Azərbaycanlı futbolçu Gürcüstanda nə qədər qazanacaq? -

Azərbaycanlı futbolçu Gürcüstanda nə qədər qazanacaq? - "Ən yüksəködənişli olacaq"

Cari mövsümdə "Səbail”in heyətində yetərincə oyun şansı qazanmayan Vüqar Bəybalayev mövsümün sonunu gözləmədən "dənizçilər”dən ayrılaraq Gürcüstana üz tutdu. Yarımmüdafiəçi qonşu ölkənin güclülər dəstəsində çıxış edən "Telavi” ilə anlaşıb.
 
Onun keçidinə yardımçı olan Erkin İbrahimovla əlaqə saxlayıb, transferin detalları barədə bilgi əldə etdik: "Vaxtilə "Keşlə”də çalışan Ramaz Svanadze ilə yaxın dostam. Hazırda Gürcüstanın U-21-ni çalışdırır. O "Telavi”nin baş məşqçisi Revaz Qotsiridze ilə çox yaxın dostdu. Məni onunla tanış etdi və ona kömək etməyimi istədi. Baş məşqçi yarımmüdafiəyə futbolçu axtardığını söylədi. Sonradan bildim ki, klubun prezidenti Soso Qrişikaşvili, idman direktoru Aleksandr Amisulaşvilidi və hər ikisi vaxtilə Azərbaycanda legioner həyatı yaşayıb. Mən Vüqarı onlara təklif edəndən sonra oturub araşdırıblar, Georgi Adamiya Aftandil Hacıyevə zəng vuraraq, Bəybalayevin necə insan olduğunu öyrənib. Adamiya da onlarla yaxın münasibətdədi. Bundan sonra Vüqarla birillik müqavilə bağlandı.
 
Anlaşmanın maliyyə tərəfi haqda məlumat verə bilməyəcəm. Klub rəhbərləri arasında əldə olunan razılığa əsasən şərtlər barədə açıqlama verilməyəcək. Yalnız onu deyə bilərəm ki, futbolçu "Səbail”də aldığı məvacibdən çox əməkhaqqı alacaq. Belə başa düşdüm ki, o komandanın ən yüksəködənişli oyunçusu olacaq. Çempionat martda başlayıb. Fikrimcə, Vüqar qonşu ölkədə özünü yaxşı tərəfdən göstərə biləcək. Klub rəhbərliyi də bizim pemyer-liqanı izləyir, maraqlanır. Bəybalayevlə yanaşı, daha iki-üç oyunçumuzu da izləyirlər. Onlar haqda da qarşı tərəfə məlumat ötürmüşəm”.

Əvvəllər gürcü futbolçular Azərbycana üz tuturdular, bizim klubların şərəfini qoruyurdular. İndi isə əksinə, bizimkilər qonşu ölkəyə yollanırlar. Son bir ayda Vüqar artıq ikinci oyunçudu ki, "Qırmızı körpü”nün o biri tərəfinə keçir. Xatırladaq ki, ondan əvvəl İbrahim Qədirzadə "Samtredia” ilə müqavilə bağlayıb. Erkin bəylə söhbətdə bu məqama da toxunduq: "Nəinki Gürcüstana, Albaniyaya, Şimali Makedoniyaya da yollananlar var. 2015-ci ildə baş verən devalvasiyadan sonra doğrudan da reallıq dəyişib.
 
Açığı, bu özümə də qəribə gəlir ki, vaxt var idi gürcü futbolçuları Azərbaycana gətirirdim, indi əks marşruta üstünlük verənlər var. Məsələn, vaxt var idi Latviyaya oyunçu aparanda deyirdilər ki, bizimkilər ora niyə gedirlər? Ancaq zaman göstərir ki, orda da inkişaf var, yığması Türkiyə ilə 3:3 oynayır. Ora tez-tez gedib gəldiyimdən hələ 3-4 il əvvəl demişdim ki, bu gedişlə klub səviyyəsində Latviyada inkişaf olacaq. İstər Gürcüstanda, istər Baltikyanı respublikada klub futbolu dirçəlir. Futbol davamlı dəyişir. 10 il öncə Lüksemburq kimi ölkənin millisi ilə qarşılaşanda düşünürdük ki, 3-4 top fərqi ilə asan qələbə qazanacağıq. Amma indi fikirləşirik ki, 2 oyunda onlardan 2 xal götürə bilsək, böyük işdi. Reallıq budu. Dəyişməyən yalnız bizim mentallığımızdı”.
 
Mənbə: "Futbol+" qəzeti

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR