Azərbaycanda olan məşqçi ömürlük cəzalandırıla bilər

Azərbaycanda olan məşqçi ömürlük cəzalandırıla bilər

Hazırda Azərbaycanda olan və koronavirus pandemiyası səbəbindən sərhədlər bağlandığı üçün ölkəsinə gedə bilməyən ağırlıqqaldırma üzrə Tunis komandasının məşqçisi Xalid Korani idmandan ömürlük uzaqlaşdırıla bilər. 

Sport7.az xəbər verir ki, Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (IWF) misirli mütəxəssisi antidopinq qaydalarını pozduğu üçün işindən müvəqqəti məhrum edib. Yetkinlik yaşına çatmayan idmançıların manipulyasında iştirakı sübuta yetirilsə, o, idmandan ömürlük kənarlaşdırılacaq. 

Koraninin rəhbərliyi altında Misir komandasında 2016-cı il gənclər arasında Afrika çempionatındakı təlim düşərgəsində olan yeddi idmançıda qadağan edilmiş metandienon maddəsi aşkar edilib. Onlardan 2-si 14 yaşlı qız, digər 5-i isə 18 yaşdan kiçik olub. Bütün idmançılar ötən ilin sentyabrında cəzalandırılıb. 

Məsələ ilə bağlı açıqlama verən məşqçi indi nə deyəcəyini bilmədiyini söyləyib: "Vəkilimlə məsləhətləşəcəyəm və bu mövzuda mövqeyimi müdafiə etməyi təklif edəcəyəm".

IWF-in qərarına əsasən misirli mütəxəssis qadağan olunmuş maddələrdən istifadə edən idmançılara kömək etdiyi və töhfə verdiyi üçün Antidopinq kodunun 2.8 və 2.9 maddələrini pozub. Buna uyğun olaraq Korani ən azı 4 il müddətinə cəzalandırılmalıdır. 

Korani hazırda 4 idmançı ilə birlikdə Azərbaycandadır. Azərbaycan Ağır Atletika Federasiyasının mətbuat katibi Kənan Məstəliyevin "Report"a verdiyi məlumata görə, misirli mütəxəssis və yetirmələri koronavirus pandemiyasından əvvəl Bakıya təlim-məşq toplanışına gəlib. Lakin sərhədlər bağlandığı üçün onlar ölkəni tərk edə bilməyiblər. 

Daha əvvəl Misir Ağırlıqqaldırma Federasiyası iki illik cəzalandırılıb və Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirakdan məhrum edilib. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR