Bekkenbauerin arzusu

Bekkenbauerin arzusu
Yanlış xatırlamıramsa, bu söhbət 1998-ci ildə keçirilən dünya çempionatın püşkatması öncəsi olmuşdu. Alman futbolunun əfsanələrindən sayılan, bir müddət Almaniya Futbol Federasiyasında rəhbər vəzifələri tutan Frants Bekkenbauer UEFA-nı hədəfə almışdı. O, böyük turnirlərin seçmə mərhələlərinin keçirilməsi sistemini və püşkatmasnın formasını tənqid etmiş, məhz Azərbaycanın da adını çəkməklə bizim kimi zəif futbol ölkələrinin nəhənglərlə eyni qrupa düşməsinin düzgün olmadığını bildirmişdi.
 
Bekkenbauer arzulayırdı ki, "cırtdanlar”, yəni Azərbaycan, Andorra və Farer kimi komandalar əvvəlcə öz aralarında oynasınlar, ən güclünü müəyyənləşdirsinlər. Ondan sonra Almaniya, Fransa, İtaliya kimi yığmalarla oynamaq şərəfinə nail olsunlar. Herr Frantsın sözləri mənim uşaq qəlbimə yer eləmişdi, ona və bütünlüklə alman futboluna qarşı nifrət hissim oyanmışdı. Hətta uzun müddət Almaniya millisinin və klublarının əleyhinə azarkeşlik də etmişdim.

Bir müddət sonra oxşar narazılıqlar və bu narazılıqlardan yaranan təkliflər başqalarının da dilindən səslənməyə başladı. Hətta təkəbbürlü Joze Mourinyo da bir dəfə bu məsələ ilə bağlı danışmış, "ulduz” futbolçuların Azərbaycan kimi rəqiblərlə oyunlardan ötrü uzaq səfərlərə yollanmasını, zədələnmək etimalı ola-ola meydana çıxmasını, klubların düşərgəsindən ayrılmasını etirazla qarşılamışdı. İndiki kimi yadımdadı ki, Mourinyo da bilavasitə Azərbaycanın adını dilə gətirmiş, bizim futbolçumuzu aşağılamaqdan çəkinməmişdi. İllərdi səslənən tənqidlər, etirazlar öz bəhrəsini verməyə bilməzdi. Artıq bu münasibətlə həm Bekenbaueri, həm də Mourinyonu, eləcə də onlarla həmfikir olanları təbrik etməliyik. Onların ideyası gerçəkləşməyə başlayıb, Avropa da milli komandalar siniflərə bölünməkdədir. Artıq İtaliya, İngiltərə, Almaniya, İspaniya kimi komandalarla qarşılaşmaq bizim üçün o qədər də əlçatan arzu olmayacaq. UEFA-nın keçirdiyi Millətlər Liqası da buna doğru atılmış ciddi addımdı.

"Başa gələn çəkilir” deyib atalarımız. Elə biz də illərdi bu aqibətimizi özümüz seçmişik, nəhənglər sırasında qərarlaşa bilməmişik, "cırtdanlar”ın sırasına sürüşmüşük. Bu sətirləri bilgisayarımın yaddaşına köçürərkən dəyərli Tahir Süleymanovun "feysbuk”da yazdığı bir status gözümə sataşdı: "Azərbaycan ataları illər sonranı görən kişilər olub. Deyiblər ki, şəhərdə axırıncı olmaqdansa kənddə birinci olmaq yaxşıdı”. Düz deyirsiz, Tahir bəy. AFFA-da oturan qalstuklu, Avropa təhsili görmələri ilə öyünən, əcnəbi dilləri ana dilimizdən yaxşı bilən cənablar da ata-babalarımıza bağlı insanlardı. Ona görə də onların dediklərini əməli işdə göstərməyə çalışırlar. Bunun da bariz nümunəsi Azərbaycan millisinin Kosova, Malta və Farer adaları ilə "qrup yoldaşı” olması, onlarla eyni səviyyədə yer almağımızdı.

Özü də biz bu "uğura” 10 ildən çoxdu futbola milyonlar xərcləməklə, Dövlət Proqramını icra etməklə, Berti Foqts və Robert Prosineçki kimi tanınmış mütəxəssisləri millimizdə çalışdırmaqla, Bernard Lipperti yağ içində böyrək kimi bəsləməklə nail olmuşuq. Özü də illərdi ki, milli komandalarımızın heyətinin təxminən yarısını Dağıstandan, Almaniyadan, Ukraynadan, hətta Braziliyadan gətirilən "milliləşdirilmiş” futbolçular təşkil edirlər. Görün indi onlar olmasaydı, Fotqsa Prosineçki bizimlə çalışmasaydılar, AFFA-nın idarəçiliyi Elxan Məmmədov kimi dəyərli kadr öz üzərinə götürməsəydi bizi necə məşəqqətli günlər gözləyirdi. Yəqin ki, Anatoli Banişevskinin, Ələkbər Məmmədovun, Nazim Süleymanovun, Vəli Qasımovun vətənində futbol yerli-dibli ləğv olmuşdu, top oyununu ancaq televizorda görə bilirdik.

Dostumuz Elxan Yusiflinin sözü olmasın, kimlərsə "ölüm”, biz isə "ölülər qrupu”nda mübarizə aparırıq. Qurban Qurbanovun üzərinə böyük məsuliyyət, ağır yük düşür. Bizi həyata qaytarmalı, "ölülər”in, "cırtdanlar”ın arasında çıxarmalı, başımızı başlara qoşmalıdı. Son seçmə mərhələdə topladıqları bir xalla öyünən Kosovo və Malta, son illər Avropada boy göstərməyə başlayan Farer adaları birnəfəsə keçilməli, D qrupunun digər "sakinləri” də bizimlə görüşlərdən məğlub ayrılmalıdılar. Yalnız bu halda illərdi sinəmizə çəkilən çalın-çarpaz dağların acısı undular, göyə sovrulan milyonlarımızın əvəzi çıxılmış olar. Bekkenbauer arzusuna çatıb. İndi qalıb bizim arzumuza çatmağımız.
 
Mənbə: 
"Futbol+” qəzeti, Amal ABUŞOV

Xəbər lenti