Azərbaycan millisi qrupda neçənci oldu? – De Byazi ilə gerilədik

Azərbaycan millisi qrupda neçənci oldu? – De Byazi ilə gerilədik

Dünən gecə Lüksemburqla qarşılaşan Azərbaycan millisi Millətlər Liqasındakı çıxışını başa vurdu. İtalyan məşqçi Canni De Byazinin çalışdırdığı komanda son aylardakı "ənənəsi”ni pozmadı. Qarşılaşmada yenə hesab açılmadı və görüş 0:0 hesabıyla bitdi.

Təsadüfdü, yoxsa məntiqi nəticə? Millimiz düz 5 oyundu ki, qol vura bilmir. Monteneqroya 0:2 uduzduğumuz oyundan sonra ardıcıl 4 qarşılaşmada 0:0 hesablı bərabərliyə razılaşmışıq. Bunlardan biri Sloveniya ilə yoxlama görüşü idi. Millətlər Liqasında isə Kipr, Çernoqoriya və Lüksemburqla oyunlar qolsuz bərabərliklə bitdi.

Belə zəif qrupda millimizin cəmi bir qələbə qazana bilməsi, vur-tut iki dəfə rəqiblərin qapı torunu silkələməyimiz heç də ürəkaçan nəticə deyil. Ramil Şeydayev Bakıda Lüksemburqa 1:2 hesabıyla uduzduğumuz oyunda fərqlənmişdi. Maksim Medvedev isə səfərdə Cənubi Kipri 1:0 hesabıyla məğlub etdiyiyimiz oyundakı yeganə qolun müəllifi olub.

Bir qələbə və üç heç-heçə sayəsində qrupda 6 xal toplayan millimiz 3-cü pilləni tutub və bu nəticəyə görə yalnız Kipri qabaqlayırıq. Qrup lideri Monteneqrooya və Lüksemburqa aşağıdan yuxarı baxırıq. Vurduğumuz iki qolun qarşılığında qapımızdan 4 qol buraxmışıq və qol saldosu "-2”-yə bərabərdi.
Bu göstəriciləri Qurban dövrüylə müqayisə etdiyimizdə gerilədiyimiz açıq-aşkar görmək mümkündü. Həmin vaxt millimiz son tura qədər liderlik şansını saxlayırdı. Yekunda 9 xalla qrupun ikincisi olan millimizin vurduğu qolların sayı buraxdığı qolları bir vahid üstələyirdi.

Rəqəmlərin müqayisəsi acı mənzərəni gözlər önünə sərəndə əlavə şərhə də ehtiyac qalmır. Belə yerdə "keçmiş olsun, AFFA” deməkdən başqa əlacımız yoxdu.

Amal ABUŞOV
 
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR