Bakıda bədii gimnastika üzrə dünya çempionatı davam edir

Bakıda bədii gimnastika üzrə dünya çempionatı davam edir

Bakıda bədii gimnastika üzrə 37-ci dünya çempionatı davam edir.

Sport7.az xəbər verir ki, "Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan çempionatın dördüncü günündə gimnastlar fərdi proqram üzrə gürzlər və lentlə təsnifat mərhələsində güclərini sınayırlar.

Milli komandamızın heyətində Zöhrə Ağamirova, Veronika Qudis və Yelizaveta Luzan xalça üzərinə çıxacaqlar. Hər üc gimnastımızın çıxış edəcəyi A qrupunda Y.Luzan 1-ci, V.Qudis 3-cü, Z.Ağamirova isə 5-ci nömrə altında gürzlərlə proqramlarını təqdim edəcəklər. Təmsilçilərimizin yer aldıqları qrupda 42 gimnast mübarizə aparacaq. Ümumilikdə fərdi proqramda çıxış edən gimnastlar dörd qrup üzrə yarışacaqlar.

Bu gün gürzlər, lentlə və komanda hesabında yarışlarda qaliblər müəyyənləşəcək.

Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına ölkəmiz 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.

Çempionatda fərdi proqramda çoxnövçülük üzrə ilk 16-lıqda yer alan gimnastlar (bir ölkədən maksimum 2 gimnast olmaqla) lisenziya əldə etmiş olacaqlar. Qrup hərəkətləri komandalarına gəldikdə isə, ötən ilin dünya çempionatının nəticələrinə əsasən, Bolqarıstan, Rusiya və İtaliya artıq lisenziyanı təmin ediblər. Çempionatda çoxnövçülük xalları üzrə daha 5 ən yaxşı komanda Olimpiadaya vəsiqə qazanacaq.

Altmış bir ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq.

Çempionatın medalları Beynəlxalq Gimnastika Federasiyasının loqosu formasında hazırlanıb. (AzərTac)
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR