Atalarımız "Elin gözü tərəzidi” deyiblər. Bu tərəziyə
müdaxilə etmək, yəni ki, elin gözünü yayındırmaq mümkün deyil. Onlar hər şeyi
görür, hər şeyin qiymətini verir. Başqa cür ola bilməz.
Elxan Məmmədov 2008-ci ilə qədər Bakıdakı biznes mərkəzlərinin
birində komendatlıq edirdi. Necə oldusa, qəfildən AFFA-da peyda oldu. Özü də
sıradan vəzifəyə deyil, qurumun baş katibi vəzifəsinə gətirildi. Düzdü, həmin
vaxta qədər AFFA-da bütün iplərin bir əldə, yəni baş katibin əlində cəmləşdirilməsi
təcrübəsi yox idi. Qurumun İcraiyyə Komitəsi vardı, qərarlar müzakirə edilir,
demokratik mühitdə yekun fikrə gəlinirdi. Onda ağlımıza da gəlməzdi ki, bu 29
yaşlı oğlan AFFA-nın başı üzərini alacaq "qara bulud"a çevriləcək, Azərbaycan
futbolunun olan-qalanını da məhv edəcək, özü kimi futboldan bixəbərləri AFFA-da
irəli çəkib, veteranları ələ baxanlığa, möhtaclığa öyrədəcək.
Azərbaycan futbolunun acı reallığı belədi. Mətbuatda,
televiziyada zaman-zaman Elxan Məmmədovun bəd əməllərindən yazılır, süjetlər
hazırlanır. Amma haqqı yazanların, onu dilə gətirənlərin də sayı illər keçdikcə
seyrəlməkdədi. Kimlərsə özü bezir, danışmaqdan yorulur, başqa birisi AFFA-nın təklif
etdiyi mədəni rüşvətlərin, xaricə səfərlərin, əməkdaşlıq adı altında "yağ-çörək”
paylanmasının qarşısında sözünü və özünü itirir. Bunların heç birisiylə
susdurula bilməyənlərə qarşı represiya maşını işə salınır, fərqli təzyiq
metodlarından istifadə olunur. Lakin yenə də hamını susdurmaq mümkün deyil.
Özünə, sözünə, qələminə və əlahəzrət haqqa hörmət edənlər, AFFA-nın bayrağının
altından əyilərək keçməyənlər yetərincədi.
Artıq dövran, zaman dəyişib. Elxan Məmmədov və onun
irtica maşını çox vacib bir nüansı unudub. İndi sosial şəbəkələrin imkanları
genişdi. Özünə telekanal açıb, yüksək maaş qarşılığında sayılıb-seçilənləri ora
bənd etməklə, müstəqil saytları sıradan çıxarmaqla hamının ağzını bağlamaq, tənqidlərin
önünü kəsmək mümkün deyil. Ataların dediyi kimi, elin gözü tərəzidi. Sosial şəbəkələr
də həmin el üçün sevimli tribunaya çevrilib. Bu gün istənilən rüşvətxor məmurun,
satqının, yalançının, xalqına qənim kəsilənin adı həmin şəbəkələrdə ifşa
olunur, həqiqət hamıya çatdırılır. Təbliğata, reklama bir ətək pul xərcləyən
AFFA da həmin platformada ağır məğlubiyyətə uğrayır.
Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi
altında Müzəffər Ordumuz müqəddəs vətən torpaqlarını mənfur erməni işğalından
azad etdi. Bununla da bütün dünya Azərbaycan xalqının, onun müdrik rəhbərinin və
güclü ordusunun rəşadətini bir daha gördü. Artıq xalqımız qalib xalqdı. Biz
döyüşməyi də, qalib gəlməyi də bacarırıq. Sözsüz ki, müharibədə qazandığımız bu
zəfər həyatımızın bütün sahələrinə təsirini göstərəcək, xalqımız böyük ruh yüksəkliyi
ilə yeni qələbələr qazanacaq. Bu tələbkarlıq futbol sahəsinə də yönələcək,
azarkeşlərin başını Canni De Byazinin ultramüdafiə qoxulu futboluyla, mənasız
heç-heçələrlə aldatmaq mümkün olmayacaq. Bundan qorxan, əl-ayağa düşən Elxan Məmmədov
da çıxış yolu arayışındadı. Əlinə fürsət düşüb və Qarabağ torpaqlarının
işğaldan azad edilməsini özü üçün təbliğat vasitəsinə çevirməyə çalışıb. Bu
yaxınlarda AFFA dövriyyəyə belə bir məlumat buraxdı: İşğaldan azad olunmuş
rayon və şəhərlərin futbol klublarını yaratmaq olacaq. Bu komandaların Region
Liqasında iştirakını təmin edəcəyik.
