"Bağçadakı uşaqlar Messi və ya Ronaldu yox, Pukki olmağın xəyalını qururlar" - Premyer Liqanın yeni fenomeninin həyat yolu

Teemu Pukki finlandiyalı futbol azarkeşlərini "Sauthempton" - "Liverpul" matçını izləmək üçün 6 saat gözləməyə vadar edib. Finlandiyada Premyer Liqanın yayım hüququna malik olan telekanalın həftəlik bir matçı canlı vermək haqqı var. O da şənbə günləri 18:00 seansına (bizim vaxtla) aiddi. Kanal rəhbərliyinin planında "Liverpul"un oyunu var imiş. Lakin sonda tələbat qarşısında məcbur qalıb, "Norviç" - "Nyukasl" matçına üstünlük veriblər. Pukki də het-trik edərək onlara qərarlarının doğru olduğunu göstərib. "Liverpul"? "Qırmızılar"ın "Sauthempton"la oyununun videoyazısı 6 saat sonra göstərilib.

Ölkənin hər yerində gündəm Pukkidi. Jurnallar ondan yazır, radioda ondan danışılır... Əvvəllər küçədə futbol oynayan uşaqlar bir gün Lionel Messi və ya Kriştianu Ronaldu olmağın xəyalını qururdularsa, artıq Pukki olmaq istəyirlər.

Pukkinin dünyaya gəldiyi Kotka şəhərinin 50 minə yaxın əhalisi var. Bura liman bölgəsidi və əhalinin əksəriyyəti balıqçılıqla məşğuldu. Ölkənin iki dənizçilik məktəbindən biri Kotkada yerləşir. Burada qayıqların sayı, demək olar ki, evlərin sayını üstələyir. Kotkanı Finlandiyanın digər şəhərlərindən fərqləndirən detal insanların futbola olan sevgisidi. Sadəcə basketbol bu mənada futbola yaxın düşə bilir.
 


Kotkalıların əksəriyyətinin sevimli klubu yerli KTP-di. Komanda ev oyunlarını 4 min 700 nəfər azarkeş tutumuna malik, Finlandiya futbolunun əfsanələrindən sayılan Arto Tolsanın adını daşıyan stadionda keçirir. Təxminən 20 il Pukkinin anası Teyya stadionda kluba məxsus atributların satıldığı mağazanı işlədib.

Pukki "Nyukasl"la oyunda het-trik etdikdən sonra, Kotkanı parlamentdə təmsil edən deputat KTP-nin qışda istifadə etdiyi qapalı meydançanın Teemunun şərəfinə adlandırılmasını təklif edib. Rəsmi prosedurların təxminən 6 aya tamamlanması gözlənilir. Sonra sözügedən meydança Pukkinin adını daşıyacaq.

Pukkinin idman potensialı erkən yaşlardan etibarən üzə çıxıb. Finlandiya basketbolunun "Şöhrətlər Zalı"nın üzvlərindən Risto Piipari Teemunun oxuduğu məktəbin direktoru olub. Məhz onun sayəsində məktəb daxilində innovativ idman akademiyasının təməlləri atılıb. Qısa müddət ərzində akademiyanın uğurları bütün ölkəyə yayılıb. KTP də sonradan akademiya ilə əməkdaşlığa başlayıb. İdman bacarığını müəyyənləşdirmək üçün aparılan testlər nəticəsində hər il 20 şagird klubun düşərgəsinə cəlb olunurmuş. Pukki də nəticəsi ilə ön plan çıxan uşaqlardan biri olub. Hazırda o, akademiyanın "Şöhrətlər Zalı"nın üzvü olan 8 nəfərdən biridi. İlk üzv isə məhz Risto Piiparidi.

Piipari təqaüdə çıxdıqdan sonra direktor postunda onu Puukiyə İsveç dilindən dərs deyən Heydi Honkanen əvəzləyib. Artıq xanım Honkanenə adı ilə xitab edən yoxdu. O, "Teemu Pukkinin dil müəllimi" kimi tanınır.

