“Baltalanan” Azzurri…

“Baltalanan” Azzurri…
"Roma” – "Liverpul” qarşılaşması bitər-bitməz geridə buraxdığımız illərə boylanıb, hakimlər tərəfindən "baltalanan” "Azzurri”nin nə qədər çarəsiz olduğunu bir daha anlamış oldum. Gəlin birlikdə əlimizi vicdanımıza qoyaq və nəzəri olaraq yaxın keçmişə səyyahət edək. DÇ 2006 İtaliya - Avstraliya oyununu saymasaq hansı beynəlxalq səviyyəli turnirdə həm milli, həm də klub səviyyəsində italyanlara tərəfkeşlik edən hakimlik görmüsünüz? Əgər, belə bir hal yadınıza gəlirsə, qeydlərinizi elə bu yazının şərhlərində edə bilərsiz.

"Azzurri”nin hakim köməyinə ehtiyacı yoxdu, amma rəqibə tərəfkeşlik edən hakimlər artıq neçənci dəfədir ki, italyanları köks ötürməyə məcbur edir.
İllərdi İtaliya futbolu ilə yaxından maraqlanıb, azarkeşlik edirəm. Azarkeşliyimi kənara qoysaq birtərəf futbol azarkeşi olaraq da bu qədər haqsızlığı görməmək üçün kor olmaq lazımdı. Eynilə "Roma” – "Liverpul” görüşünün hakimlər briqadası qədər.

Naftalin qoxusu verən və üzərini illərin tozu örtən hakim səhvlərindən danışıb, sizləri bir daha köks ötürməyə vadar etmək istəmirəm. Di gəl ki, son günlərin futbol adına biabrçılıq adlandıra biləcəyimiz hakim səhvlərindən danışmasam olmaz.

"Roma” – "Liverpul” görüşü başlayan dəqiqədən hakimin necə təşviş içərisində olduğunu ən az siz də mənim qədər gördünüz. Oyunun ilk dəqiqələrindən "Liverpul” əleyhinə qərarlar verməkdə tərəddüd edən sloveniyalı hakimlər briqadası, dəqiqələr irəlilədikcə "əbədi şəhər”in komandasını "baltalamaq” üçün dəridən qabığdan çıxmaqda davam etməkdə idilər. Oyunun ilk hissəsində verilməyən penalti qərarının ardınca gözdən yayındırdıqları kiçik foullar artıq canavarları təngə gətirmişdi. Zaman irəlilədikcə işlərin cızıqdan çıxdığını görən Skromina Dzekoya qarşı qapıçı tərəfindən edilən epizoda komedik qərar verməklə bizləri həm güldürdü, həm də tamamilə hövsələdən çıxartdı.


Bütün bunlar azmış kimi, Əl-Şaravinin qapı çərçivəsinə nişanladığı topun qarşısını birbaşa əliylə kəsən "Liverpul”lu futbolçunu da görməzdən gələn Skromina nə qədər alçaq xislətli hakim olduğunu bütün dünyaya isbatlamış oldu.

Mənə maraqlıdı ki, hakim-inspektorlar onlara hansı qiyməti verir? Şəxsi qənaətimdi ki, bütün səhvlər bacarıqsızlıqdan irəli gəlir. Hakim meydanda özünə düzgün mövqe seçə bilmirsə, burda qərəzdən söhbət gedə bilməz.

Bugünki gündə hakimlərin əsasən nəzəri-praktiki cəhətdən səhvlərə yol verməsinin isə günahkarı UEFA özüdü.

Skrominanın isə çıxardığı hoqqalara baxmayaraq "canavarlar” Çempionlar Liqasını başı uca tərk etdi və bitərəf azarkeşlərin gözündə hər zaman ən azı çempion olmuş kimi xatırlanacaqlar.

Bütün bunlara baxmayaraq, hər keçən il bu təsəllilər ilə bir yerlərə gedib çıxmaq olmur.

Artıq İtaliya futbolu səsini ucaltmalıdır. Təkcə "Roma"ya deyil, "Yuventus"a qarşı da eyni səhvlər edildi. Səsimizi yüksəltməyin vaxtıdır. Mayın 2-də baş verənlər çox qəribədir. Çempionlar Liqasında "VAR” sistmi tətbiq olunmalıdır. Hələ də UEFA-nın niyə bunu istəmədiyini başa düşmürəm. "VAR” olsaydı, finala "Bavariya” ilə "Roma” çıxacaqdı.

Təsəvvür edə bilirsiz iki komandanın taleyi ilə birdən oynadılar və layiq olduqları finaldan onları məhrum etdilər. "VAR” sistemi olmadıqca hələ bu cür hallar olacaq.

Mustafa Kamal
 

Xəbər lenti