"Bazada otağın pəncərəsini açırdım ki, siqaretin iyi çölə çıxsın" - MÜSAHİBƏ

Nurlanı illərdir tanıyıram. Neftçaladandı. Onu idman mətbuatından tanımışam. Ötən gün elə başqa bir müsahibə ilə bağlı müzakirəmiz oldu. Söhbət ordan-burdan ikən, onda maraqlı mövzular olduğunu gördüm. Dilə tutduqdan sonra, ucundan-qulağından müsahibə üçün də bəhs etməyə söz aldım. 

O, doğma klubu "Neftçala" ilə bağlı bəzi xatirələrini Sport7.az-a danışdı.  

Keçək müsahibəyə...

Mən Cəfərov Nurlan. Uşaq vaxtı ən yaxın dostum vəfat edəndən sonra, onun mənə qoyduğu soyadı özümə götürdüm. Buna görə, hamı məni Nurlan Cəfəri kimi tanıyır. Hətta qohumlar da bu soyada öyrəşib. Neftçala rayonunda böyümüşəm. 12 yaşımdan futbola baxmağa başlamışam. 12 yaşıma qədər isə, valideynim məni aparardı "ANŞAD PETROL" ("Neftçala" FK-nın əvvəlki adı) klubunun oyunlarına. Elə demək olar o stadionda oyunlara baxa-baxa böyümüşəm. Amma 12 yaşımdan artıq futbolu dərk eləməyə başlayanda, ilk olaraq "Real" (Madrid) və "Trabzonspor" klublarının oyunlarını izləyərdim. Uşaqlıqdan elə ürəyimə bu iki komandanın sevgisi yazmışam. Tam 18 ildir bu klubların azarkeşiyəm. Azərbaycanda "Trabzonspor" azarkeşi az olduğu üçün həmişə maraq dairəsində olmuşam. "Trabzonspor"un adını eşidib təəccüblənənlərə isə, demişəm "Neftçala uşaqlıq sevgim, "Real" azarkeşlik etdiyim klub, "Trabzonspor" isə mənim ən böyük sevgim, futbol sevgisindən daha üstün olan sevgimdir. "Trabzonspor sevgisi ilə yaşayıram və bu kluba yanımda güldən ağır söz deyəni amansızcasına parçalaya bilərəm. (gülür)... Səhv etmirəmsə, müsahibəniz "Neftçala" FK-a aiddir ama... Olsun, buyurun...  

- Nurlan, bu komandanı necə xatırlayırsan? Bizə biraz keçmiş günlərdən danış.
- Səhv etmirəmsə, "Neftçala"nın ilk çempion olduğu mövsüm idi. Həmin il "Zirə" klubu yaradılmışdı və ilk dəfə I Divizionda mübarizə aparırdı. 10-15 nəfər getmişdik oyuna baxmağa. Jurnalist olduğum üçün klub rəhbərliyi ilə aram yaxşı idi, ona görə klubun Bakıdakı azarkeşləri adından xahiş etdim ki, oyuna rayondan azarkeşlər gətirsinlər. Rəhbərlik xahişimizi nəzərə alıb rayondan 2 avtobus azarkeş göndərdi. Amma oyuna elə Bakıdakı 10-15 azarkeşlə baxmalı olduq. Çünki rayondan gələn avtobus yolda xarab olduğu üçün,stadiona oyunun 90-cı dəqiqəsində gəlib çıxmışdılar.
 


- Ancaq çempion olsalar da, "Neftçala"nı Premyer Liqaya buraxmadılar. 
- Bəli. Ard-arda 2 dəfə çempion olduq. Amma buraxmadılar. Klub da məhz ona görə dağıldı. Hətta ikinci dəfə çempionluğu rəsmiləşdiyi oyundan sonra paltardəyişmə otağından təltifetməyə çıxmaqdan imtina etmişdilər. Həmin oyuna mən çalışdığım saytın müxbiri kimi getmişdim və o vaxt medianın gündəminə çevrilən bu xəbəri mediada işıqlandırmışdım.
 
- Doğma komandan olduğu üçün hər halda klubdaxili söhbətlərdən də xəbərin olub. Çox vaxt mətbuata məlumat ört-bastır olunmuş formada çıxarılır. Bəs həmin gün klubda hansı müzakirələr oldu? Komandanın çempionata buraxılmama səbəbi nə idi?
- Baxın, sizə o vaxt gizli sayılan bəzi məlumatları açacam. Mən klubun yeganə azarkeşi olmuşam ki, istədiyim vaxt klubun bazasına icazə almadan girmişəm. Bütün baş verənlər gözümün önündə olub. O vaxt açıqlamırdım, çünki məsləhət olsaydı klub özü açıqlayardı. Bir haldaki klub daha yoxdu, məncə, etiraf etməkdə problem görmürəm. Bizim klub Premyer Liqaya çıxmaq üçün lazım olan bütün kriteriyalara uyğun gəlirdi. Hətta klubun sənədlərində qeyd olunmuşdu ki, filan qədər büdcəsi var. Büdcəmiz həmin il Premyer Liqada iştırak edən klubların içində "Qarabağ" və "Neftçi" xaric, bütün klubların büdcəsindən çox idi. Hətta bizim 1 aylıq büdcəmizlə o vaxt yüksək liqada iştırak edən "Sumqayıt" klubunu 5 ay dolandırmaq olardı. Stadion olaraq da müvəqqəti olaraq, istifadədə olmayan 2 stadionu icarəyə götürməyə razı olduğumuz qeyd olunmuşdu. Hətta öz stadionumuz da təmirə başlanmışdı. Bəs buraxılmamağımıza səbəb nə idi? Çünki klub rəhbərliyi AFFA-nın "tasını ödəyib", qurumun bayrağı altında oynamağa razı olmadı. AFFA da stadionu bəhanə gətirib buraxmadı, güya öz stadionumuz olmalıdı filan. Amma həmin il həmin stadion öz stadionu olmayan başqa kluba icarəyə verildi. O vaxt mən Kamal Quliyevdən çox xahiş etdim. Ancaq icazə vermədi açım-töküm. Qısacası, AFFA-dan asılı olmaq istəməməyimiz klubun Premyer Liqaya gedən yolunu kəsdi. Sənəd işlərindən çox yaxşı başım çıxır. Sadəcə mənə icazə vermədilər həqiqətləri mediaya çıxardım. Məndə mənə olunan etibardan sui istifadə eləmək istəmədiyim üçün susdum.

- Axı burada klubun bir günahı yox idi. Niyə uğradıqları haqsızlığı mətbuata açmaqdan boyun qaçırtsınlar?
- Çünki son ana qədər Kamal Quliyevə AFFA-dan söz vermişdilər ki, qərar dəyişəcək. Bunun üçün kimsə kömək edəcəyinə söz vermişdi hətta. Ona görə də Kamal Quliyev məndən xahiş etdi ki, susma mövqeyində duraq. Sənin mənə verdiyin sualı mən Kamal Quliyevə verəndə, "Gözləyək, o adam kömək edəcəyinə söz verib mənə. Mediaya çıxsa, o adam da əlimizdən çıxacaq", deyə cavab vermişdi. Görünən odur ki, ya o adam kömək edə bilmədi, ya da bu susmağımız üçün Kamal müəllimə yalandan verilən vəd idi. Qısacası aldandıq...

- O adam kim idi?
- Bilmirəm dəqiq. Bu söhbət olanda bazada oturub çay içirdik. Həmin anda futbolçular məşqi bitirib çay içməyə gəldilər deyə, söhbət orda yekunlaşdı. Məncə, söhbət PFL-in prezidenti Ramin Musayevdə gedirdi.  Çünki o bizə ilk çempionluğumuzda söz vermişdi ki, "Növbəti il də çempion olsanız, mən Ramin Musayev şəxsən sizə söz verirəm, bütün məsuliyyəti üstümə götürüb sizi Premyer Liqaya buraxdıracam". Biz ikinci dəfə çempion olduq, ama Ramin müəllim sözünün üstündə durmadı. Mən belə fikirləşirəm ki, Kamal müəllimə də sözü elə o verib. Amma bildiyim odur ki, ona bu söz hansısa kabinetdə verilmişdi.

- Klublar mətbuat işçilərini bazadan, klubdaxili söhbətlərdən uzaq tuturlar. Sən isə klubun azarkeşi olmaqla yanaşı jurnalist kimi fəaliyyət göstərirdin. Nə əcəb səni bu qədər yaxın tuturdular. Ən azı çəkinə bilərdilər ki, işivin xatirinə gördüyün nələrisə mediaya yaya bilərsən. 
- Buna qorxu deməyək, etibar deyək.  Çünki, klubun rəhbərliyindən tutmuş bazanın süpürgəçisinə qədər mənə etibar edirdi və bilirdilər ki, bazada gördüyüm hər şey bazanın qapısından çölə çıxmayacaq.  O vaxt futbolçularla da hərdən zarafatlaşanda deyirdim "əsəbləşdirmə ha məni, girib filan şeyi yazaram, futboldan uzaqlaşdırarlar səni". (gülür)... Həqiqətən bazada elə şeylər olurdu ki, mediaya çıxartsaydım AFFA klubu I Diviziondan da uzaqlaşdırardı. Məni də daşa basardılar klubda. (gülür)...

- Artıq bu klub fəaliyyət göstərmir. Yəni danışsan da, səni daşa basan olmayacaq. Maraq gəldi. Biraz ucundan-qulağından bizə də bəhs etsən...
- Məsələn vaxt olub ki, səfər oyununa gedəcəyimizə görə bazaya səhər ertədən gəlmişəm. Hansısa otağa girib pəncərəni açırdım ki, siqaretin iyi çıxsın. Uşaqları da oyadırdım ki, "Bəsdir yatdınız. Durun heç olmasa külqabıları boşaldın. Kamal müəllim harda olsa gələcək birazdan" (gülür)... Amma qətiyyən ad çəkməyəcəm. Çünki bu hansısa futbolçunun və ya futbolçuların indiki karyerasına ziyan vura bilər.

- Bu müsahibəni oxuyub, onlardan bəhs etdiyini bilsələr, hər halda inciyəcəklər...
- İnciməzlər. Ad çəkmirəm ki. (gülür)... Amma bir dəfə Kamal müəllim məndən incimişdi. Çünki oyundan sonra baş verən hadisəni mediada görmüşdü. Həmin oyuna isə, jurnalistlərdən təkcə mən getmişdim.
 


- Bəs işini azarkeş duyğuna qurban verdiyin üçün peşman olmusan?
- Mənə olunan etibardan heç vaxt sui-istifadə etmədiyim üçün peşman olmamışam. Çünki inam, etibar insan üçün vacib xüsusiyyətdir. İdman jurnalisti və klubun azarkeşi olmaqdan əlavə, klubun içində olan yeganə qeyri-rəsmi işçisi idim. İstəməzdim "Neftçala"-nın adına ziyan gəlsin. Bəlkə də, elə bu onların mənə etdiyi etibarın başlıca səbəbi idi.

- Hazırda doğma rayonunda futbol var?
- Deyəsən Regionlar liqasında rayonu təmsil edən komanda var. Eşitdiyim qədərilə, sadəcə Neftçalada futbol oynaya bilən gənclərdən ibarətdi heyət.  Azərbaycan futbolundan incidiyim üçün, o liqanı izləmirəm. Ancaq bildiyim odur ki, Neftçalada bir daha heç vaxt peşəkar səviyyədə klub olmayacaq.
 
Röya Kərimli
Sport7.az

Xəbər lenti