Bəxti gözəl "Qarabağ"

Bəxti gözəl
Yenə iki cəbhəyə bölünmüşük. Bir çox başqa məsələlərdə beləyik, "Qarabağ”ın Çempionlar Liqasının təsnifat mərhələsində ilk rəqibi məlim olan kimi eynisi oldu.
 
Nikbin olanların buna yetərincə əsasları var. Qarşı tərəf də "səngər”də yalın əllə dayanmayıb, özlərinə xeyli ciddi dəlil toplayıb, "silahlanıblar”. Əslində elə belə olması yaxşıdı. Demokratik cəmiyyət qurmağa, azad fikrə hörmət etməyə çalışırıqsa, bu cür müzakirələ də normal yanaşmalıyıq. Əsas odu ki, bu cür müzakirələr həqiqətin axtarıb tapılmasına, indiki halda "Qarabağ”ın rəqibinə qarşı düzgün köklənməsinə fayda versin. 

Sözsüz ki, mənim də bu müzakirələrdə söylənəsi fikirlərim var. Ən azı illərimiz Azərbaycan futbolunun içində keçib. Prosesləri diqqətlə izləmişik, klublarımızın potensialına da yaxşı bələdik. Son 10 ildə öz real təsdiqini tapan xeyli proqnozun müəllifiyəm. Bunu da nəzərə alaraq özümdə təxminlərimi yazı halına salmaq, "Qarabağ”dan nə gözlədiyimi siz oxucularla payşalmaq zərurəti hiss etdim. İcazənizlə həmin fikirlərimi sizinlə bölüşüm.

Yaxşı yadımdadı, təxminən 6-7 il əvvəl "Qarabağ”ın avrokuboklardakı çıxışı, püşkün Ağdam təmsilçisinə rəqib etdiyi komandalarla bağlı bir yazım vardı. Həmin yazımın başlığı isə beləydi: "Qarabağ”ın bəxtinin rəngi”. O dövrlərdə digər klubların rəsmiləri və azarkeşləri çox qəribə məntiqlə çıxış edirdilər. İddia edirdilər ki, "Qarabağ”ın püşkdə bəxti gətirir. Onların komandalarının qarşısına çətin rəqiblər çıxır, "köhlən atlar”a isə asan rəqiblər qismət olur. Məhz bu fikir sahiblərinə görə bəxtin rəngindən yazmışdım. Bəxtin də rəngi olurmu? Bəli, "kor püşk” deyimi var. Həmin püşk qarşına nisbətən zəif rəqib də çıxara bilər, güclü də. Amma unutmaq lazım deyil ki, hansısa yarışa qatılarkən bütün rəqiblərlə qarşılaşmaq ehtimalını gözə almalısan, onlarla savaşdan qalib çıxmağa hazır olmalısan. Sloveniyanın paytaxtı Lyublyananı təmsil edən "Olimpiya” da indiki halda qarşılaşa biləcəyimiz rəqiblərdən biri idi və qismətimizə məhz onlar çıxdı. 

Qorxmalıyıqmı? Əsla! Niyə qorxacağıq? Qorxan vaxtlarımızı çoxdan geridə qoymamışıqmı? Ləqəbi "əjdahalar” olan "Olimpiya” bizi yalnız öz ləqəbi ilə qorxuda bilər. Üstümüzə daha böyük əjdahalar gəlib, bizi qorxutmayıblar. Ehtiyat etmək, çəkinmək, rəqibə hörmətlə yanaşmaq futbolda vacibdi. Amma həmin ehtiyat da, çəkingənlik də, hörmət də müəyyən çərçivədə olmalıdı. Biz "Rudar”a, "Şerif”ə də hörmətlə yanaşmışıq. Onlarla qarşılaşarkən ilk oyunu qolsuz bərabərliklə bitirəndə də ümidimizi üzməmişik, "Qarabağ”ın mərhələni keçəcəyinə, avrokuboklardakı yürüşə davam edəcəyinə inanmışıq. Həmin inam da yolumuzu açıb. Bir dəfə yol Avropa Liqasının qrupuna, digərində isə qitənin ən nüfuzlu klub turniri sayılan Çempionlar Liqasının qrup mərhələsinin iştirakçıları sırasına qədər uzanıb. Bu dəfə də ilk oyunda bütün ehtimallara, bizim üçün xoş olmayan nəticələrə də hazır olmalıyıq. İyulun 10-dakı qarşılaşma ikihissəli tamaşanın yalnız ilk pərdəsidi. Mübarizə Bakıda bitəcək və sonluğun bizim üçün yaxşı olacağına da şübhəm yoxdu.

Cəmi bir neçə ay əvvəl elə həmin bu "Qarabağ” Çempionlar Liqasının qrupunda "Atletiko”, "Çelsi” və "Roma” kimi əjdahalara qarşı oynamırdımı? Romanın məşhur Olimpiya stadionunda Azərbaycan çempionu adlı-sanlı rəqibi qarşısında ayaqları əsmədən, qorxmadan, çəkinmədən mübarizə aparmışdı. Əsl döyüşçülər, qladiatorlar sayağı. Ötən müddət ərzində qlobal miqyasda nə dəyişib? Bəli, Dinonun getməsindən, Almeydanın "Qarabağ”dan ayrılmasından, Şehiçin "Qarabağ”ı "Ərzurumspor”a dəyişməsindən mən də xəbərdaram. Bu itkilər hər biri ciddi sayılmalı, bizi təəssüfləndirməlidi. Amma faciəvi heç nə baş verməyib. Mən şübhə etmirəm ki, bu futbolçular olmasa belə, "Qarabağ” "Olimpiya” səviyyəsində bir rəqibin öhdəsindən gələcək gücdədi. 

Bəli, mən Ansi Aqollinin bir fikri ilə razyam ki, ölkəsinin çempionu olan və Çempionlar Liqasına qatılan hər bir rəqib təhlükəlidi, zəif sayıla bilməz. "Olimpiya” "Maribor”la eyni xal toplayıb və mayın 19-da əsas rəqibi səfərdə məğlub etməklə çempionluq yolunda böyük addım atıb. Bu vacib məqam Lyublyana təmsilçisinin əzmkarlığından, vacib oyunlara köklənə bilməsindən xəbər verir. Düzdü, "Olimpiya” vurduğu qolların sayına görə Sloveniyada birinci deyil. "Qarabağ”ın rəqibi "Maribor”dan savayı "Domjale”dən də az top vurub. 36 oyuna 61 qol vuran "Olimpiya”nın qol ortalaması 1,7-di. Müqayisə üçün bu göstəricinin "Qarabağ”da 1,3 olduğunu qeyd edim. Sloveniya çempionu intizamlı müdafiəsiylə də öyünə bilər. Mövsüm ərzində rəqibləri "Olimpiya”nın qapı torunu cəmi 17 dəfə silkələyə bilib. Lyublyana təmsilçisi çox nadir hallarda qapısından birdən artıq top buraxır. Sözsüz ki, bu göstəricinin qeydə alınmasında Sloveniya çempionatının da səviyyəsi rol oynayıb və Çempionlar Liqasında da eyni seriyanın davam edəcəyini demək mümkünsüzdü. İndiyə qədər avrokuboklarda cəmi 18 oyun keçirən və bu qarşılaşmaların yalnız üçdəbirində qələbə qazanan rəqibin təcrübəsi "Qarabağ”la müqayisə oluna bilməz. "Olimpiya”nın qapısının qıfılını qırmaq, "əjdahalar”ı yolumuzdan kənarlaşdırmaq heç də mümkünsüz vəzifə deyil.

"Qarabağ” dişiylə, dırnağıyla, min bir əziyyətlə özünə Avropada yetərincə imic toplayıb, layiq olduğu zirvələrə yüksəlib. Bu tarixi unutmayaq və özümüzü bədbin fikirlərin ağuşuna atmayaq. Toparlanmaq, formaya düşmək üçün vaxt az olsa da, aparıcı üzvlərin bəziləri komandanı tərk etsə də, "Qarabağ” yenə "Olimpiya”dan güclüdü. Narahat olmağa, bəxtdən şikayətlənməyə dəyməz. Hər şey yaxşı olacaq!
 
Mənbə: "Futbol+", Amal Abuşov

Xəbər lenti