Azərbaycan şahmatçıları FIDE-nin dünya reytinqində

Azərbaycan şahmatçıları FIDE-nin dünya reytinqində
Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov Beynəlxalq Şahmat Federasiyasının (FIDE) reytinq cədvəlində üçüncü yeri tutur.

Sport7.az xəbər verir ki, FIDE 2018-ci il avqustun 1-i üçün reytinq cədvəlini dərc edib.

FIDE-nin rəsmi saytında bildirilir ki, 2018-ci il iyulun 1-i üçün reytinq cədvəlində 2801 xal ilə üçüncü yeri tutan Şəhriyar Məmmədyarov bu dəfə də həmin reytinq əmsalını və əvvəlki yerini qoruyub saxlayıb.

Dünyanın ən güclü şahmatçılarının siyahısında birinci yeri yenə Norveç nümayəndəsi, hazırkı dünya çempionu Maqnus Karlsen (2841), ikinci yeri iddiaçılar turnirinin qalibi, amerikalı Fabiano Karuana tutur (2821).

Siyahıda sonrakı yerləri çinli Din Lijen (2796), amerikalı Uesli So (2780), hollandiyalı Aniş Giri və rusiyalı Vladimir Kramnik (hərəyə 2779 xal), fransız Maksim Vaşye-Laqrav (2778), amerikalı Hikaru Nakamura (2777) və rusiyalı Sergey Karyakin tutur (2772).

Azərbaycanın digər nümayəndəsi Teymur Rəcəbov da öz əmsalını (2751) və sıra nömrəsini (17) saxlayır. Reytinq əmsalını 2711-ə çatdırmış Arkadi Naydiç 47-ci mövqedən 33-cü yerə qalxıb. Dünya üzrə ilk yüzlüyə Azərbaycan qrossmeysterləri Rauf Məmmədov (2708, 38-ci yer), Eltac Səfərli (2676, 65-ci yer) və Qədir Hüseynov da daxildir (2665, 77-ci yer).

Qadın şahmatçılar arasında ilk onluğa aşağıdakılar daxildir: çinli Hou İfan (2657), onun həmyerlisi Tszyuy Ventszyun (2565), ukraynalı Anna Muzıçuk (2563), rusiyalılar Aleksandra Kostentyuk (2558), Yekaterina Laqno (2556), Aleksandra Qoryaçkina (2534), çinli Tan Çjunyi (2529), rusiyalı Valentina Qunina (2528), ukraynalı Mariya Muzıçuk (2527) və gürcüstanlı Nana Dzaqnidze (2519).

Dünyanın ən yaxşı yüz qadın şahmatçısının siyahısına azərbaycanlı Günay Məmmədzadə də daxildir. Reytinq əmsalı 2426 olan Günay bu siyahıda 39-cu yeri tutur.
 
Sport7.az

Xəbər lenti