Bakı daha bir beynəlxalq yarışa ev sahibliyi edəcək

Bakı daha bir beynəlxalq yarışa ev sahibliyi edəcək

Bakı daha bir irimiqyaslı beynəlxalq yarış ərəfəsindədir.
 
Sport7.az xəbər verir ki, Söhbət Milli Olimpiya Komitəsi,Gənclər və İdman Nazirliyi və Azərbaycan Badminton Federasiyasının təşkilatçılığı, Dünya Badminton Federasiyası ilə Avropa Badminton Konfederasiyasının birgə dəstəyi ilə reallaşacaq "Azerbaijan International” turnirindən gedir.
 
Startı iyunun 6-da veriləcək və 9-da başa çatacaq "International Challenge” seriyalı "Azerbaijan International” badminton turnirində dünyanın 39 ölkəsindən 220-ə yaxın idmançı məharətini göstərəcək. Bu, "International Challenge” seriyalı turnirlər üçün rekord deməkdir. Ümumi mükafat fondu 25 min ABŞ dolları təşkil edən yarış üçün məkan olaraq Bakı İdman Sarayı seçilib.
 
Beynəlxalq Badminton Federasiyasınıın təqvim planına daxil olan, 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına reytinq xalları qazandıracaq "Azerbaijan International” turnirində 5 kateqoriya üzrə qalib və mükafatçılar müəyyənləşəcək. "Azerbaijan International” ölkəmizdə təşkil ediləcək ilk böyük badminton turniri olsa da, ona maraq yetərincə yüksəkdir. Bunu sübut edən faktlardan biri iştirakı təsdiqlənmiş badmintonçular arasında Olimpiya mükafatçılarının olmasıdır. Bakı kortlarında fransalı Brays Leverdez, İngiltərə təmsilçiləri Markus Ellis və Kris Lanqricin imkanları daha yüksək qiymətləndirilir və onların adı əsas favoritlər sırasında çəkilir. Amma bu, Azərbaycan paytaxtına gələcəyi təsdiqlənmiş badminton aləmində tanınmış simaların heç də tam siyahısı deyil. Bakı yarışı həmçinin 21-30 iyunda Belarusun paytaxtı Minskdə keçiriləcək 2-ci Avropa Oyunları öncəsi badmintonçular üçün sonuncu ciddi sınaqdır və bu mənada, əhəmiyyəti böyükdür.
 
Yeri gəlmişkən, təşkilatçı kimi, ölkəmiz "Azerbaijan International”da geniş heyətlə təmsil olunacaq – qələbə uğrunda 20 badmintonçumuz mübarizə aparacaq. Görüşləri isə Avropa və Asiyadan olan 16 hakim idarə edəcək. Əsas referilər arasında yerli hakimlərimiz – Fidan və Gülcənnət Hüseynli bacılarının olması isə xüsusi sevindirici haldır.
 
Badminton 4 il əvvəl ölkəmizdə keçirilmiş ilk Avropa Oyunlarının proqramına daxil edilmişdi. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR