Oğlum dünyaya gələndən sonra futbolun ölüm-qalım məsələsi olmadığını anladım / Yürqen Klopp

Oğlum dünyaya gələndən sonra futbolun ölüm-qalım məsələsi olmadığını anladım / Yürqen Klopp

24.09.2019 / Bu yazı Yürqen Klopp tərəfindən "The Players' Tribune" üçün qələmə alınıb:
 
"Söhbətə bir az utancverici hekayə ilə başlamalıyam. Çünki bəzən ətrafdakıların futbolçuları və məşqçiləri Allah kimi görməyindən qorxuram. Mən xristianam və tək olan Tanrıya inanıram. Sizi əmin edə bilərəm ki, Allahın futbolla heç bir əlaqəsi yoxdu. Hamımız daimi olaraq uğursuzluqla üzləşirik - həqiqət bundan ibarətdi. Mən də məşqçiliyimin ilk illərində bir neçə dəfə uğursuz olmuşam. Həmin hekayələrdən birini danışacam.

2011-ci ilə qayıtmalıyıq. Dortmund "Borussiya"sını çalışdırırdım, "Bavariya" ilə matçımız var idi. Çempionatın ən önəmli oyunlarından birindən söhbət gedir. Təxminən 20 il idi ki, Münhendə qələbəyə həsrət idik. Filmlərdən çox ilham alan biriyəm. Ona görə də oyunçularıma motivasiya vermək lazım gələndə həmişə yadıma Rokki Balboa düşür. Məncə, "Rokki" filminin ilk dörd hissəsi bütün məktəblərdə uşaqlara göstərilməlidi. Əlifbanı öyrənməkdən bir fərqi olmamalıdı. "Rokki"ni izlədikdən sonra içinizdə dağın başına çıxmaq istəyi yaranmırsa, deməli, sizdə problem var.

Nə isə... "Bavariya" ilə oyundan əvvəlki gecə idi, oteldə komanda önündə çıxış edəcəkdim. Oyunçuların hamısı oturmuşdu. İşıqları söndürmüşdük. Onlara acı reallıqdan bəhs etdim: "Borussiya" sonuncu dəfə Münhendə qələbə qazananda əksəriyyətiniz pampers taxırdı". Sonra "Rokki"nin IV hissəsinə dair bəzi səhnələri onlara göstərdim. İvan Draqonun olduğu səhnə... - məncə, əsl klassikadı. Draqo kompüterə bağlı qaçış aparatındadı və elmi işçilər onun üzərində sınaq aparırlar. Yadınızdadı? Oyunçulara dedim: "Görürsünüz? "Bavariya" İvan Draqodu. Ən yaxşı texnologiya, ən yaxşı aparatlar... - hər şeyin ən yaxşısı onlardadı. Onların qarşısını almaq mümkün deyil".

Sonra Rokkinin Sibirdə, ağacdan tikilimiş evdə məşq etdiyi səhnə gəlir. Şam ağaclarını kəsir, qarda kötükləri daşıyır və dağın zirvəsinə kimi qaçır. Həmin an uşaqlara dedim: "Bu isə bizik. Biz Rokkiyik. Hə, balacayıq, amma ehtirasımız var. Bizdə əsl çempion ürəyi var. Biz mümkünsüzü reallaşdıra bilərik!!!"
 


Belə-belə davam edirdim və bir yerdən sonra oyunçuların necə reaksiya verəcəyini görmək üçün onlara baxdım. Stulların üzərinə çıxacaqlarını, Sibirdəki dağın başına qalxmağa hazır olacaqlarını, bir sözlə, dəliyə dönəcəklərini gözləyirdim, amma hamı yerində oturmuşdu. Boş-boş baxırdılar. Mənasız ifadələrlə məni süzürdülər. Tamamilə səssizlik hakim idi. Sanki baxışları ilə demək istəyirdilər: "Görəsən, bu dəli nə danışır?" Sonradan başa düşdüm. "Rokki"nin IV hissəsi neçənci ildə çıxıb? 1980-ci illər olar, hə? Bəs oyunçularım nə vaxt dünyaya gəliblər?

Nəhayət ki, dilləndim: "Bir dəqiqə dayanın. Uşaqlar, Rokki Balboanın kim olduğunu bilənlər əllərini qaldırsınlar". Cəmi iki nəfər əlini qaldırdı: Sebastyan Kel və Patrik Ovomoyela. Digərləri isə "yox" cavabını verdilər.

Komanda önündəki çıxışım, sən demə, cəfəngiyatdan ibarət imiş. Mövsümün ən önəmli matçı idi. Bəlkə də, bəzi oyunçular həyatlarının ən vacib oyununa çıxacaqdılar. Məşqçiləri isə 10 dəqiqədi ki, onların qarşısında qışqıra-qışqıra Sovet texnologiyası və Sibirdən danışır. Hahahaha, buna inana bilirsiniz?

Yenidən danışmaq məcburiyyətində qalmışdım. Bu hekayə, doğrudan da, baş verib. Bax, real həyatda belə şeylər olur. Biz də insanıq. Bəzən özümüzü pərt edirik. Futbol tarixinin ən yaxşı nitqi olduğunu düşündüyün bir şey, əslində, mənasız söz yığınından ibarətdi. Bununla belə, ertəsi gün yuxudan oyanırıq və yenidən başlayırıq.

Bu hekayə ilə bağlı ən qəribə şeyin nə olduğunu bilirsiniz? Düzü, oyundan qalib və ya məğlub ayrıldığımızdan əmin ola bilmirəm. 2011-ci ildə 3:1 hesabı ilə qələbə qazandığımız matçdan əvvəl isə bu çıxışı etdiyimdən əminəm. Hekayə bu formada daha maraqlı olar, hə? Yenə də, 100% əmin ola bilmirəm. Nəticələri unuda, onları qarışdıra, bir sözlə, aləmi bir-birinə vura bilərsiniz. Amma həmin oyunçuları, həyatımın həmin periodunu və bu balaca hekayələri isə... heç vaxt unutmayacam. İnsanlar futbolla bağlı məhz belə şeyləri anlaya bilmirlər.

Ötən gecə FIFA tərəfindən mövsümün ən yaxşı baş məşqçisi seçildim. Əlimdə mükafat, səhnədə təkbaşına dayanmağı sevmirəm. Futbolda qazandığım hər şeyi ətrafımdakı insanlara borcluyam. Söhbət təkcə oyunçularımdan getmir; ailəm, oğullarım, başlanğıcdan, adi biri olduğum günlərdən bəri yanımda olan hər kəsi nəzərdə tuturam.
 


Nə yalan deyim, 20 yaşım olanda gələcəkdən biri gəlsə və həyatımda baş verəcək hadisələri qulağıma pıçıldasa, inanmazdım. Hətta Maykl Cey Foks skeytbordu ilə gəlsə və olacaqlardan danışsa, yenə də mümkünsüz olduğunu deyərdim.

20 yaşım olanda həyatımın gedişatını tamamilə dəyişən bir şey baş verdi. Ata oldum, halbuki özüm elə uşaq sayılırdım. Düzü, mükəmməl zamanlama deyildi. Həvəskar şəkildə futbolla məşğul olmaqla yanaşı, universitetdə oxuyurdum. Təhsil haqqını ödəmək üçün, kinoteatrlara lazım olan filmlərin saxlanıldığı anbarda çalışırdım. Gənclər yanlış anlamasın deyə deyirəm, söhbət DVD-lərdən getmir. 80-ci illərin sonlarından danışıram. Səhər saat 6-da yük maşınları gəlib yeni filmləri aparırdı. Bizim işimiz isə nəhəng metal kanistrləri doldurmaqdan və boşaltmaqdan ibarət idi. Çox ağır idilər. "Ben-Hur" və digərləri kimi, 4 makaralı filmlərin gəlməməsi üçün dua edirdik. Əks təqdirdə günümüz bərbad keçirdi.

Hər gecə 5 saat yatırdım. Səhər anbarda olmalı idim, oradan çıxdıqdan sonra dərsə yollanırdım. Axşamlar məşqə gedərdim. Evə qayıtdıqdan sonra isə oğlumla zaman keçirməyə çalışırdım. Çox çətin idi. Amma həyatın əsl üzünü həmin günlərdə görə bildim. Gənc olmağıma baxmayaraq, ciddi birinə çevrildim. Axşamlar dostlarım zəng edib birlikdə paba getməyi təklif edərdilər. Bütün gücümlə demək istəyirdim: "Hə! Hə! Gəlmək istəyirəm!" Amma, təbii ki, gedə bilməzdim. Çünki artıq təkcə özüm üçün yaşamırdım. Yorğunsan və günortaya kimi yatmaq istəyirsən... - uşaqları belə şeylər maraqlandırmır.

Dünyaya gətirdiyin insanın gələcəyi barədə narahatlıq keçirməkdən o tərəfə bir şey yoxdu. Bu, əsl çətinlikdi. Futbol meydançasında baş verənləri bununla müqayisə etmək olmaz. Bəzən insanlar məndən gülməyimin səbəbini soruşurlar. Hərdən uduzduğumuz oyunlardan sonra da gülümsəyirəm. Çünki oğlum dünyaya gələndən sonra futbolun ölüm-qalım məsələsi olmadığını anladım. Biz kiminsə həyatını xilas etmirik. Futbol - iztirabı və nifrəti təbliğ edən bir şey olmamalıdı. Futbol, xüsusilə də, uşaqlar üçün ilham və əyləncə mənbəyi olmalıdı.

Balaca, yumru topun bir neçə futbolçumun həyatını necə dəyişdirdiyinin şahidi olmuşam. Məhəmməd Salah, Sadio Mane, Roberto Firmino... - siyahını çox uzada bilərəm, rəhbərliyim altında oynayan futbolçuların inanılmaz həyat hekayələri var. Gənc yaşlarda Almaniyada üzləşdiyim problemlərlə onların yaşadığı çətinlikləri müqayisə etmək belə ayıbdı. Asanlıqla təslim ola bilərdilər, amma onlar mübarizə aparmağı seçdilər. Onlar Tanrı deyillər. Onlar, sadəcə, heç vaxt xəyallarından əllərini üzməyən uşaqlardılar.
 


Məncə, futbolun 98%-i uğursuzluqla mübarizə aparmaq, çətinliklərə baxmayaraq, ertəsi gün gülümsəmək və oyundan zövq almağa çalışmaqdan ibarətdi. Başından bəri səhvlərimdən dərs çıxarmağa çalışıram. İlk səhvimi heç vaxt unutmayacam. 2001-ci ildə, 10 il futbol oynadığım "Maynts"da baş məşqçi kimi çalışmağa başladım. Problem odur ki, oyunçular hələ də mənim dostlarım idilər. Bir gecənin içərisində onların bossuna çevrilmişdim. Amma onlar məni "Kloppo" kimi çağırmağa davam edirdilər.

Məşqçi kimi ilk oyunumdan əvvəl heyətləri açıqlamalı idim. Oynayıb-oynamayacaqlarını futbolçuların birbaşa üzlərinə demək qərarına gəldim. Sən demə, planım bərbad imiş. Çünki futbolçular iki nəfər üçün nəzərdə tutulmuş otel otaqlarında qalırdılar. Təsəvvür edin, otağa girirdim, iki oyunçudan birinə heyətdə olduğunu deyirdim, digərinə isə olmadığını. Oynamayacağını dediyim futbolçulardan biri "Kloppo, niyə?" deyə soruşanda planımın axmaqca olduğunu anladım.

Əksər hallarda qərarımın səbəbini açıqlaya bilmirdim. Tək cavab var idi: "Heyətdə 11 nəfərdən artıq oyunçu ola bilməz". 9 otaqda toplam 18 nəfər qaldığı üçün, ilk otağı tərk etdikdən sonra daha 8 dəfə eyni sözləri deməli idim: "Sən oynayırsan, sən isə yox". Həmişə də cavab eyni idi: "Kloppo, niyə?" Hahahah, dözülməz idi.

Məşqçi kimi özümü "yandırdığım" anlardan sadəcə birincisi idi. Nə edə bilərsən ki? Salfeti götürürsən, "təmizləyirsən" və səhvindən dərs çıxarmağa çalışırsan. Hələ də mənə inanmırsınızsa, bu barədə düşünün: məşqçi kimi ən böyük zəfərimin təməlində belə, fəlakət dayanır.