Erkən yaşlardan oyunu ilə nam salan Pukkinin adı KTP-nin sabiq baş məşqçisi Yanne Hipponen və onun köməkçisi Yari-Pekka Qummerusun qulağına çatıbmış. Məhz bu ikili qış liqasında 15 yaşlı Teemuya debüt şansı verib. İki il ərzində Pukki Finlandiyanın ən yaxşı gənc futbolçusu seçilib və Veykkausliqada fərqlənən ilk 90 təvəllüdlü futbolçu olub. Və təbii ki, Yari Litmanen müqayisələri başlayıb. Ardınca isə Pukki "Sevilya"nın yolunu tutub.

Hipponen: "Onu ilk gördüyüm anı xatırlayıram. Qapalı salonda idik. 12 yaşı var idi. Onun üçün hər şey çox asan görünürdü. Cəld idi, indinin özündə də elə də fərqlənmir. Hərəkətlənməsi, oyunda etdiyi hər şey mənə o günləri xatırladır. Oyunçulara tapşırmışdım ki, Pukkinin bərkiməsi üçün ona qarşı sərt oynasınlar. Mənə dedilər ki, bu, mümkün deyil. Teemu cəld olduğundan, ona müdaxilə etməyə belə, çatdıra bilmirlərmiş".

Hipponen Pukki ilə bağlı sevimli xatirəsindən bəhs edir. 2006-cı il, Veykkausliqanın ilk turu, KTP HİK-lə qarşılaşır. Hesab 1-1-di və son dəqiqələr oynanılır. Yenicə 16 yaşına qədəm qoyan Pukki Niko İkavalkonun əvəzinə meydana daxil olur. Çox keçmədən Teemu cərimə zərbəsi qazanır və komanda yoldaşı, hazırda menecerliklə məşğul olan Turunen KTP-yə qələbə qazandıran qola imza atır. Hipponen əlavə edir: "Norviç"in heyətində "Liverpul"a qarşı oynadığı matça bənzəyirdi. İlk dəfə idi ki, böyük kluba qarşı meydana çıxırdı, amma onun üçün problem deyildi. Əvvəldən buranın onun üçün olduğunu sübuta yetirmişdi".
 


İkavalko da gələcək vəd edən fin forvardlardan biri imiş. O da KTP-nin akademiyasından çıxıb. Sadəcə, dizindən aldığı zədələr karyerasının gedişatını dəyişib. 31 yaşlı futbolçu müəllimlik etməklə yanaşı, "Myupa"da çıxış edir. İkavalko Pukki ilə yaxın dostdu. Şəhərdə sevimli restoranları var. Pukkinin aeroporta pasportsuz getməyi, dostları üçün təyyarə biletlərini lazım olandan bir həftə sonraya sifariş etməsi, "Brondbü"də oynayanda formalarını anasına yuduzdurması.. - bütün hekayələr xatirindədi. Pukki KTP-nin əsas komandasına düşdüyü gündən bəri ikili bir-birini tanıyır:

"Təzəlikcə əsas komandaya düşmüşdüm. Öz yaş qrupunda yaxşı olan bir oğlandan bəhs edirdilər. Komandaya gəldiyi andan söhbətimizin tutacağını hiss etmişdim. O, mehriban biridi. Paltardəyişmə otağında çox danışan adamlardan deyil. Utancaq və sakit idi. Ancaq kimsə nəsə deyəndə gülərdi. Hətta məşqdə onu vursalar, sadəcə "ok" deyib keçərdi və növbəti epizodda qol vurardı. Əvvəldən əsas komandanın oyunçusu olduğu bəlli idi.

