Azərbaycan millisinin məğlubiyyətinin günahkarı: “Aeroflot”

Azərbaycan millisinin məğlubiyyətinin günahkarı: “Aeroflot”
Daha bir yığmamız beynəlxalq turnirdən bərbad nəticə ilə vətənə döndü. Söhbət 19 yaşadək qızlardan ibarət millidən gedir.

Bu komanda bir neçə gün öncə Rusiyanın Soçi şəhərində keçirilən "Kuban baharı” turnirində çıxış edirdi. İlk oyunda meydan sahiblərinə 7 cavabsız qolla uduzan Vüqar Əsgərlinin yetirmələri ardınca Belarusa 1:2 hesabı ilə yendildi. Son turda isə iranlı həmyaşıdları yığmanı darmadağın (3:0) etdi. Bir sözlə, U-19 keçirdiyi 3 oyunun hamısında uduzdu, ikisində böyükhesablı yenilgiylə üzləşdi, ümumilikdə qapısından 12 top buraxdı və cəmi 1 dəfə fərqləndi. Beləcə Əsgərlinin rəhbərlik etdiyi milli yarışı sonuncu yerdə bitirdi. Bu komandanın payızda seçmə mərhələ oyunlarına çıxacağını nəzərə alsaq, gələcəklə bağlı xoş xəyallar qurmaq mümkün deyil.

"Futbol+” qəzetinin əməkdaşları komandanın baş məşqçisi ilə əlaqə saxlayıb, turnir haqda fikirlərini öyrənib. Maraqlıdı ki, millimizin baş məşqçisi Vüqar Əsgərli məğlubiyyətin əsas günahkarı kimi "Rusiya Hava Yolları”nı göstərib:

"Bildiyiniz kimi, "Kuban baharı” turniri ənənəvi hal alıb və bu il də keçirildi. Dəvət gələn kimi dərhal qəbul etdik. Çünki hazırlıq üçün kifayət qədər önəmli turnirdi. Səfərimiz başlanğıcdan çox çətin keçdi. Rusiya Hava Yolları bizə böyük çətinlik yaratdı. Həm gecikmə, həm də baqajlarin çatdırılmasi ilə bağlı. İlk gündə formaların gəlməməsi üzündən məşqimizi məcbur təxirə saldıq. Onu da deyim ki Rusiya yığması elit mərhələyə çıxdığına görə bu turnirə 2000 təvəllüdlü oyunçularla gəlmişdi. Biz isə oktyabrdakı seçmə mərhələ oyunlarına hazırlaşdığımız üçün 2001-02, hətta 2003 təvəllüdlü uşaqlarla Soçiyə yollanmışdıq. Bundan başqa, matçın keçirildiyi gündəki hava şəraiti də oyunumuza təsir etdi. Üstəlik, turnirə 3 gün qalmış əsas qapıçımızın dizindən ağır zədə alması da planlarımızı korladı. Təbii, bu oyunların da nəticəsi önəmlidi. Sadəcə, hazırlıq baxımından səhvlərimizi görmək daha vacibdi”.

Görəsən, bizimkilər yolda yaranan çətinliklərlə bağlı müvafiq qurumlara etirazını bildirib? Vüqar bəyi dinləyək: "Belə adminstrativ işlərlə bizim inzibatçı məşğul olur. Bu məsələ haqda onların da məlumatı var”.

Maraqlıdı, yığmanın əsas problemləri nədi? Komanda hansı cəhətinə görə rəqiblərindən bu qədər geri qalır? Özü də çatışmazlığın təkcə arxa xətt ilə bağlı olduğunu demək olmaz. Düzdü, yığmanın müdafiəsi bərbad təsir bağışlayıb. Üç oyunda buraxılan 12 qol da bunu təsdiq edir. Lakin ön xətt də ürəkaçan çıxışla yadda qalmayıb. Belə ki, 3 oyuna vurulan 1 qol hücum xəttinin də istənilən səviyyədə olmadığını göstərir. Əsgərli bunları dedi: "Əsas problemimiz qapıçımızın gənc olması ilə bağlı idi. Komandamızın əsas "çərçivə qoruyucusu”nun zədələnməsi məhz gənc qolkiperə güvənmək məcburiyyəti yaratdı. Rəqiblərin hamısının güclü olduğunu nəzərə alsaq, hücum xəttindən məhsuldarlıq gözləmək real deyil. Bunun da üzərində işləyib çatışmazlıqları aradan qaldıracağıq”.

Sport7.az

Xəbər lenti