Başdan-ayağa pafos qoxan, riyakarlıq və qeyri-səmimilik
dolu bu açıqlamaya sosial şəbəkələrdə azarkeşlərin cavabı gecikmədi. Həmin
cavablardan bəzi seçmələri birlikdə oxuyaq.
Azər Sərxanov adlı istifadəçi yazır: "Region Liqasında
yox, peşəkar liqalarda təşkil və təmin etmək lazımdır. Region Liqası həvəskar
liqadır və bu liqayla futbolu inkişaf etdirmək olmaz. Futbolu kütləviləşdirmək, bütün
bölgələrdə peşəkar komandalar və onların uşaq futbol məktəblərini yüksək səviyyədə
təşkil etmək lazımdır. Yəni futbolu inkişaf etdirmək üçün bu istiqamətdə işlər
görülməliydi, həm də çoxdan. Yoxsa ki, Premyer Liqada 8 komanda (çoxu Bakının),
çox məhdud sayda komanda. Belə olduğuna ğörə milli komanda da bu vəziyyətdədir.
Bir sözlə futbolumuz ölüb (öldürülüb), onu diriltmək üçün ciddi işlər ğörülməlidir.
İş isə ğörülmür, əksinə ildən ilə zəfləyir,daha da uçurumun dibinə gedir”.
Camal Babayevin də yazdıqları maraqlıdı: "İşğalda
olmayan rayonlarda yaratmaqdan işləməkdən yorulmusuz axı. Təzə "tema” çıxıb –
İşğaldan azad olmuş rayonlarda futbolu inkişaf etdirmək. "Viləş”, "Şəmkir”, "Kəpəz”, "MTK
Araz”, "Karvan”, "Turan”, "Bakı” klublarının aqibəti necə oldu? Yüzlərlə
futbolçuların karyerası məhv oldu, uşaq futboluna diqqət artırılmalıdı..”
İsmayıl Bayramov isə AFFA-nı daha ciddi fakt
qarşısında qoyub: "Lənkəran da işğal olmuşdu? Yoxsa Quba, Kürdəmir, Gəncə, Yevlax
işğal olmuşdu? Bu rayonlarda futbol klubu yarada bilməmisiz, gözünüzü işğaldan
azad olunmuş yerlərə dikmisiz. O torpaqlara gəlir mənbəyi kimi baxanlar ən şərəfsiz
mundar ermənidən törəyən insanlardı”.
Fərid Alışov adlı istifadəçinin yazdıqları da
maraqlı və düşündürücüdü: "Orda yeyinti çox olacaq, yəqin ki, ona görə gözünüz
ordadı. AFFA futbolu fikirləşən olsaydı, "Xəzər Lənkəran”, "Kəpəz”, "Turan”
kimi bölgə klububları məhv edilməzdi”.
Bəhruz İsmayılovun yazdıqlarına diqqət yetirək: "Ölkədə
futbol yoxdu, deyirsiz ki, Qarabağda layihələrimiz var. "Mutfilm” olmayln, hər şeyi millət görür. Səkkiz komandayla Premyer Liqa düzəltmisiz, iki komanda bir-biriylə
ildə 7-8 dəfə oynayır. Hərə əlinə bir C lisenziyası alıb, düşüb uşaqların üstünə,
bacaran-bacarmayan məşq keçir. Budur inkişaf?!”
AFFA-nın rəsmi "Feysbuk” səhifəsindəki könüllülərla
bağlı paylaşımın altında da maraqlı şərhlərə rast gəlmək mümkündü.
Yusif Rustəmlinin könüllülərlə bağlı edilən
paylaşıma reaksiyası belədir: "Maşallah, könüllülərin sayı futbolçularımızın
sayından çoxdur. Bir dəfə də adları tarixə qovuşan əyalət klublarımızla bağlı
videokonfrans keçirilsin də...”
Parvin Babayev isə yazır: "Futboldan basqa hər şey
edirsiz də. O qədər könüllü yığıb, pulları havaya sovurunca, 11 normal futbolçu
yetisdirin!”
Belə sitatların, azarkeş üsyanının siyahısı xeyli
genişdi. AFFA-nın bütün paylaşımlarının altında azarkeşlər qəzəb püskürür,
Elxan Məmmədov və onun "komandası”ndan hesabat tələb edir. O səhifələrə göz
atıb, buna əmin ola bilərsiz. Ümid edək ki, hesab günü uzaqda deyil və azarkeşlərin
haqq səsi çox tezliklə eşidiləcək.
Sport7.az