Qayınatasını beşbarmaqla döyməkdə təqsirləndirilən, kikboksinq üzrə beşqat dünya çempionu Ehram Məcidov yenidən həbs edilə bilər.
Sport7.az xəbər verir ki, oktyabrın əvvəlində vaxtından əvvəl azadlığa buraxılan E.Məcidovla bağlı prokurorluq məhkəməyə müraciət edib.
İttihamçı tərəf qərarın ləğv edilməsini, E.Məcidovun həbs edilərək cəzasını cəzaçəkmə müəssisəsində çəkməsini istəyib. Bununla bağlı Bakı Apelyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə məhkəmə prosesi davam etdirilir.
Qeyd edək ki, hadisə E.Məcidov və yoldaşının boşanmasından sonra uşaqla ünsiyyətə görə baş vermişdi. Çempion övladı ilə görüşmək üçün məhkəmə icra məmuruna müraciət edib və qayınatası Bəhruz Dilbazi ilə birgə məmurun otağında görüşüblər. İddiaya görə, həmin zaman Dilbazinin keçmiş kürəkənini söyməsinə görə E.Məcidov onu beşbarmaqla vurub.
Ehram Məcidov Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq; silah qismində istifadə olunan əşyadan istifadə olunmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.