Meydanda nə etmək istədiyini anlamaq asan idi. Hara hərəkətləndiyini bilirdim və pası düz ünvanına göndərirdim. Ona tapşırdığınız hər şeyi edirdi. Nə deyirdinsə, əməl edirdi. Topu çaydan götürməyini istəsəniz, onu da edərdi. Zarafat bir kənara, Pukki şikayət etməyi sevmir. Şikayətləndiyini heç görməmişəm - heç".

Pukki 2008-ci ilin yanvarında "Sevilya"ya transfer olur. Transferinə 1 milyon avrodan artıq məbləğ ödənilir. Bu, Veykkausliqa üçün rekord idi. Ancaq 17 yaşlı oğlan gözlənilən "partlayış"ı reallaşdıra bilmir. İspaniyada anası ilə yaşamasına baxmayaraq, onda alınmır. Nəticədə Teemu 2010-cu ilin avqustunda komandadan ayrılır və Finlandiyanın HİK klubuna keçir.

Kotka Pukki üçün başlanğıc idisə, Helsinki dirçəliş şansı idi. 

"Kristal Pelas"ın sabiq yarımmüdafiəçisi, Pukkinin HİK-dəki komanda yoldaşı və Helsinki təmsilçisinin hazırkı idman direktoru Aki Riihilahti: "Tez-tez, demək olar ki, bütün özəllikləri yaxşı olan oyunçulara rast gəlmək mümkün olur. Ancaq Teemunun bir-iki şeyi möhtəşəmdi. Bu detallar onu digərlərindən fərqləndirirdi. Onun hərəkətlərinin zamanlaması çox xüsusi idi. Bəzən top yarımmüdafiəçinin ayağına gəlməmişdən əvvəl Pukki hərəkətə başlayırdı. O, başqa oyunçularının əvəzinə qərarlar qəbul edir. Toplu və ya topsuz, sürətlidi. Sürətinin pikində belə, dəqiqliyə sahibdi".

Pukki rahat biridi. Ətrafında baş verənlərə görə narahat olmaq onluq deyil. Bəlkə də, "Sevilya"da alınmamasının səbəbi elə budu. Amansız rəqabət ona görə deyil. Riihilahti təsdiqləyir:

"Teemunun rəqabətə davamlı biri olduğundan əmin deyiləm. Meydana əylənmək üçün çıxır və üzərində kənarın təzyiqini hiss etməyi sevmir. İndi daha professional yanaşmaya sahib olduğunu görə bilirəm. Normalda gənc yaşlarda qola "ac" olursan. Düşünürəm ki, Teemu indi daha da çox qol vurmaq istəyir.

Bəzən insanlar bir üst səviyyəyə keçəndə, məsələn, deyək ki, Finlandiyanı daha yaxşı bir yerə dəyişəndə geriyə addım atmaqdan çəkinirlər. Ancaq o, oynamaq və meydanda olmaq üçün bunu etdi. Ardınca "Şalke"yə keçərək irəli doğru nəhəng addım atdı. "Seltik"də də yaxşı idi, sadəcə, orada rəqabət güclü idi. Nəticədə, bir də geriyə doğru addım ataraq "Brondbü"yə transfer oldu. Sonra yenidən inkişaf etdi və bu səfər "Norviç"ə keçdi. İndi də Premyer Liqadadı.

Sadəcə statusuna görə hardasa olmaq istəyinə düşürsünüzsə, deməli, problem var. Bu mənada Pukkini bir çox oyunçulara nümunə kimi göstərirəm. Həqiqətən də, onu və yaxın ətrafını təbrik etmək istəyirəm. Çünki "Norviç" onun üçün ideal mühitdi. Orada ona güvəndiklərini, komandanın oyununa ayaq uydurduğunu bilir. Teemunun ehtiyacı olan da budu. Başqa bir yerə keçsəydi, sahib olduğu fantastik bacarığını maksimuma çatdıra biləcəyindən əmin olmazdım".

