Azərbaycanlı azarkeşlər "Real"ın kinosunda - MÜSAHİBƏ

Azərbaycanlı azarkeşlər
Dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da Avropanın top-klublarının çoxsaylı azarkeşləri var. Onları da qınamaq olmur. Ölkəmizdə futbolun aşağı səviyyədə olması insanları futbolu daha gözəl nümayiş etdirən əcnəbilərə meyilləndirir. 

Bu yaxınlarda Bakıda Avropa klublarının rəsmi fan-klubları olduğu haqda məlumat öyrəndim. Qərara aldım ki, bu fan-klubların azarkeşlərinə də saytımızda tribuna verək. 

İlk müsahibim "Real"ın Azərbaycanda fəaliyyət göstərən "Real Madrid Peña Baku" fan-klubunun rəsmisi Alik Qaragözovdur. 

- Sizi daha yaxından tanıyaq...
- Alik Qaragözov. 30 yaşım var. 1998-ci ildən İspaniyanın "Real" (Madrid) klubuna azarkeşlik edirəm. Bu kluba və ümumiyətlə futbola sevgimi Raul Qonzales yaradıb. Azərbaycanda "Real"ın rəsmi fan-klubun yaradıcılarından biriyəm və hazırda ictimayi əlaqələr üzrə işləri aparıram. 

- Bu fan-klub Azərbaycanda neçənci ildən fəaliyyət göstərir?
- 2007-ci ildən başlayaraq biz "Real" azarkeşləri oyunları bir araya toplanaraq izləməyə başladıq. O zaman sayımız 10-15 nəfər idi. 2009-cu ildə fan-klub Pərviz Nəcəfovun köməyi ilə Madriddə qeydiyyatdan keçdi və biz "Real Madrid Peña Baku" adı ilə rəsmi status aldıq. 2011-ci ildə iki "Real" azarkeşi Rauf Babayev və Nicat Pirəliyev "facebook"da "Real" (Madrid) səhifəsini yaradıblar. Onlarla tanış olduqdan sonra qərara gəldik ki, fan-klub olaraq işimizə davam edək. Bu gün biz "Real"ın bütün oyunlarını bir yerdə izləyirik. Bir oyuna baxmağa 100-150 nəfər gəlir. Onu qeyd edim ki, 2014-cü və 2018-ci illərdə bizim fan-klubdan çəkilmiş görüntülər "Real"ın rəsmi kinosuna düşüb. 
 


- Klubdan fan-klubuna dəstək varmı? Məsələn, atributlar, formalar barədə. Tutaq ki, azarkeşlərinizdən kimsə Madridə oyuna getmək istəyəndə bilet baxımından, və ya hər hansısa bir köməklik olurmu?
- "Real"ın bütün ev və səfər oyunları üçün bizə xüsusi biletlər ayrılır. Fan-klubun üzvü olan şəxslər bizə müraciət edirlər və biz "Real"a həmin biletləri sifariş veririk. Məsələn, bizim fan-klubun üzvləri bu mövsüm Moskvada keçirilən ÇSKA - "Real" oyununu canlı izləməyə yollanmışdılar. Ötən həftə keçirilən "El Klassiko"ya da üzvlərimizdən yollanan olub. 

- Bütün məsrəfləri gedən şəxs özü ödəyir? Bilet sizə pulsuz verilir?
- Bilet də pul ilə alınır. Fərq ondadır ki, məsələn, "El Klassiko"ya bilet tapmaq mümkün deyil və qara bazarda biletlər çox baha satılır. Biz istənilən vaxt oyunlara bilet tapa bilirik. Rəsmi fan-klub olaraq "Real"ın hansısa oyunçusu Bakıya gələndə, biz onlarla görüşə bilirik. 
 


- Hər halda başqa xarici klubların da Bakıda rəsmi fan-klubu var. Məsələn, "Real"ın oynadığı klubun azarkeşləri ilə bir araya yığılıb oyunu izləmisiniz?
- 2014/2015 mövsümündə Çempionlar Liqasının yarımfinal mərhələsində keçirilən "Real" - "Yuventus" oyununu rəqib azarkeşlərlə birgə izləmişdik. 

- Matçın gedişatında və ya oyundan sonra qalmaqal oldu? 
- Xeyr. Çox möhtəşəm atmosfer yardı. Hər iki fan-klub oyunun gedişində öz mahnılarını ifa edib komandasına dəstək olurdu. 
 


- Fan-klub üzvlərinin öz görüş məkanı var, yoxsa hər dəfə fərqli məkanlarda toplanıb oyunu izləyirsiniz?
- Bu oyundan asılıdır. Böyük oyunlarda daha çox azarkeş toplamaq üçün hər dəfə yer axtarılır. Davamlı getdiyimiz məkanımız hazırda yoxdur. Gələcəkdə planımızda öz məkanımızı açmaq və bütün oyunlara yalnız orada toplaşmaq fikrimiz var. 

- Gələcək üçün başqa hansı planlarınız var?
- Planlarımız çoxdur. Hələlik hamısını açıqlaya bilmərəm. (gülür). Onu deyə bilərəm ki, hazırda fan-klubun saytının açıqlması istiqamətində işlər aparılır. Və bir də fan-klubun atributlarını buraxmağı düşünürük.
 
Röya Kərimli
Sport7.az
 

Xəbər lenti