Azərbaycan futbolu və onun azarkeşləri haqqında YAZI

Azərbaycan futbolu və onun azarkeşləri haqqında YAZI
Bu yaxınlarda "Neftçi”ylə "Keşlə”nin qarşılaşmasını izləmək üçün stadiona getdim. Uzun müddət idi ki, Azərbaycan çempionatının oyunları zamanı yolumu stadiondan sala bilmirdim.
 
Oturacaqların boşluğu mənə "Neftçi” tribunasına ilk addım atdığım günü xatırlatdı. Tribunaya ilk dəfə 2004-cü ildə, 9 yaşımda dayımın əlindən tutub "Neftçi”nin oyununu izləmək üçün gəlmişdim. O gündən etibarən bütün yeniyetməlik və gənclik illərimi "Flaqman" Fan klubu ilə birgə, "Neftçi” fanatlarının yer altığı tribunada keçirmişəm. Ancaq elə həmin o ilk gündə də tribuna belə boş idi, qələbəlik gözə dəymirdi. Sevimli komandama görə gənclik illərində başıma nələr gəlməyib6 məktəbdən qaçdığımıza görə danlanmaq, imtahandan kəsilmək, polis tərəfindən saxlanılmaq. Təbii ki, bütün bunlara görə peşman da deyiləm. Amma yazmaq istədiyim mövzu tam olaraq bu deyil, deyəcəklərim  bir qədər fərqlidi.
 
İddia edirəm ki, Azərbaycan futbolunda tribuna mədəniyyəti heç vaxt olmayıb. Hər kəs bilir ki, komandaya azarkeşlərin dəstəyi mütləqdir. Uğurun açarlarından biri də şüarlar, himnlər, alqışlar sayılır. Amma Azəbaycan komandalarının futbolçuları şüar yerinə söyüş, himn yerinə "yuuuhhh”, alqış əvəzinə də çırtlanan tumların səslərini eşidiblər. Mourinyodan Ançelottiyə, İbrahimoviçdən Droqbaya qədər heç bir peşəkar bu cür münasibət qarşısında yaxşı oyun nümayiş etdirə bilməz. Bir bayağı ifadə var, illərdir eşitmədən yorulmuşuq: "bizdə futbol olmayıb, olmayacaq da”.
 
İki manatlıq bilet almağa əli gəlməyən adamlar necə bu barədə danışa bilər? Azarkeşi olduğu komanda üçün stadiona üz tutmayan, 90 dəqiqə nəfəsini tutub həyəcanda qalmayan hansı "azarkeş”in buna haqqı var? Mən o dövrdə yanımda gördüyüm, birlikdə macəradan-macəraya atılıb, şəhər-şəhər, rayon-rayon gəzdiyim uşaqlar bu gün bütün çətinliklərin fərqində olduğu üçün susurlar. Reallığı duymayanlar isə tribunada sevinməkdənsə, feysbuk statuslarında meydan sulayırlar.
 
Həmin şəxslər Serbiya, Polşa, Rumıniya kimi ölkələrin II divizion oyunlarını izləyiblər? Orada nə dünya ulduzları top dalınca qaçır, nə də fantastik qollar vurulur. Amma öz regionlarının, şəhərlərinin komandasını tək qoymayan azarkeşlər öz məsuliyyətlərini anlayırlar.
 
Yuxarıda qeyd etdiyim kimi, bu yazını uzun illər "Neftçi” tribunasında can qoyan azarkeş kimi yazıram. Hal hazırda stadionlara gələn və sevimli komandalarına 90 dəqiqə dəstək verən azarkeşlərdən başqa heç kimin futbolumuzun bu durumuna dil uzatmağa ixtiyarı yoxdu.
 
Millinin elit komandalarla görüşlərində, klublarımızın Avropa nəhəngləri ilə oyunlarında doldurduğunuz stadionlar sünilik qoxur. Həmin oyunları izləyərkən hər dəfəsində atamın bir sözü yadıma düşür "başqa ölkələrdən bizim stadiona baxanlar, düşünər ki, ölkə yas içindədir. Çünki onlar komandanın formasını deyil, qara gödəkçələrini geyinirlər”. Bayrağında və formasında üç rəngi olan bir ölkənin oyununa gələn bütün azarkeşlər qara geyimdədi, əllərində də günəbaxan tumları. Bu azarkeşlər üçün nə oyun göstərəsən?!
 
Mən olsam, mən də oynamaram. Hələ şükür edin ki, uşaqlar ildən ilə həm milli, həm də klub səviyyəsində çox böyük uğurlara imza atırlar ki, siz bu uğurların heç birinə layiq deyilsiz.
"Azərbaycanda futbol yoxdu, yalandan avaraçılıq eləmə, dərslərini oxu” deyən bir valideyn hansı üzlə milli futbolçularımızdan uğur qazanmağı tələb edir?!
 
Futbol - Azərbaycanda yüzlərlə gələcəyin ulduzu olmaq potensialına sahib gəncin arzularını valideyni tərəfindən baltalanan bir idman növüdü.
 
İllər öncə "Bakı” Futbol Klubunun bazasını ziyarətə gələn, məşhur alman jurnalisti Kristofer Blomun sözlərini, yəqin ki, çoxları unutmayıb: "Azərbaycanda futbol inkişaf edir. Hiss olunur. Amma burada məni ən çox təəccübləndirən azarkeşlər oldu. Stadionlar tam boşdur. Nə Avroliqa, nə Premyer Liqa, nə də I divizionun oyunlarında kifayət qədər futbolsevər yoxdur. Klubların feysbuk səhifələrini 100-200 min istifadəçi izləyir, oyunlara isə onların içərisindən 100 nəfər belə gəlmir. Vəziyyət çox acınacaqlıdır".
İndi vəziyyəti bəyənməyən hansı "azarkeş”in fikir bildirməyə haqqı çatır ki, o, hələ uzun müddətdir heç bir oyuna stadionda canlı-canlı baxmayıb, o auranı duymayıb. Söz sizdədi...
 
Mustafa Kamal

Xəbər lenti