Azərbaycan üçün, “Qarabağ”!

Azərbaycan üçün, “Qarabağ”!
Futbol həyacandır, sevincdir, qələbə həzzidir, məğlubiyyətin gətirdiyi üzüntüdür...

Biz futbolun bütün üzlərini görmüşük, haldan-hala düşmüşük. Bu gün yenə o günlərdən biridi, axşam futbol var. "Qarabağ” oynayacaq, bizi sevindirməyə çalışacaq. Həmişə olduğu kimi.

Bəli, "Qarabağ”ın öhdəsinə ağır iş düşüb. Çempionumuz ötənilki qədər güclü görünmür. Hücum potensialı zəifləyib. Almeydanın gedişindən sonra yarımmüdafiə xətti dağınıq, köməksiz görünür. Müdafiəçilərin anlaşması, bir-birini "sığortalaması” əvvəlki tək səhvsiz alınmır. 

Futbolun sevmədiyimiz tərəflərindədi. "Bir adam düşməsin, düşdüsə, qalması çətin olur” deyirlər. Futbolda da belədi. Hansısa komanda büdrədisə, bir vacib oyunda məğlub oldusa, "qara zolaq”dan çıxmaq çətinləşir. Xüsusiylə də Azərbaycan klublarında. Bizim yerli futbolçulardan psixoloji gərginlikdən qurtulmaq, qısa zamanda vəziyyəti dəyişmək mürəkkəb və uzun zaman tələb edən prosesə çevrilir. Bu da psixoloji hazırlığın zəif olması, özünəinam hissinin tez itməsiylə bağlıdı. İllər keçsə də, bunun öhdəsindən gələ bilmirik.

"Şerif”lə oyunda uğursuzluğa son qoymaq, özünəinamı bərpa etmək mümkündü. Moldova çempionu müdafiə olunmağı yaxşı bacarsa da, ilk oyunda quru hesabla qələbə qazansa da, onları Bakıdan məğlub yola salmaq yerinə yetirilməsi mümkün olmayan tapşırıq deyil. "Qarabağ” bu rəqibi məğlub etməyi, onu yolundan kənarlaşdırmağı artıq bir dəfə bacarıb. Bu gün də bacara bilər.

Bunun üçün nə lazımdı? Rəqibin qurduğu tələyə düşməmək və heç bir halda qapımızdan ilk qolu buraxmamaq. Həyacana qapılmaq, nəyin bahasına olursa-olsun ilk hissədə bizə vacib olan qolu vurmaq üçün irəli atılmaq bizə fayda verməz. Ən azından ona görə ki, hazırda "Qarabağ”ın ön xətti ötən il olduğu kimi təhlükəli deyil, sivri ucda Dino Ndlovu kimi "öldürücü” zərbə vurmağı bacaracaq forvard yoxdu. Emeqara hər nə qədər bacacırqlı hücumçu olsa da, Ndlovu qədər deyil. Heç öz formasının də pik nöqtəsinə çatmayıb. Yarımmüdafiə xəttindən gələn dəstək də istənilən səviyyədə olmur. Bu mövqedə oynayan iki vacib fiqur, ispanlar Kintana və Miçelin zədəli olması də vəziyyəti qəlizləşdirən amillərdi.

"Şerif” hər nə qədər intizamlı komanda olsa da və Bakıya qalib kimi gəlsə də, onların da səhv buraxacağı an olacaq. "Qarabağ” öz qapısının toxunulmazlığının qayğısına qalmaqla həmin anı gözləməlidi. Çünki həlledici qolu bir qədər gec vurmaqla ciddi mənada nəsə itirməyəcəyik. Amma öz qapımızda qol görsək, bunun altından çıxmaq çətin olacaq.

Moldovadan gələn futbolçuları dünən Respublika stadionun yaxınlığındalı ticarət mərkəzində, alış-veriş edərkən gördüm. Xeyli şən və qayğısız görünürdülər. Sözsüz ki, bu əhval-ruhiyyənin yaranmasında Tiraspoldakı oyunda qeydə alınan hesabın verdiyi arxayınçılıq böyük rol oynayır. Qonaqlar özlərindən əmin görünürlər. Bundan da yararlanmaq, onları cəzalandırmaq lazımdı.

Bu axşam azarkeşlərin də üzərinə böyük yük düşür. Biz "Şerif”dən qat-qat güclü və səviyyəli komandaları Bakıdan məğlub yola salmışıq. Cəmi bir 90 dəqiqəni dözmək və "Qarabağ”a ehtiyac duyduğu dəstəyi vermək lazımdı. Doğma meydanda "köhlən atlar”ın gücünə güc qatmalı, stadionu "Şerif” üçün cəhənnəmə çevirməliyik. Hər birimizin "Qarabağ”a bir vəfa, bir dəstək borcu var. Bunu unutmayın.

"Qarabağ” isə savaşacaq, döyüşəcək və hamımızı sevindirəcək. Haydı, can "Qarabağ”, Azərbaycan üçün cəmi bir qələbə!

Amal ABUŞOV
 
 
 

Xəbər lenti