaq mümkün olardı" - Vaqif Sadıqov

Cari mövsümün baş çatmasından sonra hamı yeni "futbol ili"ndən daha yüksək səviyyəli çempionat gözləyirdi. Premyer-liqada komandaların sayının artırılması, keyfiyyətin yaxşılaşdırılması baxımından addımlar gözlənilsə də hələ ki, ortada bir şey yoxdu. 

Bəs Məşqçilər Komitəsi nə düşünür? Qurumun yeni mövsüm üçün hansı planları var? Bu suallara cavab almaq üçün komitənin sədri Vaqif Sadıqovla danışdıq.

Sadıqov Sport7.az-a açıqlamasında bunları bildirdi:

"Lisenziyalaşdırma prosesi bitəndən sonra nəsə demək olar. Layihələrimiz var, xeyli vaxtdı onun üzərində işləyirik. Hər şey komandaların sayından asılı olacaq. Bununla yanaşı Məşqçilər Komitəsi planlı şəkildə fəaliyyət göstərir. Hazırda hər birimiz İslam Oyunlarında çıxış edən yığmamızın yanında oluruq. Bundan başqa nümayəndələrimizdən biri aşağı yaş qruplarından ibarət komandaların məşqində olur. Onları izləyir. Bundan əlavə ötən çempionatın təhlilini aparırırq və rəhbərliyə hesabat verəcəyik.

İstər-istəməz planlar var. Böhrandan yeganə çıxış yolu maliyyədi. Hər şey maliyyəyə bağlıdı. Çox təkliflər, tövsiyələr var. Acaq hazırda bunları həyata keçirməyə böhran imkan vermir. Amma AFFA rəhbərliyi əlindən gələni edir. Qorxurduq ki, 8 komanda olanda çempionata səviyyəcə aşağı düşəcək. Oyun sayında uduzsaq da, keyfiyyət baxımından maraqlı çempionat izlədik. AZAL aşkar autsayder olsa da, güclü rəqiblərə qarşı yaxşı oynadı. Xal ala bilirdi. 8 mübarizə aparan komanda vardı. Düzdü, hamımız istəyirik ki, bölgə komandalarının sayı artsın. Heyif ki, maddi durum imkan vermir ki, yeni layihələr həyata keçirək. Amma tərəqqi yolunda olduğumuzu sübut edəcəyik. 

Ayın 12-nə qədər vaxt var. Sabah klubların lisenziyalaşdırması ilə bağlı dəqiq məlimat alandan sonra nəsə demək olar. Eyni zamanda qanuna riayət etməliyik ki, futbolumuz da inkişaf etsin. Lisenziyalaşdırmanın tələblərinə cavab verməyən komandalar premyer-liqaya buraxılarsa, onlar sonradan yarıyolda qala bilər. Bunu əvvəlcədən bilirik. Bu nə bizə lazımdı, nə də UEFA tərəfindən dəstəklənir. Amma komandanın sayını artırmağa çalışırlar. Keçən il İcraiyyə Komitəsində bildirildi ki, növbəti mövsüm üçün ən azı 4 komanda hazırlayaq və sayı 10, yaxud 12-yə çatdıraq. Bununla bağlı artıq lisenziyalaşdırma prosesi başlayıb. Nə dərəcədə hazır olub-olmayacaqlarını deyə bilmərəm. 

Mən də istərdim ki, komandaların sayı artsın. İstəyirdik ki, AZAL premyer-liqada qalsın, yaşasın. Ancaq onların yaydıqları bəyanat ümidlərimizi puç etdi. Bir komandanı belə itirdik. Hansı ki, bunu gözləmirdik. AZAL qalsaydı, bəlkə də komandaların sayın 10-a çatdırmaq mümkün olardı. Yenə də tələsik qərar verməyək. İnanaq ki, lisenziyalaşdırmadan xeyli komanda keçəcək. Söhbət təkcə "Turan Tovuz"dan getmir, bölgə təmsilçilərinin elitaya vəsiqə qazanması üçün çalışırıq. Eyni zamanda idman prinsiplərini pozmamalıyıq. Bu gün birinci yerdə olan "Turan Tovuz" təminat verə bilmirsə, istər-istəməz ikinci pillədə olan komandaya təklif ediləcək. Olmasa 3-cü pillənin sahibinə şərait yaradılacaq. Ən vacibi odu ki, idman prinsipləri pozulmasın. Milli çempionatın səviyyəsini qorumaq lazımdı. Maddi böhran imkan vermir ki, klublar premyer-liqaya vəsiqə qazansın. Ən vacibi odu ki, çempionatın səviyyəsi aşağı düşməsin. Say artırıb, keyfiyyəti azaltsaq, bu, bizim xeyrimizə olmayacaq. Rəqabət qorunmalıdı. Bölgələrdə azarkeş çoxdu. 

Sahibkarların futbolumuza yaxın gəlməməsi ilə bağlı sualı mənə niyə verirsiz ki? Bu məsələni qaldırmışdım. Mən futbolumuzun düzgün idarə olunmaması söhbətində sizinlə razı deyiləm. Bu gün idarəçilərin hesabına Azərbaycan futbolu tərifə nail olub. Müstəqilliyin ilk illərindən futbolun içindəyəm. AFFA-dan kənarda olanda, bəlkə də çox şeydən xəbərim yox idi. Amma qurumda olan bir insan kimi deyə bilərəm, uşaq futbolundan peşəkarlara qədər bir çox layihələr həyata keçirilir ki, məhz bunun hesabına gündə-günə tərifə nail olur. Futbolu sevmək lazımdı. Deyirsiz ki, 2004, 2005 və həmin illərə yaxın dönəmlərdə futbola maraq göstərən sahibkarlar indi geri çəkilib. Bu tamamilə düzgün deyil. Fikrimcə, ölkəsini sevən insan əlindən gələni etməlidi ki, bütün sahələrdə inkişaf olsun, o cümlədən futbolda. Mən belə dərk edirəm, bu nöqtədən yanaşıram. Neqativlik axtarmaq lazım deyil".

Sport7.az

Xəbər lenti