Ötən mövsüm Çempionlar Liqasının yarımfinalında səfərdə "Barselona"ya 0:3 hesabı ilə məğlub olmaq ağla gələ biləcək ən bərbad senari idi. Revanş matçı ərəfəsində komanda önündəki çıxışım çox bəsit idi. Bu səfər Rokki filan yox idi. Daha çox taktiki detallar haqda danışdım. Eyni zamanda, onlara reallıqdan da bəhs etdim: "Dünyanın ən yaxşı hücumçularından ikisi olmadan meydana çıxacağıq. Hamı üzərimizə düşən öhdəliyin mümkünsüz olduğunu düşünür. Dürüst olaq, bu, demək olar ki, imkansızdı. Mümkünsüz olmasının səbəbi sizsiniz? Yox, əslində, əlimdə sizin kimi oyunçular var deyə, müəyyən qədər şansımız var".

Həqiqətən də dediklərimə inanırdım. Söhbət futbolçu kimi onların texniki bacarığından getmirdi. Bir insan kimi onların kim olduqlarına bələd idim, həyatları boyunca öhdəsindən gəldikləri çətinlikləri bilirdim. Buna görə də inanırdım.

Təkcə bu cümləni əlavə etdim: "Uğursuz olsaq belə, gəlin, bunu ən gözəl şəkildə edək". Əlbəttə, mənim üçün bu sözləri demək asandı. Mən, sadəcə, kənardan qışqıran adamam. Əsas yük futbolçuların çiyninə düşür. Amma oyunçularım və stadiondakı 54 min insan sayəsində mümkünsüzü reallaşdırdıq. Heç bir şeyi təkbaşına etmirsiniz - futbolla bağlı ən gözəl şey də elə budu. İnanın mənə, futbolda təkbaşına heçsiniz.

Təəssüf ki, Çempionlar Liqası tarixinin ən inanılmaz anını görə bilmədim. Bilmirəm, bəlkə də, məşqçinin həyatı üçün bundan gözəl məcaz ola bilməz... Qısası, Trent Aleksander-Arnoldun dahilik nümunəsi olan epizodunu tamamilə qaçırmışdım. Künc zərbəsi olduğunu, Trentin korner bayrağına tərəf yollandığını, Şakirinin isə onu izlədiyini gördüm. Amma ondan sonra arxamı meydana tərəf çevirdim, çünki oyunçu dəyişikliyi etməyə hazırlaşırdıq. Köməkçimlə danışırdıq... Hər dəfə yadıma düşəndə tüklərim biz-biz olur... Sadəcə hay-küyü eşitdim. Meydana tərəf baxdım və top artıq qapıda idi.
 


Sonra əvəzedicilər skamyasına tərəf çevrildim, Ben Vudbönə baxdım və o, dilləndi: "Bir az əvvəl nə baş verdi?" Cavabımda dedim: "Heç bir fikrim yoxdu". Azarkeşlər özlərindən çıxmışdılar. Köməkçim qışqıra-qışqıra danışırdı: "Oyunçu dəyişikliyi qalsın, ya edək?" Onu çətinliklə eşidirdim. Hahahaha, dediklərini heç vaxt unutmayacam. Həmin an sonsuza kimi mənimlə qalacaq.

18 illik məşqçilik karyeram var, saatlarımı oyunları izləməyə sərf edirəm, bununla belə, futbol meydançasında baş vermiş ən hiyləgər hərəkəti qaçırmışdım... Təsəvvür edə bilirsiniz? O gecədən bəri Divokun qolunu, bəlkə də, 500 min dəfə izləmişəm. Amma canlı olaraq həmin anı qaçırmışdım. Mən meydana tərəf baxanda artıq top qapıda idi.

Oyundan sonra otağıma yollandım. Bir qurtum da olsun pivə içmədim. Ehtiyacım yox idi. Əlimdə bir butulka su, səssiz şəkildə bir kənarda oturdum və gülümsədim. Həmin hissləri tam olaraq sözlə təsvir edə bilmərəm. Evə yollandım, ailəm, dostlarım hamının əhvalı kök idi. Evdə parti atmosferi var idi. Amma mən emosional olaraq çox yorğun idim deyə, birbaşa yatmağa getdim. Bədənim və zehnim tamamilə boşalmışdı. Həyatımda heç o qədər yaxşı yatmamışdım. Səhər oyanırsan və görürsən ki, baş verənlər yuxu deyil, hər şey gerçəkdi. Bundan gözəl nə ola bilər?

