Baş katib:

Baş katib: "Orada ilin bütün aylarında fasiləsiz təlim-məşq toplanışı keçirilir"

30 iyun – 2 iyul tarixlərində Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) baş katibi Rizvan Rəsulov İran İslam Respublikasında işgüzar səfərdə olub.
 
Sport7.az xəbər verir ki, o, İran Ağır Atletika Federasiyasının (İAAF), həmçinin Ərdəbil Vilayətinin və yerli regional federasiyanın rəhbər şəxsləri, tanınmış sabiq idmançılar, böyük uğurları olan atletlərlə görüşüb, qonşu ölkədə ağır atletikaya yaradılan şəraitlə tanış olub, qarşılıqlı əməkdaşlıq barədə müzakirələr aparıb. Rəsulovun səfəri İran mətbuatının da gündəmində olub, yerli KİV-lər baş katibdən müsahibələr alıb, fikirlərini öyrəniblər, bununla yanaşı, təşkil olunan mətbuat konfransı zamanı suallarını ünvanlayaraq səfəri yüksək səviyyədə işıqlandırıblar. Baş katibin tanışlıq xarakteri daşıyan səfərində əsas məqsəd AAAF və İAAF arasında əməkdaşlıq memorandumunun imzalanmasına hazırlıqların başa çatdırılması olub.

Artıq Bakıya dönən Rizvan Rəsulov federasiyanın rəsmi saytına müsahibə verərək, keçirdiyi görüşlər, əldə edilən nəticələr barədə danışıb. Baş katib öncə qeyd edib ki, səfər 28 mart 2018-ci il tarixində Bakıda Azərbaycan Gənclər və İdman Nazirliyi ilə İran İslam Respublikası Gənclər və İdman Nazirliyi arasında imzalanan "Gənclər və idman sahələrində əməkdaşlıq haqqında” anlaşma memorandumu çərçivəsində həyata keçirilib: "Orada İran və Azərbaycan arasında müvafiq idman növlərində – indiki halda ağır atletikada – birgə və çoxtərəfli beynəlxalq turnirlərin keçirilməsi, idmançı və məşqçilərin təcrübə mübadiləsi, hakimlər üçün təhsil kurslarının təşkili, hər iki ölkədə yerli və ənənəvi oyunların təşkili, birgə və qarşılıqlı təlim-məşq toplanışlarının təşkili tövsiyə olunurdu. Qeyd olunan məsələlər ilə əlaqədar olaraq, qarşı tərəfin dəvəti ilə iyun ayının 30-da İrana yollandım”.

Səfər proqramına əsasən əvvəlcə Ərdəbil şəhərinə yollanan baş katib, orada Ərdəbil Vilayətinin və yerli regional federasiyanın rəhbər şəxsləri – Şahin Esbeqian, Afşin Abbaseyi, Bəhruz Nidai, Bəhram Ağaxani və digərləri ilə görüşlər keçirib, planlar haqda məlumat verib, niyyət və məqsədləri açıqlayıb. Səfər həm də tanışlıq xarakteri daşıdığından Rəsulov şəhərdəki ağır atletika zallarına baxıb, orada məşq edən, həmçinin məşq keçən tanınmış idmançıları ilə görüşüb: "Ərdəbil İran ağır atletikasının ən güclü, əsas mənbə yerlərindən biridir, böyük tarixi izləri var, çox sayda Olimpiya çempionları və mükafatçıları məhz burada yetişib, hazırda da yetişməkdə davam edirlər. Bu region bizə həm də dil və ruh olaraq yaxındır. Bütün bunlara görə, birinci ora səfər etdim. Səmərəli gün keçirdik. Görüşlər oldu, uşaqların məşqlərini izlədik, zallara baxdıq. Sonra Olimpiya çempionu Hosseyn Rezazadənin adına olan stadionda məşqçilər, digər ağır atletika mütəxəssisləri və rəhbər şəxslərlə birgə mətbuat konfransı təşkil edildi. Qarşılıqlı niyyətlər ifadə edildi. Arzulandı ki, AAAF İAAF-la memorandum imzalayandan sonra Ərdəbil vilayəti daha çox önəm təşkil etsin, fəaliyyətimizdə üstünlük ora verilsin”.

Baş katib İranda, xüsusilə də Ərdəbildə qarşılaşdığı qonaqpərvərlikdən çox razı qalıb: "Bir federasiya nümayəndəsi olaraq gəlməyim onlar üçün böyük əhəmiyyət daşıyırdı. Maksimum səy göstərdilər ki, səfərim səmərəli keçsin, ağır atletikada gördükləri işi göstərsinlər. İnsanların mehribanlığı, açıqlığı çox xoş oldu. Yanımdan çəkilmədilər, hər cür qonaqpərvəlik nümayiş etdirdilər, özümü rahat hiss etməyim üçün əllərindən gələni etdilər. Mən onların hər birinə təşəkkürümü bildirirəm. Onların ağır atletikanın inkişafı üçün göstərdikləri səyi, iş məramlarını alqışlarıyam. Uşaqlarda idmana həvəs gördüm. Psixoloji cəhətdən çox yüksək hazırlıqlıdırlar. Ərdəbilin iqlimi çox yaxşıdır, şəhər dəniz səviyyəsindən 1300 metr yüksəklikdə, Savalan dağının ətəyində yerləşir, gözəl təbiətə malikdir, qidaları çox yaxşıdır. Yığma komandamızın yarışlara hazırlıq zamanı orada birgə təlim-məşq toplanışı keçirməsinin, hazırlıq səviyyəsinin yüksəldilməsinə rəvac verəcəyini düşünürəm. Bu istəyi ifadə etdim və bu, çox müsbət qarşılandı. Bəli, ölkəmizdə da belə təbiəti olan yerlər az deyil, amma kənara çıxmaq, yeni yerlərdə hazırlaşmaq da vacibdir. Ərdəbildə çox sayda yaxşı idman zalları, müvafiq şərait var. Biz onlara, onlar da bizə qonaq gələ, mövcud şəraitdən yaralana bilərlər”.

