"Azərbaycanlı olmayandan sonra nəticə nəyə lazımdı?" - Ağatahir Əzimov

Sabiq futzalçı, yığmamızın üzvü Ağatahir Əzimov AÇ-2018-dəki uğursuzluqlara münasibətini bildirib.

Veteran oyunçu Sport7.az-a müsahibəsində fikirlərini bölüşüb.

- AÇ-yə yollanmamışdan öncə yığmamızdan nə gözləyirdiz?

- Bundan artıq nəticə gözləmirdim. Qrup mərhələsindən 1/4-ə çıxıblarsa normaldı. Komandamızın bundan daha artıq nəsə etməyə gücü çatmır.

- Heyətdə kifayət qədər braziliyalı ola-ola belə zəif nəticənin səbəbi nədi?

- Razıyam, legionerlər var. Amma rus demişkən keyfiyyət lazımdı, kəmiyyət deyil. Qazaxıstan yığmasında da braziliyalılar var də. Onlar necə oynayır? İki hissə əvəzlənmədən oynayır və görün nə qədər xeyir verir. Bizdə çoxdular, amma o səviyyədə deyillər. Komandamız normaldı. Amma bu gün Portuqaliya, İspaniya çox güclüdülər. Fransanı məğlub etmişiksə bu da bir nəticədi.

- Çempionatdan əvvəl yığmamızın qarşısına minimum finala qədər getmək məqsədi qoyulmuşdu. Belə potensialımız var?

- Xeyr, onlar çox şey düşünə bilərlər. Biz də istəyirik ki, yığma yaxşı yer tutsun, Azərbaycanın himni çalışnsın, bayrağımız yüksəlsin. Ürəyimizdə deyirik ki, hamısı braziliyalıdı. Amma Azərbaycanın adından çıxış etdikləri üçün dəstək veririk. Daha neyləyək? Amma real baxmaq lazımdı ki, bizim o yeri tutmağa gücümüz yoxdu.

- Ümumiyyətlə çatışmazlıqlar nədən ibarətdi?

- Bizimkilər yüksək deyil, orta səviyyəli legionerlərdi. Ona görə də bizdən güclüdülər və qələbə qazanmalıdılar. 

- Baş məşqçinin işini necə qiymətləndirirsiz?

- Bilirsiz, komandanı hazırlayır. Amma azərbaycanlılarla işləmirlər. Üstünlüyü legionerlərə verirlər. Mənim istəyim odu ki, azərbaycanllarla çalışsınlar. Demirəm ki, bütün legionerləri qovsunlar. Artıq azərbaycanlılar elə günə qalıb ki, legionerlərin hamsısın qovsan heç nə olmayacaq. Bütün oyunlarda uduzacağıq. Əvvəl isə yerli futzalçılarımız vardı. Alesion yeni gələndə, azərbaycanlılarla işləyərdi gərək. Yanında da bir-iki legioner gətirərdi. Bu olmadı, Azərbaycan futzalını, azərbaycanlıları etdilər sıfır. bu gün azərbaycanlılar yoxdu. Ona görə də bu gün hələ də Vitali ilə Rizvan oynayır. Gənclərin arxası gəlmədi, yoxdu. 

- Sizcə yerli futzalçılar, futzalımız niyə inkişaf etmir?

- Çünki məktəblərimiz yoxdu. Fikir verin, ruslar məktəblərdə belə mini futbol dərsi keçirlər. Rusiyanın hazırkı yığması ləğv olunsa və gənclərdən qurulmuş komanda gəlsə, yenə də ən azı yarımfinala çıxacaqlar. Çünki onlarda sistem var, yetişdirirlər. Biz kimi yetişdiririk? 2-3 gənc futbolçumuz var, Ramizdi, İsadı, Xətaidi, onlar da indi "dağıtmalıdılar". Amma şans verilmir, oturub ancaq əl çalırlar.

- Ümumiyyətlə həmin gənclər yığma səviyyəsində bundan daha yaxşı oynaya bilərlər?

- Əlbəttə ki, oynaya bilərlər. Onlara şans vermək, yoldaşlıq görüşlərinə, turnirlərə aparmaq lazımdı. Gedirik İranda keçirilən turnirə, orda ancaq braziliyalılar oynayır, bizimkilər isə yenə oturub əl çalırlar. braziliyalı isə artıracaq. Edu Azərbaycana gələndə "Neftçi"də oynayırdı. 3-4 braziliyalı vardı, aralarında ən zəifi Edu idi. Ancaq ona o qədər şans verdilər ki, Edu "artırdı". İndi özünü elə aparır ki, sanki Azərbaycanda bundan yoxdu. Çünki şans verdilər, o da gücünü artırdı. Bizimkilərə də şans versələr, inkişaf edər. 

- Kütləvi legionerləşmənin bizə faydası nədi?

