Başdan iylənmiş balıq

Başdan iylənmiş balıq
Azərbaycan futbolunda "danışılmış oyunlar”la bağlı ilk zəlzələ hələ keçin ilin qışında baş vermişdi. AFFA yekə bir qara siyahı hazırlamış, əlsiz-ayaqsız divizion klublarının və həmin klubların futbolçularının adlarını həmin siyahıya daxil etmişdilər. Guya ki, onlar Azərbaycan çempionatında bazar açıbmışlar, istəyəndə satır, istəyəndə də alırmışlar.

Onlar dedilər, biz də inandıq. Amma indiyə qədər də bilmirik ki, söhbət hansı oyunların satılmasından və alınmasından gedirmiş, konkret satan kim imiş, alan kim. Artıq fəaliyyətini dayandırmış "Şərurspor”un prezidenti Sərdar Bağırovu nə vaxt dindirirsən, "fakt ortaya qoysunlar” deyir. "Rəvan”ın rəhbərliyi də təxminən bir il AFFA-nın qapısını döydülər, apellyasiyalarının baxılmasını tələb etdilər. Nəticə hasil olmadı. Biz özümüz də bir-neçə də səlahiyyət sahiblərindən soruşduq, dedilər ki, günahkarlar öz günahlarını bilirlər, siz bilməsəz qorxusu yoxdur.

İllərdi Premyer Liqada "İnter”lə "Simurq”un qardaşlığına şahidlik etmiş adamlarıq. Ona görə də bizi belə şeylərlə təəccübləndirmək mümkün deyil. Hələ o vaxt bu "qardaş klublar”ın rəsmilərinə sual ünvanlayanda onlar da bizə "faktınız varsa, ortaya qoyun” deyirdilər. Həm də təkcə onlar yox. Elə AFFA-nın bu işə məsul olan əməkdaşları, PFL rəhbərliyi də "fakt verin, heç kimi dayandığı yerdə ittiham edə bilmərik” cavabıyla sualları dəf edirdilər. Sözsüz ki, jurnalistlərin əlində sənəd-sübut, yaxud da foto-video çəkiliş yox idi. Eyni zamanda da hər şey çox aydın görünürdü...

Nizami Hacıyevlə Mirhüseyn Seyidovun futboldan ömürlük uzaqlaşdırılmasının ssenarisi də ötən ildəki kimi baş verdi. Qərar verənlər deyirlər ki, faktları var, amma ictimaiyyətə açıqlamaq olmaz. Hətta hüquq-mühafizə orqanlarından və UEFA-dan gələn fakt dolu məkutbların olduğunu da iddia edirlər. Orda nə yazılıb, biz bilmirik. Mirhüseynin sözlərinə görə ürəyi "Neftçi”yə ürəyi yandığı üçün qəsdən zəif oynayıb. Nizaminin isə baş verənlərə konkret izahı yoxdu. Əgər söhbət təkcə "Neftçi” ilə oyundan gedirsə, məsuliyyət Ramiz Məmmədovdadı. Çalışdırıcı həm də psixoloq olmalı, "Neftçi”yə ürəkdən bağlı olan futbolçuları  meydana buraxmamalıydı. Buraxıbsa, bunu qəsdən edib, özü futbolçuları haram işə təhrik edib.

Sözüm onda deyil. Bizim istədiyimiz hər şeyin şəffaf olmasıdı. Nizamiylə Mirhüseyn oyunu satıblarsa, onların alıcısı da var. Buyurun, alıcıları da ifşa edin. Oyun "Neftçi”yə, yaxud digər kluba yox, mərc şirkətlərinə satılıbsa, onda ortada cinayət faktı var. İstintaq aparılmalı, iş məhkəməyə göndərilməlidi. Bunu niyə etmirsiz?

Məsələ aydındı. Çünki heç özləri də şəffaf və günahsız deyillər. Sabah iş məhkəməyə gedəndə 10-15 ildi Azərbaycan futbolunun içində olan futbolçular dillərini dinc qoymaya bilərlər, onların da paxırları açılar. Əyri əməllər bizim futbolumuzda hələ çox olacaq. Çünki balığın başdan iylənməsi kimi, Azərbaycan futbolunun da problemləri yuxarıdan başlayır, onu idarə edən səlahiyyət sahiblərindən. Bu adamlar belə uzaqgörən, hər gördüklərindən şübhələnəndilərsə, birinci divizionun son turunda oynanan qarşılaşmaları da incələsinlər. Oyunlardan birinin 88-ci dəqiqəsində qapıçı meydandan çıxan topu tullanaraq geri qaytarır, onun trayektoriyasını dəyişdirib, rəqibin hücumçusunun önünə atır. Və top boş qapıdan keçirilir, oyun "bolşe” gəlir.

Mən kimisə hədəf göstərmək, yaxud da kiminsə haqqına girmək fikrində deyiləm. Amma qoy başbilənlər onların səmimiyyətinə inanmadığımızdan xəbərdar olsunlar. Azərbaycan futbolu başdan iylənmiş balıqdır. O qədər iyənib ki, üfunətdən adamın ürəyi bulanır.

Amal ABUŞOV

Xəbər lenti