Mənim üçün filmlərlə müqayisədə daha ilhamverici olan yeganə şey futboldu. Səhər yuxudan durursunuz və görürsünüz ki, möcüzə artıq realdı. Draqonu vurub yıxmısınız... - hə, bu, həqiqətən də, baş verib.
 

 
İyun ayından, daha doğrusu, Çempionlar Liqası titulu ilə Liverpul küçələrində gəzdiyimiz gündən bəri bunu düşünürəm. Həmin gün hiss etdiklərimi sözlə təsvir edə bilmərəm. Şəhər boyunca avtobusla irəliləyirdik. Müəyyən müddət sonra düşünməyə başlayırsan: yəqin ki, mərasim indi bitər, bu dəqiqə bitər, şəhərdə daha artıq adam ola bilməz axı... Amma döngə döngəni əvəzləyir, yeni insanlar görürsən və anlayırsan ki, parad qaldığı yerdən davam edir. Fantastik idi. Həmin emosiyaları, həyəcanı, sevgini bir butulkaya toplayıb, yaya bilsək, hər halda, dünya daha yaxşı bir yer olardı.

Emosiyaları ağlımdan çıxara bilmirəm. Həyatımdakı hər şeyi futbola borcluyam. Əvəzində, mən də borcumu ödəmək üçün əlimdən gələni etmək niyyətindəyəm. Təbii ki, danışmaq asandı. Bəs həqiqətə qalanda fərd olaraq bu dünyada necə fərq yarada bilərik?

Xuan Mata, Mats Hummels, Meqan Rapino və daha bir neçə futbolçunun "Common Goal" hərəkatına qoşulmağı məni ilhamlandırır. İnanılmaz işlər görürlər. Artıq sayları 120 nəfəri keçib. Onlar qazanclarının 1%-ini dünyadakı qeyri-hökumət təşkilatlarına bağışlayırlar. Cənubi Afrika, Zimbabve, Kamboca, Hindistan, Kolumbiya, Böyük Britaniya, Almaniya və digər ölkələrdə gənclərlə bağlı nəzərdə tutulmuş futbol proqramlarına dəstək verirlər.



Söhbət təkcə dünyanın ən zəngin futbolçularından getmir. Qadınlardan ibarət Kanada yığmasının start heyətinin hamısı bu hərəkata qoşulub. Yaponiya, Avstraliya, Şotlandiya, Keniya, Portuqaliya, İngiltərə, Qana... - dünyanın hər yerindən isimlər var. Belə bir hərəkatdan ilhamlanmamaq mümkün deyil. Futbol məhz budu.

Mən də hərəkatın bir parçası olmaq istəyirəm. Bu səbəbdən illik maaşımın 1%-ini "Common Goal"-a bağışlayacam. Ümid edirəm ki, futbol dünyasından daha bir neçə isim mənə qoşulacaq.

Səmimi olaq, dostlar, etiraf edək ki, biz çox şanslı insanlarıq. Məhz bizim kimi imtiyazlı insanlar həyatda ümidə ehtiyacı olan uşaqlara yardım etməlidi. Problemlərlə üz-üzə qaldığımız günləri unutmamalıyıq. İçində yaşadığımız bu qovuq real dünya deyil. Məni bağışlayın, amma futbol meydançasında baş verənləri problem hesab etmək olmaz. Bu oyunun gəlir və mükafatlardan başqa, daha böyük məqsədi olmalıdı. Sadəcə, düşünün: hamımız bir araya gəlsək və dünyada pozitiv mənada fərq yarada bilmək üçün qazancımızın 1%-ini bağışlasaq, nələr-nələr edə bilərik... Bəlkə, mən sadəlövhəm... Bəlkə də, mən dəli və qoca xəyalpərəstin biriyəm...

Yaxşı, bəs futbol kimin üçündü?

Hamımız cavabı çox yaxşı bilirik: bu oyun xəyalpərəstlər üçündü".

Tərcümə: Rüfət Məcid


OXŞAR XƏBƏRLƏR