"Barselona"nı ziyana salan futbolçular - FOTOLAR

"Barselona" iki il öncə 6 milyon avroya satdığı Delofeunu 12 milyona yenidən aldı.

Üstəlik futbolçu "Everton"da heç "partlamadı" da. Bəs bu ilkdimi?

Sport7.az katalon nəhənginin yaxın illərdə yol verdiyi transfer xətalarını diqqətinizə çatdırır:
 
 

Martin Kaseres - Uruqvaaylı futbolçu 2008-ci ildə 16,5 milyon avro qarşılığında "Barselona"ya transfer olundu. Ehtiyat oyunçular skamyasını "qızdırdığı"bir mövsümdən sonra ardıcıl iki il icarəyə verildi, bu isə "Barselona"ya ümumilikdə 1 milyon avro qazandırdı. 2011-ci ildə isə 3 milyon avroya "Sevilya"ya satıldı. 
Zərər - 12,5 milyon avro.
 
 

Keyrrison - futbolsevərlər onun adını xatırlaya bilər. 2009-cu ildə "Palmeyras"dan 16 milyon avroya transfer edilən futbolçu "Barselona"da heç bir oyunda da forma geymədi və illərlə icarəyə verildi. Ən sonda azad agent kimi "Koritiba" ilə anlaşdı. Heç oynamadan kluba 16 milyon avro ziyan vurdu.
Zərər - 16 milyon avro.
 
 

Dmitri Çiqriniski - Donetsk "Şaxtyor"unda adından söz etdirən futbolçu 2009-cu ildə 25 milyon avro qarşılığında alındı. Amma bir ildən sonra "Barselona" Çiqriniskiyə daha səbr edə bilmədi və yenidən sabiq klubuna 15 milyon avroya satdı. "Şaxtyor", belə desək "Barselona"nı həriflədiyi bir məqamda, Çiqrinski də qısa İspaniya səyahətindən sonra Ukrayna klubuna 10 milyon avro qazandırdı. 
Zərər - 10 milyon avro.
 
 

Zlatan İbrahimoviç - 2009-cu ildə "İnter"dən "Barselona"ya transfer olundu. Katalonlar İbra üçün "İnter"ə 69,5 milyon avro, üstəlik Samuel Etonu  versə də baş məşqçi Pep Qvardiolanın "ulduzu" isveçli futbolçu ilə barışmadı ki, barışmadı. Öncə "Milan"a 6 milyon avroya icarəyə verilən İbrahimoviç ardından 24 milyona satıldı. Bu üzdən iki ildə "Barselona" ciddi maliyyə itkisinə məruz qaldı.
Zərər - 39,5 milyon avro və Samuel Eto.
 
 

David Vilya - 2010-da Vilya üçün "Valensiya"ya 40 milyon avro verilmişdi. Ancaq 3 mövsümdən sonra futbolçu 2.1 milyon avroya "Atletiko"ya transfer edildi. 
Zərər - 37,9 milyon avro
 
 

Aleks Sonq - 2012-ci ildə "Arsenal"dan 19 milyon avroya transfer olunan Sonq da "Barselona"da özünə yer tapa bilmədi. Həm forma şansı verilmədi, həm də gedərkən pul qazandırmadı.
Zərər - 19 milyon avro.
 
 

Ceremi Mateyu - 2014-cü ildə 31 yaşlı fransız futbolçu "Valensiya"dan 20 milyon avroya tarnsfer edildi. Çılğın bir transferə imza atan "Barsa" təcrübəli futbolçudan heç bir fayda görməyərək onu "Sportinq"ə satdı. 
Zərər - 20 milyon avro.
 
 

Aleksandr Xleb - Belaruslu ulduz 2008-ci ildə "Arsenal"dan 17 milyon avroya alınsa da "Barselona"da cəmi bir mövsüm forma geydi onda da vaxtının çox hissəsini ehtiyat oyunçular skamyasında keçirdi. Ardından icarəyə verilən Xleb 2012-ci ildə azad agent kimi "Krılya Sovetov"a getdi.
Zərər - 17 milyon avro.

Sport7.az

Xəbər lenti