Bakıda bədii gimnastika üzrə dünya çempionatı başlayır

Bakıda bədii gimnastika üzrə dünya çempionatı başlayır

Bu gün Bakıda bədii gimnastika üzrə dünya çempionatı start götürəcək.

Sport7.az xəbər verir ki, sentyabrın 22-dək davam edəcək yarışda 61 ölkədən 300-dən çox idmançı mübarizə aparacaq. Sayca, 37-ci mundial Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.

Olimpiadaya 98 vəsiqədən 41-i məhz Milli Gimnastika Arenasında sahibini tapacaq. Çoxnövçülükdə eyni ölkədən ikidən artıq olmamaqla, ilk 16 yeri tutacaq gimnastlar lisenziya qazanacaqlar. Qrup hərəkətlərində isə ilk "beşlik” olimpiadaya vəsiqə əldə edəcək. Ötənilki dünya çempionatında mükafat qazanan Rusiya, İtaliya və Bolqarıstan artıq Tokio-2020-yə düşdüyündən, 6-8-ci yerlər də Oyunlara lisenziya şansı əldə edə biləcəklər.

Azərbaycan millisini dünya çempionatına 9 gimnast təmsil edəcək. Fərdi proqramında Zöhrə Ağamirova, Yelizaveta Luzan, Veronika Hudis və Məryəm Səfərova qüvvəsini sınayacaq. Qrup hərəkətlərində isə Aliyə Paşayeva, Diana Əhmədbəyli, Darya Sorokina, Ayşən Bayramova və Zeynəb Hümmətova mübarizə aparacaqlar.

"Nağıllar gerçəkləşək” ("Fairy Tales will come to life”) şüarı altında təşkil edilən çempionatın ən yadda qalan hissələrindən biri bu gün möhtəşəm açılış mərasimi olacaq. Təşkilatçılar bu dəfə də rəngarəng, bənzərsiz və izləyənləri nağıllar aləminə səyahətə aparacaq bir şou vəd edirlər. Mərasimdə Şərq motivləri əsasında səhnələşdirilmiş "Şərq nağılı” adlı şou ilə yanaşı, Azərbaycanın məşhur ifaçılarının iştirakı da təsdiq olunub.

Açılış mərasimində digər ölkələrdə də məşhur olan Azərbaycanın xalq artisti, hit mahnıların ifaçısı Emin Ağalarov öz sevilən nəğmələri ilə izləyənləri sevindirəcək. Tanınmış Azərbaycan müğənnisi və bəstəkarı, əməkdar artist Tünzalə Ağayeva isə Azərbaycanın dövlət himnini akapella şəklində ifa edəcək.

Mərasimdə dünya çempionatının ulduz səfiri, əməkdar artist Miri Yusif məhz bu yarış üçün xüsusi yazılmış mahnını səsləndirəcək.

Dünya çempionatının səfiri çoxqat dünya çempionu, Olimpiya Oyunları mükafatçısı, məşhur keçmiş rusiyalı gimnast Yana Batırşina da yarışları tamaşaçılarla birlikdə izləyəcək.

Çempionat zamanı Azərbaycan Gimnastika Federasiyasının rəsmi talismanı "Qur-Qur” da olacaq. Bundan başqa, yarış boyunca tamaşaçıları maraqlı müsabiqələr və əyləncəli anlar gözləyir.

Yarışın biletlərini Milli Gimnastika Arenasının kassasından, 28 Mall və Gənclik Mall alış-veriş mərkəzlərindən, həmçinin onlayn (https://ticketing.mga.az/) almaq mümkündür. Qiymətlər isə 10, 15 və 20 manat təşkil edir.

 

16 sentyabr

12:00 - 13:20. A qrupu, təsnifat mərhələsi. Halqa və top (növbə ilə)

13:35 - 15:00. B qrupu, təsnifat mərhələsi. Halqa və top

16:00 - 17:20. C qrup, təsnifat mərhələsi. Halqa və top

17:35 - 18:50. D qrupu, təsnifat mərhələsi. Halqa və top

19:15 - 20:00. Açılış mərasimi
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR