Azərbaycan neçəncidir? – Dumanlı gələcək

Azərbaycan neçəncidir? – Dumanlı gələcək
Millətlər Liqasında ilk iki turu geridə qoyduq. Səbrizliklə gözləyirdik. Yeni turnirin bizə Avropa çempionatının final mərhələsinə qatılmaq şansı verməsindən ümidlənmişdik. Digər yandan da Qurban Qurbanovun rəsmi oyunlara necə start verəcəyi, millinin oyununda müsbət dəyişikliklərin olub-olmayacağı maraqla və həyacanla gözlənilirdi.

Gözlədiyimiz kimi olmadı. Yenə hüsran, yenə üzüntü. Bu dəfə daha ciddi və adamı ümidsizliyə sürükləyən, xəyallarımızın üzərindən çalın-çarpaz xətlər çəkən şəkildə. Artıq optimist olmaq, gələcəklə bağlı işıqlı vədlər vermək də ağır işdi. Hisslərə qapılmaq, müsbətə doğru dəyişikliklərin qısa müddətdə baş verəcəyini demək ciddi səhv olar. "Niyə də yox”un yerini çoxdandı "Yox ki, yox” tutub. Bu futbolçu nəsli ilə, belə idarəetmə üslubu ilə inkişaf olmaz, qələbələr qazanılmaz.

Qazanılsa belə nisbi xarakterli, təsadüfi olacaq. Həmin uğurlar bizim üçün böyük perespektivlər açmayacaq. Bizim üçün xilas yolu Pavel Paşayevi Ukraynadan dəvət etməkdə, Riçard Almeydanı "milliləşdirməkdə”, Ramil Şeydayevin ayağının açılacağı günü gözləməkdə deyil. Bu qatar çoxdan gedib. Onu Qurban Qurbanov da geri qaytara bilməz.

Millimizin yeni turnirdəki çıxışına nikbin yanaşanlar, böyük ümidləri cücərdənlər ilk iki turda 6 xal qazanacağımıza inanlar idi. Bir qədər ehtiyatlı danışanlar isə 4 xal gözləyirdilər. Nə 6 oldu, nə də 4. Cəmi iki xalımız var. Qurban Qurbanovun sözləri ilə desək, bundan sonar qalan dörd oyunun hamısında qalib gəlməklə qrupdan çıxarıq. Amma dörd oyunda qalib gəlməyimiz realdırmı? Adamın Kosovo və Farer adaları ilə səfərdəki oyunlara proqnoz verməyə dili dili və əli gəlmir.

Bəli, rəqiblərimiz Almaniya, İngiltərə, İspaniya deyil. Heç Belarusiya və Gürcüstanın səviyyəsində belə rəqibimiz yoxdu. İkisi "cırtdan”dı, biri də dünya xəritəsinə yeni daxil olan, "iməkləməkdə” olan Kosovio. Görünən odu ki, biz öz gücümüzü, potensialımızı düzgün qiymətləndirməmişik. İşlər xarabdı, dostlar.

Gələk məsələnin riyazi tərəfinə. İki turdan sonra millimizin aktivində eyni sayda xal var. Bunun sayəsində D liqasının 3-cü qrupunda 3-cü sırada yer almışıq. Qrupun lideri Bakıdan bir xalla gedən Kosovadı. Onlar dünən gecə Farer adalarını 2:0 hesabıyla məğlub etdilər. Farer adaları isə ilk turda Maltanı 3:1 hesabıyla yenməsinin sayəsində 2-ci pillədədi. Biz onlara da aşağıdan yuxarı baxırıq. Üstələdiyimiz tək komanda isə dünən 1:1 hesablı "sülh”ə sevinən Maltadı. "Bu günümüzə də şükür” deyirlər.

Biz gələcəyimizə şükür etmək üçün bundan sonra qələbələri sıralamalıyıq. Əvvəlcə oktyabrın 11-də Farer adalarını səfərdə məğlub etməliyik. Bundan üç gün sonra isə Maltanı Bakı Olimpiya Stadionunun möhtəşəm tribunaları qarşısında "bombardman”a məruz qoymalı və 3 xalı hesabımıza yazmalıyıq. Noyabrın 17-də evdə Farer adalarından gələn qonaqları, 20-də isə Kosovanı səfərdə məğlub etməklə 3-cü qrupun lideri ola bilərik.

Amma necə? Bunu bacaracaq komandamız varmı? Müdafiəmiz etibarlı, hücumçularımız məhsuldar, yarımmüdafiəçilərimiz çalışqan və sürətlidilərmi? Hər kəs cavabını özü-özünə versin…

Amal ABUŞOV
 

Xəbər lenti