Bakı-2015-in türk elçisi:

Bakı-2015-in türk elçisi: "İlk turda azərbaycanlı rəqibimlə güləşdiyim üçün pis oldum"

Sərbəst güləş üzrə 125 kq çəki dərəcəsində Avropa Oyunlarının qalibi olmuş türkiyəli Taha Akgül fikirlərini bildirib.

Birqat dünya və üçqat Avropa çempionu olmuş Akgül Sport7.az-ın əməkdaşının da verdiyi sualları cavablandırıb.

- Kolleksiyana daha bir yeni medal əlavə etdin. Fikirlərini öyrənək.
- Bunadək 3 dəfə ardıcıl Avropa çempionu olmaqla Türkiyə Respublikası tarixində bir ilkə imza atmışdım. Məndən başqa, ardıcıl 3 dəfə Avropa çempionu olan 2-ci türk sərbəst güləşçi yoxdur. Bu rekordu daha da təkmilləşdirdim. Azərbaycanda Avropa Oyunlarının da qalibi oldum. Bu turnirin mənim üçün önəmi çox böyük idi. Çünki burda güləş əsas idman növüdür. Mən də burda ölkəmizin bayrağını Avropa Oyunlarında güləşin son günündə dalğalandırdım. Rıza Kayaalp da yunan-Roma güləşi üzrə qızıl medal qazanmışdı. Mən də sərbəst güləş üzrə ağır çəkililərdə qalib oldum. Burda azəri qardaşlarımızla İstiqlal marşını oxumaq təbii ki mənim üçün daha önəmli idi. Türkiyədə 2 ölkə bayrağını dalğalandırmaq üçün söz vermişdim. Bunu yerinə yetirdim. Ona görə də çox şadam.

- Dünya, Avropa çempionu və Avropa Oyunlarının qalibi oldunuz. İndi sırada Braziliyada keçiriləcək Olimpiada var...
- Hələ ondan öncə qarşıda bu il Las-Veqasda keçiriləcək dünya çempionatı var. Ordan Olimpiadaya lisenziya almalıyıq. İlk "5-liy"ə düşənlər Olimpiadaya vəsiqə qazanacaq. Təbii ki, Olimpiadada oynamaq önəmli deyil, orda medal qazanmaq daha vacibdir. Bütün medalları qazanmışam, yalnız Olimpiada qalıb. Bu medalların kolleksiyasını Rio-de-Janeyro Olimpiadasında tamamlamaq istəyirəm.

- Siz həm də Bakı-2015-in elçisiniz. Bu necə duyğudur?
- Ötən il böyüklər arasında dünya çempionu olmuşdum. Türkiyə və Azərbaycan Milli Olimpiya Komitələri məsləhətləşərək məni bu vəzifəyə layiq bildilər. Təbii ki, güləşçi olmağım da bunda böyük rol oynadı. Çünki Azərbaycanda güləş daha populyardır. Onlar da bir güləşçiyə bu vəzifəni layiq bildilər, sağolsunlar. Burda foto çəkilişlərdə yer aldım, oyunların tanıdılmasında iştirak etdim. Belə bir turnirdə mənim də əməyim olduğu üçün xoşbəxtəm, qürur hissi duyuram. Azərbaycan alnının təri ilə bu turniri keçirə bildi.

- İlk dəfə belə bir oyunlar keçirilir. Bu haqda nə deyə bilərsiniz?
- İlk dəfə olsa da, çox yaxşı təşkilatçılıq var. İdmançının rahatlığı üçün hər şey düşünülüb. Bütün ölkələrin Azərbaycandan bu məsələdə nümunə götürməsi lazımdır.

- 1/8 finalda Azərbaycanı təmsil edən Camaləddin Məhəmmədova 3-cü dəfə qalib gəldiniz və onu qızıl medal almaq şanslarından məhrum etdiniz. Onunla döşək üzərində erkən qarşılaşdığınıza görə, təəssüfləndinizmi?
- İlk turda onunla düşməyim çox pis oldu. Mən ilk turdaca azərbaycanlı rəqibimlə güləşməyi istəməzdim. O da medal qazandı. Eybi yox, bürünc medal da yaxşıdır. Öz ölkəsində medal almaya da bilərdi. Təbii ki, onunla güləşdiyim üçün pis oldum. Neyləmək olar. Feyr-pley çərçivəsində çempion oldum, o da III oldu. İnşallah, növbəti yarışlarda onunla yenidən qarşılaşacağıq.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR