Bəs 28 may bayramı, bəs kubokun finalı?

Bəs 28 may bayramı, bəs kubokun finalı?
Milli komanda bizim hamımızındı. Canımızdı, gözümüzdü. Dünyada ən çox qələbəsini aruzladığımız, ürəkdən sevdiyimiz, canı-könüldən rənglərinə bağlandımız bir nömrəli komandadı. Onun inkişafı, güclənməsi, böyüməsi üçün hamımız əlimizdən gələni etməli, kömək göstərməliyik. Mən razı. Əminəm ki, sizin də etirazınız yoxdu. "Amma”sı isə var...

Azərbaycanda futbol xeyli vaxtdı ki, peşəkar səviyyədə oynanılır. Peşəkar Futbol Liqası çempionatın və ölkə kubokunun təşkilinə nəzarət edir, mövsümün əvvəlində təvim hazırlanır. Sonra da bu təqvim üzrə ölkə çempionu müəyyənləşir, kubok öz sahibinə qovuşur. Təqvim də onun üçündü ki, hamı işini bilsin, əvvəlcədən hazırlıq planından tutmuş istirahətinə qədər hər şey nizamlansın. "Amma”sı isə həmişə olub...

Berti Foqtsun vaxtında beləydi, Robert Prosineçki bir qədər fərqlənsə də, mahiyyət dəyişməmişdi. Çempionatda uzun fasilələr yaranır, klubların marağı milliyə qurban verilirdi. Uzun müddətli toplanışlar futbolçuları klubun düşərgəsindən ayırır, eləcə də PFL-in işini çətinləşdirirdi. Çünki belə fasilələr ucbatından təqvimi hazırlamaq xeyli müşkül olurdu. Eləcə də qəfil yerdəyişmələrə tez-tez rast gəlirdik. Heç kim səsini çıxarmaq, etiraz bildirmək istəmirdi. Ortada millinin maraqları var idi. Klublarımız avrokuboklarda uzun yol qət etməyə başlayanda, təsnifat mərhələsində ciddi sınaqlarla üz-üzə qalanda da təqvimin dəyişdirilməsi, oyunların sürüşdürülməsi adət alını almışdı. Yenə də dözürdük...

Bu dəfəki "amma” çox ciddidi. Buna dözmək, dillənməmək təkcə Azərbaycan futbolunun peşəkarlığını ələ salmaq deyil, həm də Cümhuriyyətimizin 100 illiyini aşağılamaqdı. Axı, mayın 28-i Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi bayram olunacaq. PFL ölkə kubokunun finalını həmin günə təyin edəndə xeyli sevinmişdim. Düşünmüşdüm ki, bayrama bayram qarışacaq, sevincimizin həddi-hüdudu olmayacaq. Bunun da "amma”sı çıxdı...

İndi məlum olur ki, mayın 29-da millimiz Qırğızıstanla yoxlama oyunu keçirəcək. Bu həm də o deməkdi ki, mayın 28-də kubokun finalı keçirilməyəcək. Final başqa tarixə təyin olunacaq. Çünki finalda oynayan futbolçuların bir gün sonra millinin heyətində meydana çıxması heç də inandırıcı görünmür. Qırğızlarla oyun bizə nə verəcək? Ondan ötrü bu gözəl bayramı korlamaq, əvvəlcədən açıqlanmış təqvimi dəyişdirməyə dəyərdimi?

Sizdən soruşuram, cənab Elxan Məmmədov, dəyərdimi? Bəlkə, siz deyəsiz, hörmətli Ramin Musayev, qırğızlarla oyundan ötrü buna gərək var idimi? Susmayın, Qurban Qurbanov, siz deyin, nə üçün belə oldu? Cavabını kim bilir?

Bundan sonra heç kim Azərbaycan futbolunun peşəkarlığından danışmasın. Heç millinin maraqlarını da ortaya atmayın. Eh...

Amal ABUŞOV
 
 

Xəbər lenti