Azərbaycan futbolunda süni fırtına

Azərbaycan futbolunda süni fırtına

Neçə gündü ki, narahat idik. Azərbaycanda, xüsusən də paytaxt Bakıda fırtına olacağı ilə bağlı xəbərdarlıqlar səngimirdi. Beləcə insanların normal həyat ritmi pozuldu. Uşaqlar məktəbdən və bağçadan, valideynlər də iş-gücdən qaldılar. Külək əsdi, havanın temperaturu düşdü. Amma beləsini biz əvvəllər də görmüşdük. Süni fırtına həyacanı, yalançı həyacan siqnalı da istehza obyektinə döndü, zarafat trendinə çevrildi...

Azərbaycan futbolunda da belədi. 2017-ci ilin sonlarında sabitlik, mərhələli və uzunmüddətli inkişaf yolu seçmişdik. Ən yüksək səviyyədə bildirilmişdi ki, yalançı qələbələr, qeyri-ciddi nəticələr arxasınca qaçmaqdan yorulmuşuq. Özümüzü aldatdığımız yetər, artıq problemlərin kökündən həll edilməsinə başlayırıq. Amma cəmi bir il vədimizə sadiq qaldıq. Kövrək təməlləri də dağıtdıq, tutduğumuz yoldan imtina etdik. Yenə də maxinasiyalar, milyonların havaya sovrulmasına, əcnəbilərə yedizdirilməsinə başladıq.

Artıq ilk addım da atılıb. AFFA vətəni Serbiyada belə ciddi məşqçi kimi qəbul olunmayan Milan Obradoviçi 21 yaşadək futbolçulardan ibarət millimizə baş məşqçi təyin edib. İndi də əsas komandaya əcnəbi mütəxəssis axtarışındadılar. AFFA-nın şərtlərinə hə deyib, özünü hörmətdən salmağa razılaşacaq məşqçi tapan kimi xalqı müjdələyəcəklər. Təntəli imza mərasimi, pafoslu açıqlamar və yola davam.

Futbolumuzun səviyyəsi o qədər aşağı düşüb ki, artıq Rusiyanın və Türkiyənin 1-ci və 2-ci divizionlarından yox, İngiltərənin 5-ci liqasında futbolçu milliləşdiririk. Xaricdə oynayan həvəskar səviyyəli futbolçulara Azərbaycanın MİLLİ KOMANDAlarının qapıları taybatay açılır.

Sizin də yadınızda olar, bir müddət əvvəl "Təklənmiş Məmməd” sərlöhvəli yazımızda Vüqar Məmmədin U-19 millimizin baş məşqçisi postunda şərtli qaldığını qeyd etmişdik. Gənc mütəxəssisin AFFA-nın işbaz menecerlərinin tapdığı "istedadları” milliyə çağırmağa razılıq verdiyinə görə işinə davam etdiyi artıq isbatlanmaqdadı. Bunu İngiltərənin 5-ci divizionunda mübarizə aparan "Fayld”ın üzvü Sərhad Daşdəmirin U-19-a çağrılmasından və Məmmədin "Futbol+”ə verdiyi müsahibəsindən də anlamaq çətin deyil. Həmin müsahibənin bəzi məqamlarına birlikdə diqqət yetirək:

- Mən onu təxminən 7 ay idi izləyirdim. Sonda da əlaqə saxladıq, özü də bildirdi ki, azərbaycanlıyam. Bu üzdən fikirləşdik ki, dəvət edək. Həmin 7 ay müddətində çempionatda bütün oyunlarına baxmışam. Müntəzəm şəkildə qollar vurur. Bu da diqqətimi çəkdi. Özü ilə əlaqə saxladıq və gördüm ki, millimizdə oynamaq istəyir.

- Bizə bağlılığı hardandı?
- Özünün dediyinə görə, Türkiyədə Ərzurum tərəfdəndi. Ana tərəfdən azərbaycanlıdı.

- Onunla İngiltərə klublarının maraqlanması nə dərəcədə doğru məlumatdı?
- Menecerlər Sərhadla bağlı məlumatları mənə göndərdilər. İngiltərə klublarının onunla maraqlandığını ordan öyrəndim. Ancaq futbolçunun özündən bu haqda soruşmamışam. Sərhadla yalnız xarakteri, xasiyyəti haqda danışmışam. Mətbuatdan oxumuşam ki, 2-3 klub onunla maraqlanır.

10 ildən çoxdu ki, AFFA Azərbaycanda futbolun inkişafı adı altında yarım milyard manatdan çox dövlət vəsaitini havaya sovurub. Amma ortaya qoymağa məhsul, yəni millidə oynatmağa futbolçu tapılmır. Millinin baş məşqçisi də deyir ki, futbolçu özü ana tərəfdən azərbaycanlı olduğunu deyib, onlar da buna inanıb. Menecerlər isə futbolçunun istedadlı olduğunu, İngiltərə klublarının hədəfinə düşdüyünə Vüqar bəyi "inandırıblar”.

Bu hələ Azərbaycanın U-19 yığmasıdı. Sabah eyni proses digər yığmalarda da davam edəcək və AFFA rəsmiləri futbolumuzun inkişafı haqda ütülü cümlələr deyəcəklər, stəkanda fırtına yaradacaqlar. Bir gün isə öz yaratdıqları fırtınanın da qurbanına çevriləcəklər. Buna şübhəniz olmasın!
 
Amal ABUŞOV
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR