“Azərbaycanda futbol ölüb” – Aqil Abbas

“Azərbaycanda futbol ölüb” – Aqil Abbas

Təxminən bir aydan sonra klublarımız avrokuboklarda mübarizəyə başlayacaq. Lakin bu dəfə təmsilçilərimiz üçün vəziyyətin daha çətin olacağını güman etmək çətin deyil. Martın ortasından rəsmi oyun keçirməyən klublar pandemiya səbəbindən yoxlama görüşlərindən də məhrum olublar.
 
Ölkədə sərt karantin rejiminin müddətinin növbəti dəfə uzadılması, qarşılaşmaların keçirilməsinə icazə verilməməsi, başqa cür ifadə etsək, futbolun planlara daxil edilməməsi, düşünülməməsi futbol ictimaiyyətini narahat edən əsas məsələdi. Hər halda, hər kəs yaxşı başa düşür ki, ölkədə futbolun bərpası ilə bağlı ciddi addımlar atılmasa, həm klubların avrokuboklarda, həm də yığmanın Millətlər Liqasında uğursuzluğu qaçılmaz olacaq.
Futbolumuzdakı son durum, çıxış yolları barədə millət vəkili Aqil Abbasla danışdıq. "Qarabağ”ın qatı fanatı olan Aqil bəy, demək olar ki, gələcəklə bağlı nikbin heç nə demədi.

- Uzun müddət sonra ölkədəki ilk və hələ ki son idman tədbiri "Qarabağ”ın çempionluq mərasimi oldu ki, o da müzakirələrə səbəb oldu.
- Heç bir müzakirəyə səbəb olmalı deyildi. Oynadılar, çempion oldular, bütün qaydalara riayət edib, çempionluq kubokunu qaldırdılar. Nə etməliydilər? Kuboklarını almalı idilər, onu da bu cür aldılar. Koronavirus var deyə, titullarını saxlayıb gələn il ala bilməzdilər.

- Bu gün sərt karantin rejiminin uzadılması ilə bağlı qərar verildi. Futboldakı qeyri-müəyyənlik davam edir. Bunun sonu necə olacaq?
- Azərbaycanda futbol öldü, qızım. Belə vəziyyətdə bunu əminliklə demək olar. Onsuz da çempionatın dayandırılması ilə bağlı qərar buna şərait yaratmışdı. O qərarı kim verdi, niyə verdi, bilmirəm. İdman elə şeydi ki, bir müddət ara verdinsə, məhv olub gedir. Bu futbolçuların əvvəlki formaya qayıtması üçün ən azı 2-3 ay vaxt lazımdı.

- Gələn ay klublarımızın avrokuboklarda mübarizəsi başlayır. Hazırda futbol ictimaiyyətini ən çox narahat edən məsələlərdən biri də budu...
- Bütün ölkələrdə futbol bərpa olunub, qonşu ölkələrin çempionatında oyunlar keçirilir. Daha pis vəziyyətdə olan ölkələrdə liqalar oynanılır. Bizdə də çempionatı dayandırmaqla bağlı qərar verdilər. İndi o futbolçuların vəziyyətini siz düşünün. Hansısa futbolçu bir ay məşq etməsə, məndən fərqi olmayacaq. Futbolçular meydana çıxıb nə edəcək? Necə hazırlaşacaqlar? "Qarabağ” da Çempionlar Liqasında mübarizə aparacaq.

- Bir millət vəkili olaraq çıxış yolu kimi nə təklif edərdiz?
- Bunun bir yolu var. AFFA Operativ Qərargaha müraciət etməlidi. Ən azı məşqlərin keçirilməsinə şərait yaradılmalıdı. Bütün qaydalar gözlənilməklə məşqlər keçirilə bilər. Onsuz da futbolçular stadionda sosial məsafə saxlayaraq məşq etsələr, 30-40 metr məsafə olacaq. Bunu təşkil etmək olar. Avrokuboklara gedəcək komandaları düşünərək, bunu etmək mümkündü. Yenə deyirəm, Operativ Qərargaha müraciət edilməlidi.

- Mövcud durumu nəzərə alsaq, avrokuboklarda çıxış edəcək dörd komandadan nə gözləmək olar?
- Vəziyyət bu cür davam etsə, heç nə. Hətta "Qarabağ”dan da nəsə gözləmirəm. Bu qədər müddət məşq etməyən futbolçu meydanda mənim kimi olacaq da. Məşq etməsələr, oyun keçirməsələr, gedib böyük hesabla məğlub olacaqlar. Qarşıda milli komandanın Millətlər Liqasında oyunu var, onu da düşünmək lazımdı. Necə edəcəklər, futbolçular hansı səviyyədə olacaq? Onsuz da Azərbaycanda futbolun səviyyəsi bəlli idi. Futbol əldən getdi ölkədə. Gözləməliyik ki, canımız nə vaxt bu pandemiyadan qurtulacaq. İstənilən halda, Azərbaycanda futbol 2-3 il özünə gələ bilməyəcək.

Mənbə: "Futbol+” qəzeti

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR