Baş katib MK-nı ofsayda saldı

Baş katib MK-nı ofsayda saldı

Xorvatiyalı məşqçi Nikola Yurçeviç artıq 3 gündür ki, Bakıdadır. Onun millimin "sükanı” arxasına əyləşdirilməsi üçün hazırlıq görülür.
 
Artıq ictimai rəydə fikir formalaşdırılıb, Yurçeviç Premyer Liqanın qarşılaşmalarını canlı izləyib. Maraqlıdı ki, xorvatiyalı məşqçi ilk müsahibəsindəcə qarşısına böyük hədəflər qoyulmadığını, Avropa çempionatının final mərhələsində qatılmaqla bağlı müzakirələr aparılmadığını deyib. Bununla da Yurçeviç AFFA-nın, xüsusən də Elxan Məmmədovun yalanını ifşa edib.
 
Məsələnin maraqlı tərəfi təkcə bu deyil. İndiyə qədər baş katib daim Məşqçilər Komitəsi ilə müzakirələr aparıldığını, millinin baş məşqçisini seçərkən komitə üzvləri ilə məsləhətləşmələr aparıldığını deyirdi. Amma Sport7.az-a verdikləri müsahibələrdə həm komitənin sədri Vaqif Sadıqov, həm də komitənin ən təcrübəli üzvü Ağasəlim Mircavadov namizədlərin kimliyindən xəbərsiz olduqlarını deyiblər. Sadıqov bu gün günorta saatlarında verdiyi açıqlamada bir maraqlı məqama da toxundu. Məlum oldu ki, Yurçeviç cümə günündən bəri Bakıda olsa da, Məşqçilər Komitəsi onun üzünü görməyib.
 
Nikola Yurçeviç Premyer Liqanın oyunlarına baxmağa gələrkən onu müşayət edənlər də Məşqçilər Komitəsinin üzvləri deyildi. Xorvatiyalının ətrafında Elxan Məmmədova yaxınlığı ilə tanınan kadrlar, "Sumqayıt”ın prezidenti və AFFA-nın meneceri Riad Rəfiyev, eləcə də U-21 yığmasının baş məşqçisi Milan Obradoviç yer alıb.
 
Məlum məsələdi ki, Məşqçilər Komitəsinin üzvlərinin xorvatiyalını müşayət etməsini Elxan Məmmədov məsləhət bilməyib. Baş katib hazırda MK-nı oyundan kənar vəziyyətə salıb. Çünki məqsədi həyata keçib. MK ona lazım olanda yenidən xatırlanacaq. Həmin gün də millinin uğursuzluqlarına görə məsuliyyəti kiminsə üstünə atmaq lazım gələndə olacaq.
 
Amal

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR