Bahodir Nasimov: "Keşlə"yə uyğunlaşa bilmədim

Bahodir Nasimov:
Qış fasiləsində "Keşlə" ilə yollarını ayıraraq "Navbahor"a keçən Bahodir Nasimov interfutbol.uz saytına müsahibə verib.
 
Sport.az həmin müsahibəni təqdim edir:

- Azərbaycan klubu ilə birillik müqaviləniz var idi. Necə oldu ki, "Navbahor"a keçdiniz?

- Səbəb odu ki, "Keşlə"də daim ehtiyatda qalırdım. Son matçlarda isə, ümumiyyətlə, heyətə düşmürdüm. Məni "qaralamışdılar", artıq oyun praktikasından əziyyət çəkirdim. Klub rəhbərliyi ilə görüşərək, ayrılmaq istədiyimi söylədim.

- Oynamamağınızın səbəbi nə idi?

- Son 6 ay ərzində komandada 3 məşqçi dəyişikliyi oldu. Ən böyük problem odu ki, rəhbərlik həmişə baş məşqçinin işinə qarışır. Hətta vəziyyət o həddə çatmışdı ki, klub prezidenti kimi oynatmaq lazım olduğunu məşqçiyə deyirdi. Məni oyunların sonuna 5-10 dəqiqə qalmış meydana buraxır, maksimum bir hissə oynamağa icazə verirdilər. Sonda dözmədim və müqaviləyə xitam verilməsini xahiş etdim.

- Klubun sizə borcu qalıb?

- Xeyr, bura gələndə klub bütün pulu ödədi və müqaviləyə xitam verilməsi ilə bağlı bütün sənədləri aldı.

- Deməli, Azərbaycana növbəti səfəriniz uğursuz alındı, istədiyiniz kimi olmadı...

- Bəli, uğursuz alındı. Sözün düzü, mən də kollektivə uyğunlaşa bilmədim və "Keşlə" düşündüyüm qədər güclü deyildi. Digər tərəfdən, hər bir futbolçu uğursuzluğun səbəbini özündə axtarmalıdı.

- Karyeranızı Azərbaycanda davam etdirmək variantı olmadı?

- Xeyr, başqa klublardan təklif gəlmədi.

- "Navbahor"un heyətində təlim-məşq toplanışında iştirak etdiniz, hətta yoxlama görüşündə qol da vurdunuz. Sizi bura kim dəvət etdi?

- "Navbahor"a baş məşqçinin dəvəti ilə gəldim. Azərbaycanda olarkən Andrey Antanasoviç zəng vurub, komandaya kömək etməyə hazır olub-olmadığımı soruşdu. Fikirləşdim ki, orda ehtiyatda oturmaqdansa, "Navbahor"a kömək edərəm. Qarşıma məqsəd qoydum ki, vurduğum qollarla azarkeşləri sevindirəcəm.
 
Sport7.az

Xəbər lenti