"Bəlkə, nə vaxtsa özümə aid bir zal olar" - Müsahibə - FOTOLAR

O, bir neçə il əvvələ kimi bizim həmkarımız idi. "Futbol+” qəzetində başlayan karyerasının gedişində "Komanda.az” saytının sələfi deyə biləcəyimiz "Komanda” qəzetində də çalışmışdı. Bir müddət keçdi və jurnalistikada görməyə alışdığımız Kəmalə İsmayılovanı məşq meydançalarında gördük. Özü də dəyişmiş və xeyli dəyişmiş Kəmaləni. Ondan müsahibə götürmək istədiyimizi deyəndə, tərəddüd etmədən razılaşdı. Elə məşq keçdiyi zalda söhbətləşdik onunla: 

- Necə oldu ki, idman jurnalisti kimi tanıdığımız Kəmalə İsmayılova idman məşqçisi olmaq qərarına gəldi?
- Əslində, idmanla uşaqlıqdan maraqlanıram. Həmişə idmanın içində olmuşam. Elə o səbəbdən də, idman jurnalistikasını seçdim. Əvvəl peşəkar karate ilə məşğul olmuşdum. Karateni atandan sonra bir müddət idmandan uzaq qaldım. Sonra hiss etdim ki, idmansız qala bilmirəm. Fitnessə həvəsləndirdilər. Yavaş-yavaş başladım və anladım ki, mənimki elə budur (gülür).



- Demək olarmı ki, artıq bu sahədə özünü tapmısan?
- Bəli, yüz faiz. İlk vaxtlar başlayanda həvəskar kimi başlamışdım. Sonra İstanbulda fitness üzrə 6 aylıq təhsil aldım, biliklərimi təkmilləşdirdim. Ümumiyyətlə, məni fitnessə Tural İsmayılov gətirdi. Həm savadlı insan, həm də fitnessi dərindən bilən biridir. Bu sahədə Turalın mənə köməyi çox oldu.



- Əvvəllər idman jurnalisti kimi çalışmağının indi sənə köməyi dəyirmi?
- Çox köməyi dəyir. Həm əlaqələr yaxşıdır, həm də adətən, düşünürlər ki, idmançıların danışıq qabiliyyəti, dünyagörüşü yaxşı olmur. Amma mən mətbuatda çalışdığım üçün televiziyaya, yaxud başqa tədbirlərə dəvət alanda öz fikirlərimi sərbəst ifadə edə bilirəm.

- İdman jurnalistlərindən əlaqə saxladığın varmı? Ümumiyyətlə, idman mətbuatını izləyirsən?
- Bəli. Elə "Komanda.az” saytının baş redaktoru Rəşad Ergünlə, yazılı mətbuatdan Amal Abuşovla əlaqəm var. Eyni zamanda, televiziyada dostlarım çoxdur. İdman mətbuatını da mütəmadi olaraq izləyirəm. Çünki əvvəlki kimi, indi də futbol həvəskarıyam.



- Futbol oyunlarını izləyirsənmi? Bildiyimə görə, qarabağlısan. "Qarabağ”ı stadiondan dəstəkləyirsən?
- Hər gün izləyirəm. İstər dünya çempionatının oyunlarını, istərsə də xarici çempionatları mütəmadi olaraq izləyirəm. Azərkeşi olduğum komanda "Qalatasaray”dır. Vaxtım olduqca stadiona da gedirəm. "Qarabağ”ın oyunlarını da mümkün qədər izləyirəm. Futbolçu dostlarım da var.


- İdman jurnalistikasının incə qızı Kəmalə neçə ilə əzələli, idmançı Kəmaləyə çevrildi?
- Birdən-birə olmadı. Artıq üç ildir ki, fitness sahəsindəyəm. Üç ilə əziyyətlə, əzmkarlıqla və ən əsası, istəklə bu səviyyəyə çatdım. Əsas, yolun başlanğıcı çətin olur. Başlanğıcda təkan versən, asanlıqla istəyinə çata bilərsən.
 


- Bilirik ki, "ilin ən yaxşı gənc məşqçisi” nominasiyası üzrə müsabiqə keçirilir. Burda vəziyyət necədir?
- Bilirsiz ki, hazırda Azərbaycanda fitness zalları çoxdur, fitness məşqçiləri ondan da çoxdur. Bu qədər məşqçi içində bu müsabiqədə iştirak etmək özü də bir uğurdur. Sənə etimad göstərirlərsə, səni ən yaxşı kimi görürlərsə, bu, böyük bir şeydir. Səsvermə iki ay müddətində davam edəcək (yeri gəlmişkən, keçmiş həmkarımızın məşqlərindən görüntüləri izləmək istəyənlər onun "instaqram” hesabına baş çəkə bilər: @kemale__ismayilova). Nəticələr sentyabr ayında açıqlanacaq. Ümidliyəm, çünki izləyicilərim, tələbələrim çoxdur. İnanıram ki, onların sayəsində qalib ola bilərəm.



- Məşq keçdiyin zal özünündür?
- Xeyr, özümə aid deyil. Bəlkə, nə vaxtsa özümə aid bir zal olar. Düzü, bunu istəyirəm.

- İdman jurnalisti Kəmalə daha çox tanınırdı, yoxsa idman məşqçisi Kəmalə?
- Bəlkə müəyyən sahələrdə jurnalist kimi, digər sahələrdə isə məşqçi kimi tanındım. Amma düşünürəm ki, fitness məşqçisi kimi daha çox tanındım. Çünki o vaxt sosial şəbəkələr indiki kimi aktiv deyildi. Məhz bu amilə görə, indi daha çox tanındığımı düşünürəm.

- Gənc qızlara məsləhətin nədir? İdman jurnalisti, yoxsa idman məşqçisi olsunlar?
- Kim özünü hansı sahədə daha xoşbəxt görürsə, o sahə üzrə də həyatını qurmalıdır. Mən BDU-nun tarix fakültəsini bitirmişəm. Amma öz ixtisasım üzrə bir gün belə işləməmişəm. Bəlkə o diplom mənə həyatımın hansısa sahəsində lazım olacaq. Lakin mən özümü idman jurnalistikasında görürdüm, xoşbəxt hiss edirdim. Buna görə də, bir müddət orda çalışdım. Sonra hiss etdim ki, bu sahədə tükənmişəm, yeni sahəyə keçmək vaxtıdır. Ona görə də, kim özünü harda rahat hiss edirsə, orda çalışsın.

Sport7.az


Xəbər lenti