Bərbad sonluq və ya

Bərbad sonluq və ya "vəfat"ın bir addımlığında - Real hadisələr əsasında

Qadınlardan ibarət voleybol yığmamızın "Mədəniyyət" televizisiyası vasitəsilə canlı yayımlanan Bolqarıstan matçı olduqca "mədəni" bitdi. Avropa çempionatı Azərbaycan millisi üçün bir həftə erkən başa çatdı, amma bunu daha üç gün gecikdirmək olardı. On gün davam edən həyəcan biabırçılıqla yekunlaşdı, halbuki proqnozlara görə, turnirdə axırıncı matçımız son Avropa və Dünya çempionu - Serbiyaya qarşı olmalı idi. Əslində, bura qədər hər şey millimizin arzuladığı senari üzrə cərəyan etdi. Qrupdan ikinci çıxmaqla Serbiya və Türkiyədən "qaçan" komandamızın 1/8 finalda Bolqarıstanla qarşılaşa biləcəyini təxmin etmişdik, amma kaş etməz olaydıq və milli Serbiya və ya Türkiyədən birinə məğlub olaraq turnirlə vidalaşardı... Doğrudu, məğlubiyyət istənilən halda acıdı, sadəcə, dişimizə görə rəqib olan Bolqarıstan qarşısında voleybolçularımızın qələbə nədi, heç set ala bilməməsi və ilk iki setdə müqavimətsiz təslim olması dəhşətli sonluq idi.

Bu uğursuzluğun arxasında bir neçə səbəb tapmaq olar: top qəbulu ilə bağlı illərdi davam edən problem, Polina Rəhimovanın zəif çıxışı, libero Bəyaz Əliyevanın Valeriya Məmmədovanı lazımınca əvəz edə bilməməsi və s. İlk dəfə əcnəbi məşqçi – italiyalı çalışdırıcı Covanni Kaprara ilə AÇ-yə yollanan voleybolçularımız, adət etdiyimiz kimi, üzümüzü ağ etmədi. Onsuz da, qrupdan çıxmaq heç bir halda sevinmək üçün əsas deyildi, çünki altı komandalı qrupdan, özü də bu cür münasib qrupdan çıxmamaq daha böyük rəzalət olardı... Estoniya kimi, xal qazanmayan autsayder və debütanta iki set, bir xal verən zəriflərimiz sözügedən ölkənin voleybolunun tarixinə keçdilər.

Voleybolçularımızın dəfələrlə qarşılaşdığı və yaxından tanıdığı Bolqarıstan dişli rəqib kimi qiymətləndirilirdi, üstəlik, rəqibin son turda qrupdan çıxması da qeyd olunmalıdı. Serbiya və Türkiyədən bir set almağı bacaran bolqarlar, eyni zamanda, zəif Fransaya uduzmaları ilə diqqət mərkəzinə düşmüşdülər. Dişinə görə rəqibə bu formada uduzan millinin baş məşqçisi Covanni Kapraranın ən böyük günahı hər oyuna fərqli heyət çıxarması yox, normal voleybolçu yetişdirə bilməyib, Kristina, Yana, top qəbul edə bilməyən Yelizaveta, Odina və digərlərinə bel bağlayan yığmanı çalışdırması, ölkə çempionatı olmayan federasiya ilə əməkdaşlıq etməsidi. Belə titullu voleybol mütəxəssisi "n" qədər problemi olan yığmanı niyə çalışdırsın? Təbii ki, pul qazanmaq üçün. Hər halda, italiyalı bu yaşda top qəbul etməyi bacaran voleybolçu yetişdirəcək vəziyyətdə deyil. Onsuz da, hər turnir top qəbulu ilə bağlı səhvlər qabardılır, amma sağalmaz xəstəliyə çevrilən problem həllini tapmır. Bunu Kaprara həll edəcəkdi? Hmm...

Xorvatiya ilə oyunun şərhçisi "Rəqibin heyətində Polina Rəhimova səviyyəsində voleybolçu yoxdu" demişdi. Ona məsləhət görərdim ki, xorvat Samanta Fabrisin (son mövsüm "İmoko Volley"in heyətində Çempionlar Liqasında final oynayıb - red.) ötən gün meydan sahiblərindən biri - Türkiyəyə qarşı 39 xallıq performansını bir neçə dəfə gözdən keçirsin. Əlavə olaraq, Xorvatiya yox, biz qrupda üçüncü olsaq, güclü azarkeş dəstəyi olan Türkiyəyə qarşı bu cür oynaya bilərdikmi? Çətin! Lakin yerimizdə məhz "damalılar” olsaydı, böyük ehtimalla İvan Petkovun komandası hazırda 1/4 finalçı olmayacaqdı. Hələ mən digər meydan sahibi Slovakiyanın son dünya ikincisi İtaliyaya qarşı apardığı mübarizə və Lodzda Polşaya müqavimət göstərən təcrübəsiz İspaniya millisindən danışmadım. 0:3 uduzanda da gərək elə uduzasan.

Qadın voleybolçularımız bizə Serbiya ilə matçı çox gördülər. Yuxarıda qeyd etdiyim kimi, son Avropa və dünya çempionlarına belə quru hesabla uduzmaq normal qəbul olunardı. Necə ki, 3 gün əvvəl "TRT Spor"un şərhçisi doğma publika qarşısında məhz serblərə 1:3 uduzan Türkiyə yığmasını "AÇ və DÇ-nin qalibinə məğlub olduq” kimi təsəlli etmişdi.

Bəlkə də, bu rəzalətdən sonra Kaprara ilə yollar ayrılacaq və yerinə yaxın günlərdə 60 yaşını qeyd edən voleybolumuzun "olmazsa olmaz”ı Faiq Qarayev təyin olunacaq. Əvvəllər alternativ kimi Aleksandr Çervyakov var idisə, o, vəfat edəndən sonra Qarayev vəfat etməkdə olan voleybolumuzda tək qalıb. Nə demək olar, Allah rəhmət eləsin!

 

OXŞAR XƏBƏRLƏR