"Bavariya"nın "van Hoydonk"u və Niko Kovaç faktoru

"Bavariya"nın U-19 komandasının hücumçusu Yoşua Çirkçe Gənclərin Bundesliqasında məsafə tanımadığını bir daha sübut edib. Bu mövsüm artıq adət halını alan Çirkçenin analoji qolları klubun aşağı yaş qruplarının oyunlarını izləyənlər üçün sirr deyil. Son illər dünya futbolunda cərimə zərbələrini "tum kimi çırtlamaq" ifadəsi Messiyə aid edilirsə, gənclərin Bundesliqasında isə bu statusu Çirkçe daşıyır.
 


Vizual olaraq Pyer van Hoydonka bənzərliyi onu bu müqayisədən qaçıra bilməz. Ancaq mənə görə, profil olaraq daha üstün ve komandaya daha çox faydası dəyən oyunçudu. Bəs Yoşuanın tək üstünlüyü cərimə zərbələridimi? Yox, təbii ki. 

Böyük qabaritlərə baxmayaraq, Çirkçe tipik taran tipli forvardlardan fərqlənir. Topla səliqəli rəftarı, dar zonalardan çıxmaq bacarığı, cəldliyi, meydanı görməsi, kombinasiyalı oyun tərzində itməyən, əksinə bu stili daha çox sevən, "son nöqtə" baxımından son 2 ilin Levandovskisindən üstün gördüyüm və mənə görə, ən vacibi - yaşına rəğmən, qərar qəbul etmək bacarığı ilə ön plana çıxan hücumçudan söhbət gedir. Kim bilir, bəlkə də, Uli Hönesin yeni mərkəz hücumçusu almaqda israr etməməsinin səbəbi Çirkçenin yolunu gözləməsidi.

17 yaşlı futbolçu bu mövsüm Gənclərin Bundesliqası, UEFA Gənclər Liqası və Regional Liqadakı çıxışları nəzərə alınmaqla, ümumilikdə 20 dəfə rəqib qapılarına yol tapıb.

Çirkçenin yeni mövsümdən etibarən əsas komandaya çağrılmasının tərəfdarıyam, amma qorxduğum məqam gəncləri inkişaf etdirmək bacarığı məhdud olan, B və hətta A planı baxımından problemləri olan Niko Kovaçın "Bavariya"da qalmaq ehtimalıdı. Əgər klub xorvatiyalı ilə yoluna davam edəcəksə, Yoşuanın icarəyə göndərilməsi daha məqsədəuyğun olar. Əks halda, yayda "Renatu Sanşeşi əvvəlki səviyyəsinə qaytaracam" deyən, mövsüm ərzində isə ona şans verməyən məşqçi tərəfindən Çirkçenin də inkişafına əngəl törədilə bilər. Vəziyyət o həddə çatıb ki, Renatu hər açıqlamasında Kovaçın, onu oynatmamaq səbəbini dilə gətirmədiyini deyir və komandadan ayrılmaq istədiyini açıq şəkildə bəyan edir. Portuqaliyalı futbolçu "Bavariya"ya lazımdı, ya yox? - bu, başqa mövzudu, ancaq mövsümün əvvəlində fikrini nümayişkaranə şəkildə çatdırıb, klubda qalmağına səbəb olduğun gənc oyunçuya sonradan şans vermirsənsə, bunun səbəblərini açıqlamaq, hər halda, daha düzgün olardı.

Yeni mövsümdə Erik ten Haqın rəhbərliyi altında Çirkçeni əsas komandada izləmək ümidi ilə...


OXŞAR XƏBƏRLƏR