Rizvan Rəsulov daha sonra Tehran şəhərinə səfər edib. Baş katib tərəflər arasında memorandum imzalanması barədə danışıqlar aparıb: "İran böyük dövlətdir və ağır atletika ən önəmli idman növllərindən biridir. Paytaxtdakı görüş zamanı İAAF-ın müvəqqəti prezidenti Əlireza Xosrovi qeyd etdi ki, ağır atletika onların milli xəzinəsidir, onu göz bəbəyi kimi qoruyur, inkişaf etdirir, daha da inkişaf etməsi üçün çalışırlar. Xosrovi, federasiyanın baş katibi doktor Əlihüseyn Biranvənd, həmçinin yerli GİN nümayəndəsi – Şirvin Esbeqian ilə geniş söhbətimiz oldu. İAAF ilkin müqaviləni hazırlamışdı. Tanış oldum və öz rəhbərliyimizə bu barədə ətraflı məlumat verəcəyimi, bizim də öz əlavələrimizi təqdim edəcəyimizi bildirdim. Təklif etdim ki, bilavasitə memorandumun imzalanması mərasimi bir müddət ertələnsin. Çünki hazırda İAAF-da müvəqqəti rəhbərlik fəaliyyət göstərir və iyulun 7-də prezident seçkiləri keçiriləcək. Yeni rəhbərlik müəyyən ediləndən sonra biz ilk öncə onları təbrik edəcək, sonrasında isə heç vaxt itirmədən memorandumun imzalanması və əməli fəaliyyətə keçilməsi istiqamətində addımlar atacağıq. Təklifim müsbət qarşılandı. Əlavə edim ki, Tehranda İAAF-ın şəraiti ilə də tanış oldum. Hər şey çox gözəl idi. Bizdə olduğu kimi, onlar da ağır atletika akademiyası tipli binalar qurublar. Məşq, qalma, qidalanma, yarış və s. məkanlar kompakt şəkildədir, bir-birinə yaxındır. İran yığma komandasının qida rasionu ilə tanış oldum, daddım, xoşuma gəldi. Mənə məlumat verildi ki, orada ilin demək olar ki, bütün aylarında fasiləsiz təlim-məşq toplanışı keçirilir. İran ağır atletikasının inkişafı yüksək səviyyədədir. Əsas yığma üzvləri dünya arenalarında kifayət qədər uğurlu nəticələr göstərirlər. Biz onların təcrübəsindən yararlanmaq istəyirik. Bəli, biz də yetərii təcrübəyə malikik, ancaq yeni metodları öyrənməyə də hazırıq. Məsələn, yığma komandalarında psixoloqların xidmətlərindən geniş yararlanmalarını diqqətimi çəkdi. İran tərəfi öz idmançılarının psixoloji durumunun yaxşılaşdırılması üzərində daima işləyir və bu, nəticələrin yüksəlməsinə böyük kömək edir. Onların sistemi, idmançıların hazırlıq, məşqçilərin fəaliyyət prosesi ilə yaxından tanış olmaq, görmək və bilmək baxımından yaxşı səfər alındı. Əminəm ki, İran nümayəndə heyəti də gələcəkdə bura dəvət olunanda bizim ağır atletika təsərrüfatımızla tanış olacaq, eyni razılıqlarını ifadə edəcəklər”.

İranda həmçinin dünyanın ən böyük ağır atletika klublarından olan "Zirvə” Beynəlxalq İdman Klublarının fəaliyyəti də böyük marağa səbəb olub. Rizvan Rəsulovun sözlərinə görə, prezident Tofiq Heydərovun gördüyü işlər xüsusilə vurğulanıb, dəfələrlə böyük rəğbət ifadə edilib. Qonşu ölkədə belə böyük klubun varlığından xəbərdardırlar və növbəti yarışlarda iştirak etmək, bazalardan yararlanmaq istəyirlər. Sonda imzalanacaq memorandumda qeyd olunması nəzərdə tutulan məqamlar barədə məlumat verən Rəsulov bunları bildirib: "Federasiyalar arasında imzalanacaq bu memorandum böyük əhəmiyyət kəsb edir. Biz burada tərəflər arasında müxtəlif kadr mübadilələri, məşq proseslərinin öyrənilməsi və bu baxımdan təcrübə mübadiləsi, mütəxəssislərin bu istiqamətdə birgə müzakirə və araşdırmalar aparması, hakimlərin mübadiləsi, böyük əhəmiyyət daşıyan tibbi biliklər mübadiləsi və təbii ki, qarşılıqlı təlim-məşq toplanışları mübadiləsini nəzərdə tutmuşuq. Razılıq əldə olunacağı halda, biz İran yığmasına seçdikləri məkanlarımızdan birində təlim-məşq toplanışları keçməsinə şərait yaradacaq, onların bütün xərclərini qarşılayacağıq, eyni zamanda, bizim də yığmamız İrana, biz seçdiyimiz məkana hazırlığa gedəndə onlar bizim xərclərimiz qarşılayacaqlar. Biz bunun hər iki tərəf üçün səmərəli olacağını düşünürük”.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR