"Bayer" mənim həyatımdı" - Bir kluba həsr olunmuş illər

Rüdiger Follborn - bu ad və bu adla əlaqəli hadisələr əsl "Bayer Leverkuzen" azarkeşlərinə yad olmaz. Klubun əfsanəsi, bütün karyerasını Leverkuzenə həsr etmiş şəxs. "Aspirinlər"in tarixi boyunca qazandığı 2 kubokda (1988-ci il UEFA kuboku, 1993-cü il Almaniya kuboku) Rüdinin danılmaz əməyi var. Oyun sayına görə, klubun rekordçusu da ondan başqası deyil. "Bayer"in heyətində ümumilikdə 472 oyuna çıxan Follborn bunların 401-ni Bundesliqada keçirib. Bu yazıda Follbornun qapıçı kimi formalaşması, "Leverkuzen"dəki möhtəşəm karyerası, həyatı və gənc Rene Adlerə verdiyi böyük dəstəkdən bəhs edilir.
 


Berlini növbəti 28 il ərzində ikiyə bölən divarın möhkəmləndirilməsindən 2 il sonra - 1963-cü ilin 12 fevral tarixində şanslı şəkildə Qərb tərəfdə dünyaya gözlərini açan bir körpə. Bu körpənin adı Rüdidi - Rüdiger Follborn.

Futbolda ilk addımlarını Berlinin "Traber Mariendorf" klubunda atmağa başlayan Rüdi daha sonra "Blau-Vayss"a transfer olunur. Məhz bu klubda oynayaraq gənclərin Avropa çempionatına yollanan Almaniya millisinin heyətinə çağırılır. Sözügedən turnirdəki performansıyla isə "Bayer Leverkuzen" seleksionerlərinin "radar"ına düşür. Günlərin birində ev telefonuna göndərilən səsli mesajı dinləyir: "Sənə zəng edən Kalmund idi".

Rüdi dərhal söhbətin həmin vaxt "Bayer"in aşağı yaş qruplarında çalışan Rayner Kalmunddan getdiyini anlayır. Həyəcanı o qədər böyük olur ki, səhərə qədər yuxusuz qalır. Follborn səhər anasından Kalmundun telefon zənginin səbəbini soruşur. Anasının cavabı da tərəddüdləri azaltmaq adına faydalı olmur: "Telefon danışığından heç nə başa düşmədim". Həqiqətən də, Kalmundun Köln ləhcəsi ilə danışığını anlamaq berlinli biri üçün çox çətin idi. Kalmund daha sonra yenidən zəng edib, Rüdigeri məşqlərə dəvət edir. 

1981-ci ilin yazında, "Bayer Leverkuzen"in "Bavariya"nı 3-0 hesabıyla məğlub etdiyi matçdan bir gün sonra Rüdi Leverkuzenə ayaq basır. Həmin vaxt o, bu şəhərin onun üçün ömrünün sonuna kimi doğmalaşacağından xəbərsiz idi. Komandayla tanış olduqdan sonra məşqlərə başlayan Follbornun ünvanına dərhal təriflər yağmağa başlayır. Lakin Kalmund onun kluba uyğun olduğuna məşqlə yanaşı, matçda da əmin olmaq istəyir.

Berlində baş tutan və "Bayer" skautlarının da izlədiyi "Blau-Vayss" - "Herta Çelendorf" matçının oyun öncəsi isinmə hərəkətləri zamanı üzünə top dəyən Rüdi huşunu itirərək yerə yıxılır. Komanda yoldaşlarının qayğılı "Oynaya biləcəksən?" suallarının ardından özünə gəlir və tribunada onu kimlərin izlədiyini dərk edərək ayağa qalxır. 2-2 hesabıyla yekunlaşan oyunda komandasının buraxdığı hər iki qolda birbaşa səbəbkar Rüdiger olur. Artıq hər şeyin bitdiyini qəbul edib, məyus şəkildə evinə qayıdır və evdə anidən "Bayer Leverkuzen" rəsmilərini görüb, çox təəccüblənir: "Burada nə işiniz var?! Belə biabırçı matçdan sonra heç mən də özümü transfer etməzdim". Kalmund cavabında deyir: "Bax, elə məhz buna görə səni komandamızda görmək istəyirik". Beləliklə, uzun bir marafona start verilir.

Follborn 1983-cü ildən 1995-ci ilədək "Bayer"in "bir nömrəsi" olur. Məhz onun qapını qoruduğu dövrdə "aspirinlər" UEFA kuboku (1988) və Almaniya kubokunu (1993) qazanırlar. 1988-ci ildəki UEFA kuboku finalının ilk matçında "Bayer" səfərdə "Espanyol"a 0:3 hesabı ilə uduzaraq kubok şanslarını təhlükə altına atır. Cavab görüşündə "aspirinlər"ə 3 və daha çox top fərqiylə qələbə lazım idi. Lakin leverkuzenlilər əsas vaxtda katalonların qapısına 3 cavabsız qol vuraraq matçı penalti seriyasına daşımağı bacarırlar. Və artıq səhnə Follbornun idi. Rüdi bu seriyaya damğasını vurmalı idi! O, əvvəlcə Santyaqo Urkiaqanın penaltisini dəf edir. Etdiyi provokasiyalar da nəticəsiz qalmır. Beləcə, "Espanyol"un daha iki penaltisi uğursuz alınır. Və nəhayət, həlledici anda Sebastyan Losadanın qeyri-dəqiq penaltisindən sonra Rüdinin sevincinin həddi-hüdudu yox idi. Matçdan dərhal sonra verdiyi müsahibədə deyir: "2 uşaq atası olmağıma baxmayaraq, həyatımın ən möhtəşəm günü məhz bu gündü. Amma onlar bunu bilmir (gülür)".
 


Hələ final matçından əvvəl Follborn uzun müddət idi ki, meditasiya ilə məşğul idi. Mental olaraq penalti zərbələrinə hazırlaşırdı. Daha əvvəl də Follbornun qollarını açaraq rəqibin penaltisini qarşılamaq həmləsi işə yaramışdı. Belə ki, Rüdi "Barselona" ilə oyunda Bernd Şusterin penaltisini məhz bu manevr sayəsində dəf etmişdi. "Rəqibinin səndən gözləmədiyini et", - deyə terapevt Birqit Yakşat məsləhət verirdi və bu, sonda nəticəsini göstərir. Yeri gəlmişkən, 2005-ci ildəki məlum ÇL finalında Yeji Dudek məhz bu hərəkətlə penaltilər seriyası sonunda "Liverpool"u kubokun sahibi etmişdi.

O dövrlərdə də "Bayer Leverkuzen" Bundesliqada daim yüksək pillələrdə qərarlaşan, digər klublar üçün ən ciddi rəqiblərindən biri hesab olunan komanda idi. "Bayer"də oyunçuların və məşqçilərin gəlib-getdiyi ərəfədə komandanın dəyişilməz bir siması var idi: Berlin uşağı Rüdi.

1993-cü il - "Bayer Leverkuzen" Almaniya kubokunun qalibi olur. Bu çempionluğun Rüdiger üçün əlamətdar tərəfi - kuboku doğulub-böyüdüyü Berlin şəhərində başı üzərinə qaldırması idi. "Herta"nın həvəskar komandasına qarşı finalda həlledici qolu "aspirinlər"in digər ikonik ismi Ulf Kirsten vurur. Çoxları finalda həvəskar komandaya qarşı oynadığına görə, "Bayer"i ələ salıb, qələbəyə kölgə salmağa çalışırdı, lakin bu, tamamilə yersiz idi. Çünki finala gedən yolda "aspirinlər" çox yüksək səviyyəli rəqibləri mübarizədən kənarlaşdırmışdılar.

1995-ci ildən etibarən Follbornun karyerasında eniş dövrü başlayır. 12 il komandanın əsas qolkiperi rolunu inamla daşıdıqdan sonra Rüdi əsas heyətdəki yerini Dirk Haynenə uduzur. Buna görə narahatlıq keçirən Follborn hətta komandanı tərk etmək barədə də düşünməyə başlayır. Lakin Rayner Kalmund Follbornu buraxmaq fikrində deyildi. Kalmund bu barədə mövqeyini qəti olaraq ortaya qoyur və Rüdinin heç yerə getməyəcəyini bildirir. Follborn 5 il boyunca komandasının ehtiyat qapıçısı olduqdan sonra - 2000-ci ildə karyerasını bitirir. Futbolçu karyerasının son 5 ilində əksər hallarda ehtiyatda oturmasına baxmayaraq, heyfslənmirdi və öz zəngin təcrübəsini gənc komanda yoldaşlarıyla bölüşürdü.
 
 

1999-2000 mövsümündə Bundesliqanın son turunda "Unterhaxinq"lə oynanılan matçda Follbornun adı iştirak ərizəsinə salınmır. Bu görüşün xatirəsi "Bayer Leverkuzen" azarkeşlərinin yaddaşında qara hərflərlə asossasiya olunur. Son turda bərabərlik belə, "Bayer Leverkuzen"i çempion edəcəkdi, lakin "aspirinlər" "Unterhaxinq"ə uduzaraq çempionluğu öz əlləri ilə "Bavariya"ya hədiyyə edirlər. Leverkuzenlilər iki il sonra başlarına gələcəklərdən xəbərsiz idilər. 2001-02 mövsümünün özü ayrıca bir acı hekayədi - təbii ki, "Bayer" azarkeşləri üçün.

Beləcə, Rüdigerin futbolçu karyerası başa çatır. 2000-ci ildən 2012-ci ilədək Rudi "Bayer"in məşqçilər korpusunda çalışır. Futbolçu keyfiyyətlərindən başqa, Follborn insani keyfiyyətləri ilə də ürəklərdə yaşayır. Gülərüz və istənilən an ehtiyacı olanlara yardım əlini uzatmağa hazır biri kimi tanınır.

Rüdi 2000-ci ildə "Layptsiq"dən "Bayer"ə qoşulmuş Rene Adlerə öz evində sığınacaq verir. "Bayer Leverkuzen"də uşaq internatı olmadığından, adətən, gənc oyunçular kluba keçdikdən sonra birlikdə qalmağa ailə axtarırlar. Adlerin ev axtardığından xəbər tutan Rüdi həyat yoldaşıyla razılığa gəldikdən sonra Reneni evinə dəvət edir və yuxarı mərtəbəni təmir edərək Adlerə hədiyyə edir. Follbornun həyat yoldaşı zarafatyana deyir: "Sən lap əvvəldən onun burada qalmasını istəyirmişsən ki..."
 


Həqiqətən də, hələ ilk məşqlərində Follborn gələcəkdə Almaniya millisinin qapısını qoruyacaq Rene Adlerin istedadını kəşf etmişdi. Adler Follborn ailəsi ilə 4 il birlikdə yaşayır. İstedadlı qapıçının karyerasının daha sonrakı gedişatından, yəqin ki, xəbərdarsınız. İndinin özündə belə, Adler Follborn ailəsi ilə yaxşı münasibətdədi. O, Rüdini ikinci atası kimi görür.

Follborn hal-hazırda da Leverkuzendə yaşayır və heç yerə köçmək niyyətində deyil: "Bayer" mənim üçün təkcə karyera deyil, bu klub mənim həyatımın özüdü".
 
 
 
 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR