"Bakı"dan ayrılmaq çətin oldu" - Novruz Əzimov

"Bakı"nın sabiq və sadiq məşqçisi Novruz Əzimov növbəti mövsümdən etibarən "Neftçi"nin uğurları üçün çalışacaq. 

Elxan Abdullayevin köməkçisi vəzifəsinə təyin olunan Novruz bəyi "Neftçi"yə bağlayan səbəblər çoxdu. O 1982, 1985-1989 və 1991-1992-ci illərdə "Neftçi”nin heyətində 146 oyun keçirib, 5 qol vurub. Üstəlik Azərbaycan çempionu adını da qazanıb (1992). 

Onun məşqçilik karyerası isə əsasən "Kəpəz”, AZAL və "Bakı” ilə bağlıdı. Xüsusən də "Bakı"nı onun üçün doğma saymaq olar. Çünki bu komandanın baş məşqçisi, məşqçisi və idman direktoru vəzifələrini yerinə yetirib. O cümlədən baş məşqçi kimi Azərbaycan kubokunun qalibi olub (2011/2012).

"Neftçi"yə keçidi ilə bağlı Novruz bəyin fikirlərini öyrəndik. Mütəxəssis Sport7.az-a müsahibəsində bunları söylədi:

- "Neftçi"yə keçidiniz necə baş tutdu?

- Elxan Abdullayevdən təklif gəldi, məni komandaya dəvət etdi. Söhbətləşdik, götür-qoy etdim və razılaşdım.

- "Bakı"dan ayrılmaq çətin oldu?

- Bəli, çətin oldu. Amma həyat davam edir. Arzulayıram ki, "Bakı" əvvəlki günlərinə qayıtsın. Hafiz Məmmədovun böyük zəhmət və maliyyə hesabına ərsəyə gətirdiyi stadion boş qalmasın. Yarışlar keçirilsin, oyunlar olsun. 

- Vaxtilə futbolçu kimi "Neftçi"də oynamısız, amma məşqçi kimi "Bakı"da çalışmısız. "Bakı" ilə daha çox uğur qazanmısız. Hansı klub daha doğma gəlir sizə? 

- Səmimi deyirəm, hər ikisi əzizdi. "Neftçi"nin uşaq futbolundan gəlmişəm. Elxan müəllimin atası Ruslan Abdullayev uşaqlıqda məşqçim olub. Sözsüz ki, "Neftçi"yə də bağlıyam, doğma klubumdu. "Bakı"da məşqçi kimi fəaliyyət göstərmişəm, o klubun da öz yeri var. Hər ikisi mənim üçün doğmadı. 

- "Neftçi"nin cari mövsümdəki uğursuz çıxışının səbəbini nədə gördüz? Komandada nə çatmırdı?

- Bunu açıqlamağa ehtiyac yoxdu. Sözsüz ki, səhvlər və səbəblər var. Bunların da əksəriyyəti bilinir. Amma açıqlamaq istəməzdim. Hərə öz fikrin deyə bilər. Elxan Abdullayevlə birlikdə çalışacağıq ki, əlimizdən gələn köməyi əsirgəməyək, "Neftçi" adına layiq yerdə olsun. Əsas komanda ruhu olmalıdı. 

- Komandanı bu durumdan çıxarmaq üçün çıxış yolu nə ola bilər?

- İşləmək lazımdı. Futbolçuları ruhlandırmalıyıq. hansı komandada oynadıqlarını dərk etməlidilər. Hər biri meydançaya çıxanda komanda uğrunda vuruşmalıdı. Son saniyəyə qədər mübarizə aparmalıdılar.

Sport7.az

Xəbər lenti