Azərbaycanın yeniyetmə cüdoçusu olimpiya çempionu oldu

Azərbaycanın yeniyetmə cüdoçusu olimpiya çempionu oldu
Azərbaycan cüdoçusu Vüqar Talıbov Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarının qalibi olub.

Sport7.az xəbər verir ki, 66 kq çəki dərəcəsində çıxış edən 15 yaşlı idmançı finalda rusiyalı Abrek Naquçevi 2 dəqiqə 3 saniyəyə ipponla məğlub edib. Bununla da Talıbov Buenos-Ayres olimpiadasında ilk qızıl medalın sahibi olub. O həm də yeniyetmələr arasında olimpiya çempionu olan ilk cüdoçu kimi tarixə düşüb. Daha əvvəl 2014-cü il Nankin olimpiadasında Leyla  Əliyeva (44 kq) və Natiq Qurbanlı (55 kq) gümüş medal əldə etmişdilər.

***20:19

Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında Azərbaycan milli komandası ilk medalını təmin edib.

Sport7.az xəbər verir ki, həmin medalı cüdoçu Vüqar Talıbov 66 kq çəki dərəcəsində finala yüksəlməklə əldə edib.

On beş yaşlı idmançı ilk görüşündə yəmənli Əhəd əl-Sağırı, 1/4 finalda tacikistanlı Camşed Süleymonini, yarımfinalda isə dominikanlı Antonio Tornalı üstələyib. Finalda onun rəqibi rusiyalı Abrek Naquçev olacaq. Bu görüşün nəticəsindən asılı olmayaraq, Talıbov ən azı gümüş medalı özünə təmin edib.

Azərbaycanın qadın cüdoçusu Vüsalə Kərimova isə 7-ci yeri tutub. 44 kq çəkidə yer alan Kərimova ilk görüşündə bolqarıstanlı Aleksa Georgiyevaya 22 saniyəyə ipponla qalib gəlsə də, 1/4 finalda xorvatiyalı Viktoriya Pulyiçə uduzub. O, bürünc medal uğrunda ilk təsəlliverici görüşdə butanlı Yanqçen Vanqmonu 28 saniyəyə ipponla üstələyib. Lakin növbəti qarşılaşmada yeniyetmə cüdoçunun qarşısını kosovolu Erza Muminoviç kəsib.

Qeyd edək ki, olimpiadada Azərbaycanı ümumilikdə 17 idmançı təmsil edir.
 
Sport7.az

Xəbər lenti