- Bu gün hansısa nəticə əldə etmək istəyiriksə, braziliyalıları gətirək, iki gündənbir hamısını "vətəndaş" edib oynadaq. Gələcəyimizi fikirləşmək istəyiriksə, uşaqlar yetişdirmək üçün məktəblər yaratmalıyıq. Biz ancaq bu günü fikirləşirik ki, nəticə verək. Nə nəticə? Azərbaycanlı olmayandan sonra nəticə nəyə lazımdı? Gələcəyi fikirləşməliyik. Demirəm ki, Alesionu çıxarmaq lazımdı. Güclü məşqçidi, azərbaycanlılarla işləsin. Həmin Qazaxıstanın futbolçuları gəlirdi Azərbaycana, mən də onlara qarşı oynamışam, udub yola salırdıq. Həmin futbolçular görün Avropada bu gün ispanlara qarşı hansı səviyyədə futbol göstərirlər. Çünki şans qazanıb "artırırlar". Onların da heyətində legioner var, amma azdı. Bizdə də belə olmalıdı. Ancaq bizdə braziliyalılar oynayır. 

- Çıxış yolu kimi nə təklif edərdiz?

- Ancaq gəncləri toplayıb, onlarla işləmək. Məktəblər açmaq, balaca uşaqları yetişdirmək. Hə, legioner də lazımdı ki, bizimkilər onların yanında oynayıb öyrənsinlər. Azərbaycanlıları ehtiyat oyunçular skamyasında oturtmaq deyil, oynatmaq lazımdı. Amma yenə Avropa və ya dünya çempionatında çıxış etmək istəsək eyni hallar yaşanacaq. başqa braziliyalıları gətirəcəklər. Onsuz da Azərbaycanda vətəndaşlığı 5 dəqiqəyə verirlər. Dərhal "azərbaycanlı" edib oynadacaqlar. O zaman Azərbaycan futzalından danışmaq lazım deyil. 
Baxın, nə qədər azərbaycanlı futzalçılarımız neçə il əziyyət çəkiblər. Amma heç biri futzalda işləmir. Biri Rusiyada, digəri Amerikada, Kanadada yaşayır. Çünki iş yoxdu. Biri SOCAR-da mühafizəçi, o biri kanalizator işləyir. Belə şey olar? Axı biz yığmada neçə illər əziyyət çəkmişik, oynamışıq. Demirik ki, gətir bizi baş məşqçi qoy. Heç olmasa iş versinlər də. Futzal Federasiyasında 4 nəfər işləyir - prezident, vitse-prezident, mətbuat katibi bir də Xosrov deyilən şəxs. 4 nəfərdən ibarət Futzal  Federasiyası olar? Rusiyaya, Qazaxıstana baxın, görün Futzal Federasiyasında nə qədər adam çalışır. Mən hələ Avropadan danışmıram. Aşağı liqalarda oynayanlara yüksək dəstəyə çıxmaq lazım deyil. Heç özlərinin də həvəsi yoxdu orda oynamağa. Sadəcə, gedib məhlədə stadiona gündə 50 manat verib oynamaqdansa, 200 manat üzvlük haqqı ödəyib ilboyu oynayırlar də.  Ayrı-ayrı rəqiblərlə qarşılaşırlar, öz kefləri üçün oynayıb çıxıb gedirlər. İnkişaf belə olmaz axı. Birinci liqa komandaları yüksək dəstəyə, ikinci liqa təmsilçiləri birinci liqaya çıxmaq üçün özlərini "öldürməlidi". Bizdə isə belə şey yoxdu. Oynamaq istəyirsən? Pulun, sponsorun varsa buyur. Belə olmaz axı. Çempionatın səviyyəsi zəifdi. Bu il heç olmasa bir balaca rəqabət var. Amma əvvəlki çempionatlar nə gündə idi? Hələ ölkə birinciliyi başlamamış hamı bilirdi ki, "Araz" çempiondu. "Nefçi" ilə "Ekol" da ikinci-üçüncü yer üçün vuruşacaq. Qalanlarını sayan yox idi. Sanki komanda deyildilər. Bu il heç olmasa "Marafon", "İtaldizayn" var, rəqabət yaranıb. Amma yenə də bilirlər ki, "Araz" çempion olacaq. Federasiya düzgün işləməlidi. Onlar bu gün istəyirlər ki, "Araz" çempion olsun. Çünki yığmanın 90 faizi "Araz"ın futbolçularından ibarətdi. Bir komandamız var də. Belə olmur axı.

- Portuqaliya ilə oyunda Futzal Federasiyasının prezidenti Zaur Axundov meydana çıxıb dava saldı. Buna münasibətiniz necədi?

- Hamısını gördüm, amma nəyə görə mübahisə yarandığını deyə bilmərəm.

- Ümumiyyətlə federasiya prezidentinin belə hərəkətlərə yol verməsi nə dərəcədə düzgündü?

- Əlbəttə ki, düzgün deyil. Amma oyundu, yəqin ki, böyük hesablı məğlubiyyətə görə əsəbilərini saxlaya bilməyib. Ona nə dediklərini də bilmirəm.

Xəbər lenti