“Bakı Futbol Liqası” xeyriyyə aksiyası keçirdi - FOTOLAR

“Bakı Futbol Liqası” xeyriyyə aksiyası keçirdi - FOTOLAR
"Bakı Futbol Liqası” (BFL) Dünya Azərbaycanlılarının Həmrəyliyi və yeni il münasıbəti ilə xeyriyyə tədbiri keçirib.
 
Sport7.az xəbər verir ki, "Vətən Futbol Akademiyası”nın təlim-məşq bazasında baş tutan tədbirin qonaqları valideyn himayəsindən məhrum olmuş "SOS uşaq kəndləri" internat məktəbinin uşaqları olub. 

BFL rəhbərliyi uşaqları Yeni il hədiyyələri ilə sevindirməklə yanaşı tanınmış veteran futbolçularımız  ilə görüşünü də təşkil edib. Balaca qonaqlara yeni il süfrəsi də açılıb. 

Daha sonra BFL-in XI turunun açılış oyununda "AtaBank" və "Kristal RR" komandaları qarşılaşıb. Komandalar meydana "SOS uşaq kəndləri" internat məktəbinin uşaqları ilə birlikdə çıxıb. Topa ilk toxunuşu da uşaqlardan biri edib. 

Fürsətdən istifadə edib Bakı Futbol Liqasının direktoru Natiq Əlixanovla yarış və xeyriyyə tədbiri ilə bağlı danışdıq: "Valideyn himayəsindən məhrum olmuş uşaqları sevindirmək hər birimizin borcudu. Bakı Futbol Liqasının rəhbərliyi belə təşəbbüs irəli sürdü. Fikrimcə, bayram ərəfəsində belə tiədbirlərin keçirilməsi lazımdı. Qarşıdakı bayramlarda da tədbirlərimiz davam edəcək. Bu cür tədbirlərdə bizə dəstək olan media nümayəndələrinə təşəkkür edirik. Məqsədimiz futbola marağı bir az da artırmaqdı. Burda ötənlərin məşhur futbolçularını görürsünüz. Onları demək olar ki, tanımayan yoxdu. Öz dövrlərində adqoymuş futbolçulardı. Bu da futbola başlamaq istəyən, ya da yeni oynamağa başlayanlar üçün stimuldu. Birinci ildə yarışı 10 komanda ilə keçirməyi qərara aldıq. Amma növbəti mövsümlərdə komanda sayı artacaq. Geniş planlarımız var. Bu yarış AFFA-nın bayrağı altında keçirilmir. Müəyyən danışıqlar olub və baş katib Elxan Məmmədov bildirib ki, turnir müntəzəm keçirilsə, AFFA da hansısa mənadə dəstək və köməyini göstərəcək".

Qeyd edək ki, BFL-də "İdman Azərbaycan", "Beerbaşa", "Vətən", "Bakı FK", "Capitan FK", "Armanda FK", "Mr.Mix", "AtaBank", "Kristal RR" və Forever Young" komandaları çıxış edir. Gələn ilin may ayında Rusiyanın paytaxtı Moskvada 8 nəfərlik futbol növündə dünya çempionatı keçiriləcək. BFL-in qalibi turnirdə ölkəmizi təmsil edəcək. Növbəti yarışda isə artıq ölkəmiz Azərbaycan yığması ilə təmsil olunacaq. Bir həftə davam edəcək yarışda təmsilçimizin bütün xərclərini BFL ödəyəcək.

"İdman Azərbaycan" komandasında televiziyada işləyən həmkarlarımız və veteran futbolçular çıxış edir. Ümumiyyətlə "İdman Azərbaycan", "Beerbaşa" və "Vətən"in heyətində futbol ictimaiyyətinə tanış simalar yer alıb. Məsələn, Fizuli və Xaqani Məmmədov qardaşları, İlham Yadullayev, Hüseyn Məhəmmədov, Mehman Yunusov, Ceyhun Sultanov, Xəyal Mustafayev, Əli Abuşov, Namiq Əliyev, Yaşar Abuzərov və başqa veteran futbolçular bu komandaların uğurları üçün çalışır.

 









Sport7.az

Xəbər lenti