Antti Muurinenin HİK-dəki ikinci məşqçilik dövrü Pukkinin orada olduğu dönəmə təsadüf edib:

"Teemu 2010-cu ildə gəldi. Onda özünü xoşbəxt hiss etmirdi. "Sevilya"da işlər qaydasında getməmişdi. Ancaq HİK-də inkişaf etmək üçün zamana sahib idi. Utancaq idi, güclü və aqressiv olduğunu deyə bilmərəm. Bəlkə də, o vaxtlar nə istədiyini yaxşı bilmirdi. Ancaq mən onun çox yaxşı, istedadlı və bacarıqlı futbolçu olduğunu bilirdim.

HİK-in ona ən böyük faydası özünə olan güvənini geri qaytarmaq oldu. Yenidən futboldan zövq almağa başladı. Onunla işləmək çox asandı. Puuki ilə qürur duyuram - təkcə futbolçu kimi yox, həm də insan kimi".

Pukkinin 2011-ci ildə Avropa Liqasının təsnifat mərhələsi çərçivəsində "Şalke" ilə oyunda etdikləri başqa səviyyə idi. Həmin performans onun Qelzenkirhenə olan yolunu açdı. Nadir hallarda fin futbolçular ölkəni 1 milyon avrodan artıq məbləğə tərk edir. Pukki bunu ikinci dəfə bacarmışdı.


O, "Şalke"də hələ də populyardı. "Seltik" isə başqa mövzudu. HİK kimi, "Brondbü" də Pukkiyə növbəti dəfə futbolla ciddi şəkildə məşğul olmaq imkanı tanıdı. Yenidən özünü evində hiss etməyə başladı, önəmli olduğunu gördü. Nəticədə, onun "Norviç"ə transferi baş tutdu. Pukki həyat yoldaşı və qızı ilə birlikdə Norviçdə yaşayır. Teemu Kotkadakı doğmalığı burada da hiss edir. Bu da özünü onun oyununda göstərir.

Markku Kanerva (Finlandiya millisinin baş məşqçisi): "Pukki KTP-də debüt edəndə öz-özümə düşündüm: "Görəsən, bu kimdi?" Onun qolçu olduğunu görmək, qolçu düşüncəsinə sahib olduğunu anlamaq üçün çox baş yormağa ehtiyac yox idi. Əksəriyyəti Pukkinin yüksək liqalarda oynayacaq fiziki keyfiyyətlərə malik olub-olmadığı maraqlandırırdı. "Sevilya" ona əsl professional olmaq baxımından çox şey öyrətdi. Sonra HİK-ə qayıtması və özünə olan güvənini yenidən qazanması Teemu üçün yaxşı addım idi.

Əvvəllər Teemu qol fürsətlərini qaçıranda çox məyus olardı, özündən çıxdığı olardı. İndi isə gülümsəyir, çünki bilir ki, növbəti epizodda fərqlənəcək. Bu, onun mental olaraq artırdığını göstərir".

"Finlandiyalı sarı bülbüllər" ("Norviç"in Finlandiyakı fan klubu) azarkeş qrupunun üzvü Tero Vaatainen: "Bu, bitməsini istəmədiyin yuxu kimi bir şeydi. Çox qürurluyam. Pukki əlavə bonusdu. Sayəsində sevimli komandamızda ölkəmiz də təmsil onur. "Norviç"lə müqavilə imzaladığını eşidəndə özümü qəribə hiss etmişdim. İndi Pukki çox yaxşı oynayır".

"Norviç" fin azarkeşlər üçün xüsusi kampaniya keçirir. Klub atributlarının Finlandiyaya çatdırılması üçün əlavə haqq tutulmur.

Finlandiyada nadir hallarda kimisə "istedadlı" adlandırırlar. Bu statusu qazanmaq üçün çox çalışmalısınız. Amma mövzu Pukki olanda "istedadlı" sözünü işlətməkdən çəkinmirlər.

"Pukki parti" ənənəsini ilk dəfə "Brondbü" fanatları ortaya atıblar. Amma artıq Finlandiyanın hər yerində buna rast gəlmək mümkündü. Restorana gedirlər və pivə içə-içə Pukkinin oyunlarına tamaşa edirlər.

Teemu Pukkini izləyərkən özünü dünyanın ən xoşbəxti hiss edən insanları tapmaq üçün mütləq Kotkaya üz tutmalısınız.

İkavalko: "Sanki nağıldı. Onu futbol oynayarkən və həyatdan zövq alarkən izləmək məni də xoşbəxt edir. O, hələ də kotkalı oğlandı. Pukki bizim kimi danışır. Heç dəyişməyib. Hələ də futbolun iş kimi görmədiyini düşünürəm. Futbol - onun sevdiyi bir şeydi. Pukki özü üzərində çalışan, məşq edən, 20 dənə top götürüb, onlarla künclərə zərbə üzərində çalışan biri deyil. 15 yaşı olanda belə, top ona bizimlə oynamaq üçün lazım idi. Dostlar, futbol və ailə - onun üçün həyat bundan ibarətdi. Onsuz da, futboldan başqa heç bir şeyi fikirləşməyən oyunçular haqqında çox hekayə oxumusunuz. Amma onun hekayəsi belə deyil. Bəlkə də, ona görə bu qədər yaxşıdı. O, futbola görə stress keçirmir".

Qummerus əlavə edir: "Məncə, indi aid olduğu yerdə - Premyer Liqadadı. Bəlkə də, gələcəkdə daha böyük bir kluba getmək şansı olacaq. Amma bunu etməyə məcburdu ki? Hər halda, mövzudan yayınmayaq. O, Kotkanın səfiridi. Heç vaxt köklərini unutmur. Nə vaxt bura gəlsə, insanlarla söhbət edir. Həmişə bizə qarşı xoş sözlər işlədir".

Yanne Hipponen: "Əlbəttə ki, onunla qürur duyuram - təkcə futbola görə yox, insanlığına görə, əla ata olduğuna görə... Pukkiyə hörmətim böyükdü. Hələ də 15 il əvvəlki adamdı. Çox təvazökardı. Ailənin onun üçün nə qədər böyük önəm kəsb etdiyini görmək xoşdu. Ən böyük dəyişlik fiziki və mental məsələlərlə bağlıdı. Fiziki güclü olanda özünə olan güvənin də artır, nəticədə, qol vurmaq, birə-bir oynamaq asanlaşır. Həmçinin mental dəyişikliklər... Həyat yoldaşı və qızı sayəsində zehni olaraq da yaxşıdı. Şəxsiyyətinə görə Pukkiyə, həqiqətən də, hörmət edirəm".
 


Ümumiyyətlə, Finlandiyada və Norviçdə bu fikirlərlə razılaşmayacaq birini tapmaq çox çətindi.

Nöqtəni isə Riihilahti ilə qoyaq: "Finlandiyada hamı Teemunu tanıyır. Hər kəsin sevgisini qazanan az atlet var. Teemu haqqında pis fikrə sahib olan komanda yoldaşı, jurnalist və ya kənar birini tanımıram. Bir ildən çoxdu ki, davamlı olaraq yüksək səviyyədə oynamağa davam edir və Finlandiya yığmasında, o cümlədən "Norviç"də qollarını sıralayır. Hansısa bir-iki oyunda parlamasından söhbət getmir. Bu, onun stabil səviyyəsidi, xoş təsadüf deyil. Finlandiyada hər kəs onun hekayəsini bilir. Bağçadakı - bu gün oğlumla getmişəm - uşaqlar Messi və ya Ronaldu olmaq istəmirlər. Onlar bir gün Pukki olmağın xəyalını qururlar. Bu, Finlandiya futbolu adına fantastikdi".


OXŞAR XƏBƏRLƏR