"Belə oyunlarda gərginlik olur" - Qurban Qurbanov

"Yaxşı oyun alındı. Hər iki komanda maraqlı futbol göstərdi".
 
Sport7.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Qış fasiləsindən sonrakı ilk turda çempionluq yolunda əsas rəqibi olan "Qəbələ"ni qəbul edən Ağdam təmsilçisi rəqibi ilə qolsuz bərabərə qalıb.

Qurbanov qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında oyunu dəyərləndirib: "Komandamdan razı qaldım. Futbolçularımız düşünülmüş hücumlar qururdular. Bu matçda sadəcə, qol çatmadı. Amma belə oyunlarda istər-istəməz gərginlik olur. Toplanışdan yeni qayıdıblar. İkinci yarı daha çətin olacaq. Çünki bütün komandalar heyətlərini genişləndiriblər. Biz də oyunumuzu yaxşılaşdırmalıyıq".


- Ramil Şeydayevə bu gün də şans vermədiniz. O, özünü niyə doğrulda bilmir?

- Ramil üzərində çalışan futbolçudu. Bizim futbolçulardan öz tələblərimiz var. Oyunların gedişatının tələbinə uyğun addım atırıq. Digərləri daha uğurlu oynadıqları üçün şans əldə etmir. Elə oyunçu var ki, gənc yaşda komandaya daha tez uyğunlaşır. Belə futbolçulara daha çox oynamaq lazımdı ki, təcrübə toplasın. Onun üzərində çalışırıq, daha çox vaxt ayırırıq. Ramildə istək var. Ona inanırıq. İndiki məqamda digərləri daha hazırlıqlıdı.


- Final fitindən sonra azarkeşlərə yaxınlaşıb nə dediniz? Sanki mübahisə edirdiniz...

- Azarkeşlərin hər birinə hörmət edirəm. 20-25 yaşlı uşaqlar "Qurban, Qurban" deyə qışqırırdılar. Etirazım buna idi. Gənc yaşda belə kiçik etiraz... Yenə də azarkeşlərə sağ ol deyirəm. Məncə, diqqətli olsalar, daha yaxşı olar. (Apasport.az)
 
Sport7.az

Xəbər lenti