"Azərbaycan bayrağının tərs asıldığını gördüm" - RUBRİKA

"Danışan xatirələr" rubrikamız davam edir. 

Bu gün seçdiyimiz 3 fərqli müsahibimiz futbolda üzləşdikləri qalmaqallı xatirələrini bizimlə paylaşacaqlar. 

Keçək qonaqlarımızın xatirələrinə. 

Yaşar Sultanov ("Turan" klubunun sabiq icraçı direktoru və AFFA İcraiyyə Komitəsinin keçmiş üzvü): "2007-ci ildə U-19 millimiz ilə Lüksenburqa səfər etmişdik. Burada yığmamız Avropa çempionatının seçmə turnirində çıxış edəcəkdi. Komandanın ümumi rəhbərliyi mənə tapşırılmışdı.
 

 
Oyunun başlamasına 2-3 saat qalmış stadiona yollandıq. Stadionun qarşısına çatana yaxın uzaqdan Azərbaycan bayrağının tərs asıldığını gördüm. Dərhal maşını saxlatdırdım və stadiona girməyəcəyimi bəyan etdim. Ciddi qalmaqal yaşandı. Bütün personal əl-ayağa düşdü. Təcili şəkildə ciddi nöqsani aradan qaldırdılar. Dəfərlərə üzr istədilər. Bundan sonra mən stadiona çox qürurlu və trumfal qalib kimi girdim. Ətrafdakıların mənə həsədli və təbəssümlü baxışlarını heç vaxt unutmaram. Çoxları ayaq üstə alqışlamışdı". 
 


Əmrah Çəlikəl ("Qarabağ" klubunun direktoru): "Özüm də daxil olduğum, amma heç vaxt olmaq istəmədiyim, "Karat" - "Qarabağ" oyunundakı qalmaqal... Üzərindən uzun illər keçməsinə baxmayaraq, bu yaxınlarda həmin qalmaqalın videosunu təkrar izlədim. "Karat"ın qapısına təmiz qol vurmuşduq. Ancaq bu qoldan sonra "Karat" azarkeşləri "ofsayd" tələbi ilə yan xətt hakiminə hücum etdilər. Hətta onu vurdular. Həmin zərbədən sonra yan xətt hakimi "ofsayd" qərarı verdi. Sonra biz həmin yan xətt hakimi ilə danışmağa başladıq və bir qədər emosional olan söhbət videoya çəkilirmiş. Əlbəttə ki, bizim daxil olmaq istəmədiyimiz bir qalmaqal idi. Ancaq istəməsək də onun bir hissəsi olmaqdan boyun qaçıra bilmədik. Nəticədə qolumuz hesaba alındı". 
 


Elçin Həsənov ("İnter" azarkeşi): "Əvvələr çempionat daha maraqlı keçirdi və buna görə də qalmaqallar qaçılmaz olurdu. Ən yadda qalan qalmaqal Azərbaycan Kubokunun finalı oyunu ilə bağlıdır. Yəqin ki, "Neftçi" və "Xəzər Lənkəran" finalından sonra meydanda nələr olduğu yadınızdadır?!

Bizim futbolçuların qeyri-peşəkarlığı ucbatından futbolçu-azərkeş münasibətlərində də gərginliklər olub. Məsələn, Cavid Hüseynovun "Bakı" azərkeşləri ilə, Kamran Ağayevin "İnter" azərkeşləri ilə olan davaları buna sübutdur. 
 


Ən böyük qalmaqal kimi isə, Kaxaber Sxadadze "İnter"ə baş məşqçi gələndən sonra "Simurq" ilə olan "münasibəti"ni vurğulayardım. Amma bunları danışsam, aləm bir-birinə dəyə bilər. Ona görə də, gəlin, aləmi qatmayaq".

Röya Kərimli
Sport7.az




Xəbər lenti