Azərbaycanlı futbolçu Ukraynaya getmədi:

Azərbaycanlı futbolçu Ukraynaya getmədi: "Təhlükəsizlik üçün belə qərar verildi"

Bir neçə gün öncə "Kəpəz"in 17 yaşlı futbolçusu Cavid Qurbanova Ukraynadan rəsmi təklif gəldiyini bildirmişdik. Sözügedən ölkənin təmsilçisi "Rux"un prezidenti adından göndərilən rəsmi məktubda gənc futbolçu klubun bazasına dəvət edilmiş, 2 həftəlik baxışda olacağı müddətdə ona hər cür şərait yaradılacağı bildirilmişdi. Cavidə yanvarın 15-dən etibarən Ukrayna klubunun bazasına yollanmaq təklif olunmuşdu. Təbii ki, bu dəvət gənc və perspektiv vəd edən bir qapıçı üçün yaxşı şans idi. Üstəlik, AFFA bilet məsələsini də öz üzərinə götürmüşdü və futbolçudan cavab gözlənilirdi. Ancaq bütün bunlara baxmayaraq, futbolçu Ukraynaya getmədi. Məsələ ilə bağlı futbolçunun meneceri Emil Şükürovla əlaqə saxladıq.

Emil bəy Sport7.az-a açıqlamasında bunları söylədi: "İndiki durumda uşağın Ukraynaya getməməsi məsləhət görüldü. Atası ilə danışdıq, bu şəkildə ümumi qərar qəbul etdik. Təhlükəsizlik məsələlərinə görə, indiki durumda atası uşağın Ukraynaya getməsinə razı olmadı. Klub ona hərtərəfli dəstək verir, AFFA-da səfərini təşkil edirdi. Atası ilə xeyli danışdıq, bildirdi ki, təhlükəsizlik məsələləri ilə bağlı Cavidi Ukraynaya göndərmək istəmir. Razılaşdıq, bildirim ki, qərar onlarındı. Hər halda onu məcbur edə bilmərəm ki, uşağını Ukraynaya göndərsin. Halbuki hərtərəfli razılıq alınmışdı. Hətta AFFA-dan səfəri hansı səviyyədə təşkil etməsi ilə bağlı da soruşmuşdular. Yəni lazım olacağı təqdirdə, Ukraynada qalmaq və sair üçün şərait də yaradılmasını təklif etmişdilər. Ancaq bildirmişdik ki, orada bizə hər cür şərait yaradacaqlar. Mənim mövqeyim bu idi ki, getməsi daha yaxşı olardı, 2 həftə ərzində baxışdan keçəcəkdi. Yeni məşqlər görəcəkdi və bu da onun gələcəyi üçün yaxşı idi. Üstəlik "Rux" Premyer Liqaya yüksəlmək üçün ən real namizəddi. Bundan əlavə ora xeyli skautlar gəlir, oyunçulara baxır. Müasir infrastrukturla, baza ilə təmin olunmuş klubdu. Ancaq hazırda elə bir vəziyyət yaranıb ki.. Ukrayna təyyarəsinin İran səmasında vurulması hadisəsi oldu. Ona görə də təhlükəsizlik üçün belə qərar verildi.
Həmin klubla danışdıq. Dedilər ki, gözləyərik, yayda baxışa dəvət edərik. Bundan əlavə, başqa yerlərdən də təkliflər var. Cavid "Kəpəz"in əsas heyətinə dəvət alsa, heç mövsümün sonuna qədər xaricə getməyin tərəfdarı olmaram. 17 yaşlı qapıçının Birinci Divizionda oynaması əslində, çox gözəl hal olar. Digər tərəfdən Polşadan və pribaltika ölkələrindən təkliflər var. Sadəcə, müəyyən şərtər mövcuddu ki, danışıb, ən yaxşı variantı seçməyə çalışcağıq. Hazırda onun digər meneceri Ramil Adıgözəlov da Bakıdadı. 
İndi Qurbanovun davamlı şəkildə məşq etməsi və oynaması lazımdı. Ehtiyat oyunçular skamyasında oturacaqsa təbii ki, bu qaneedici olmayacaq. Özünü göstərib, məşqçi tərəfindən gələcək "1 nömrə" kimi qiymətləndirilərsə bu başqa. Amma inkişafına imkan yaradılmasa... Onun hələ 17 yaşı var, praktika yığması vacibdi. Birinci diviziona, 19 yaşlılardan ibarət komandaya dəvət edilməsi mütləqdi. Belə imkan olsa, yaxın gələcəkdə yeni bir ulduzu Azərbaycan futboluna bəxş edə bilərik. Təbii ki, başqa təkliflər olsa oturub fikirləşərik. Ancaq hazırda onun "Kəpəz"lə birlikdə Birinci Divizionda oynamasına çalışırıq. Bu onun gələcəyi üçün yaxşı olar. Yenə də bu özündən asılıdı. Oyunu ilə məşqçilərin rəğbətini qazanarsa, göz doldurarsa oynayacaq. Əks halda məcbur etmək olmaz. İndi Azərbaycanda gənc futbolçulara az etimad göstərirlər. Buna baxmayaraq "Kəpəz"in U-17 komandasından əsas heyətə bir neçə futbolçu dəvət olunub. Oyunlarını izləmişəm. Həqiqətən orada istedadlı uşaqlar var. Birinci Divizionda şans verilərsə gələcəkdə Premyer Liqa səviyyəsində oynaya bilərlər. Hətta onlardan bir neçəsi mənim və Ramilin diqqətindədi. İzləməyə davam edirik. Onları da Cavid kimi ölkə xaricinə çıxarmağa çalışacağıq".

Səbuhi Nərimanoğlu

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR