Bəxtiyar Musayev: "Qarabağ"ı "Neftçi"idən üstün sayıram" - MÜSAHİBƏ

Bəxtiyar Musayev:
Azərbaycanın tanınmış mütəxəssislərindən olan, veteran futbolçu Bəxtiyar Musayev futbolumuzdakı son durumla bağlı fikirlərini bildirib.

Hazırda "Keşlə"də seleksiyaçı-məşqçi kimi çalışan Bəxtiyar bəy Sport7.az-a müsahibəsində, Azərbaycan çempionatının fasiləyə qədər olan hissəsini dəyərləndirib, klubların çıxışından danışıb və yığma haqda düşüncələrini də söyləyib.

- Bəxtiyar bəy, çempionatımızda qış fasiləsi başlayır, geridə qalan dövrələrlə bağlı fikirləriniz necədi?

- İki komanda digərlərindən xal baxımından öndədi. Yəqin ki, qızıl medallar uğrunda da bu komandalar müarizə aparacaq. Qalan komandaların hər birinin avrokuboklara qoşulmaq şansı var.

- Ümumiyyətlə 8 komandalı çempionatın ilk iki dövrəsi necə təsir bağışladı?

- Təkrarçılıq olmasın, əvvəlki vaxtlarda da fikrimizi bildirmişik ki, 8 komanda ilə çox çətindi. Hiss olunur ki, çempionatın səviyyəsi də 3-4 il əvvələ nisbətən aşağı düşüb. Könül istərdi ki, ən azı çempionatda 12 komanda olsun. Hamısı da normal maliyyələşərək mübarizəyə qoşulsun. Maliyyə dayaqları güclü və vaxtilə futbol ənənəsi olan bölgələri təmsil edən komandalar çempionatda çıxış etsin. Azarkeşlərin də sayı getdikcə azalır. Bunun da böyük təsiri var. Mənim də işim odu ki, seleksiyaçı-məşqçi kimi xarici futbolçuları cəlb edim. Onlar da boş tribunaları görəndə gəlmək istəmir. Komanda sayı artırılsa, bölgələrə ciddi diqqət yetirilsə, bundan ancaq futbolumuz xeyir görər. Gənc nəsildə futbola maraq daha da artar. Təkcə Bakıdakı futbol məktəblərini qoruyub saxlamaqla olmur. Bölgələrdəki istedadları cəlb etmək lazımdı. Buna görə də bölgə komandaları çempionatda olmalıdı. Kiçikyaşlı uşaqları da cəlb etmək üçün təbliğat olardı. Təəssüflər olsun ki, həm azarkeş sayı, həm çempionatın səviyyəsi getdikcə aşağı düşür. Bundan başqa "Qarabağ" istisna, digər təmsilçilərimiz avrokuboklarda birinci mərhələdən, özü də qənaətbəxş rəqiblərlə oyundan sonra mübarizəni dayandırdı. Belə şey olmamışdı. Sponsorları cəlb etmək lazımdı klublara. 

- Mövsümün başlanğıcından bəri hansı maraqlı oyunu izlədiz? Ümumiyyətlə maraqlı oyun oldumu?

- Bəli, maraqlı oyunlar oldu. Amma 2-3 il əvvəlki vaxtlara baxanda, maraqlı oyunların sayında nəzərə çarpacaq dərəcədə kəskin azalma var. Düzdü hər komanda, elə özümüzü götürək, oyunlara mübarizə əzmi ilə çıxır. Futbolçuları cəlb etmək üçün tribunalara azarkeş gəlməli, təbliğat aparılmalı, güclü legionerlər alınmalıdı. Uşaq futbolu ilə bağlı daha da yaxşı dəyişikliklər edilməli, turnirlər təşkil olunmalıdı ki, səviyyə indikindən yüksək olsun. Uşaq futbolunda çalışan məşqçilərə tam nəzarət olunmalıdı. Müəyyən vəsait ayrılmalı, şəraitləri yaxşı olmalıdı ki, sonra onlardan nəsə tələb edilə bilsin. İmkan baxımından əziyyət çəkməməlidilər ki, uşaqlara da canla-başla qulluq etsinlər. Bu gün uşaq futbolundakı böyük problemlərdən biri məşqçilərlə bağlıdı.

- Bir müddət əvvəl verdiyiniz müsahibədə çempionatda "Qarabağ"a rəqib görmədiyinizi bildirmişdiz. Həmin fikrinizdə qalırsızmı? "Qarabağ"la "Neftçi"nin çempionluq şanslarını necə dəyərləndirirsiz?

- Bli, indi də fikrimdə qalıram. Xal fərqi də bunu göstərir. Hətta düşünürəm ki, "Qarabağ" 3-4 tur əvvəl çempionluğunu qeyd edə bilər. Baxmayaraq "Neftçi" 3 xal öndədi. Nəzərə alaq ki, "Qarabağ"a "Səbail"lə oyunda texniki məğlubiyyət verilmişdi. Üstəlik, avrokuboklarda və yığmada "Qarabağ"ın futbolçuları sıx qrafiklə oynadı. İndi xallar da bərabər olardı. Fikrimdə qalıram, amma könül istər ki, ədalətli və layiqli mübarizə olsun. "Neftçi"də neçə illərimiz keçib. Amma peşəkar kimi fikrimi bilmək istəyirsizsə, "Qarabağ"ı "Neftçi"idən üstün sayıram.

- "Qəbələ" ilə bağlı nə düşünürsüz, özünə gəlir, yoxsa...?

- Yeni məşqçi gəldi. Bu elə-belə şey deyil. Məşqçinin fəlsəfəsinə uyğunlaşmaq üçün vaxta ehtiyac vardı. Son oyunlarda komanda gözəgəlimli futbol nümayiş etdirdi. Düzdü mövsümə uğursuz başlamışdılar. Sonradan xoşagələn oyun izlədirdilər bizə.

- Sənan Qurbanov öz sistemini komandaya mənimsədə bilirmi?

- Son oyunlara baxanda, bəli. İkinci dövrənin oyunlarında yüksəliş hiss olundu. Mövsümün sonunda hər bir komandanın oyunu və məşqçinin işi göz qabağında olacaq. İlk dövrənin startına nisbətən, "Qəbələ" sonradan maraqlı oyun nümayiş etdirməyi bacardı.

- Tərlan Əhmədov gələndən sonra "Keşlə"də nələri dəyişib?

- Yəqin ki, siz də görürsüz. Elə mən də komandanın içindəyəm. Əlbəttə, dəyişikliklər olub, o gələndən sonra "Keşlə" xallar toplamağa başladı. Özünəinam da gəlib. Müsbət mənada dəyişikliklər hiss edilir. Komandaya inanırıq. 

- Mövsümün sonunda "Keşlə"ni hansı mövqelərdə görürsüz?

- Tərlan müəllim də məqsədli məşqçidi. Həmişə qarşısına yüksək hədəflər qoyur. Düşünürük ki, 7-ci yer bizə layiq deyil. Baxmayaraq ki, mən komandaya sentyabrın sonlarında, Tərlan müəllim isə məndən 1 ay sonra qoşuldu. Biz yüksək yerlər uğrunda oynayan komandalarda çalışmışıq. İndi futbolçuları da inandırırq ki, daha yüksək pillələrə layiqdi. İnşallah daha da səylə çalışıb üst pillələrdə qərarlaşmaq istəyirik. 

- Digər komandalarla bağlı hansı perspektivləri görürsüz?

- Mütəxəssis kimi deyirəm, "Zirə"nin oyununun xoşagələn olduğunu qeyd etmək istərdim. Samir Abasov da bir neçə turdan sonra komandaya qoşuldu. Digər tərəfdən onlarda bir qədər bəxtsizlik də oldu. Bəzi qələbə qazanmalı olduqları oyunlarda, məğlubiyyətlə üzləşdilər. Mənə elə gəlir, onlar da Avrokuboklara qoşulacaqlar. 

- Ayxan Abbasov "Sumqayıt"da nə ilə yadda qala bilər?

- "Sumqayıt" kubokda iddialı "Neftçi"ni mübarizədən kənarlaşdırıldı. Ayxan Abbasov "Zirə"də iki yaxşı mövsüm keçirib, komandanı avrokuboklara yüksəltmişdi. Amma hər bir məşqçinin başına gəldiyi kimi, o da "Zirə"dən istefa verdi. İnanıram ki, "Sumqayıt"da sözünü deyə biləcək. 3-cü yerdən sonuncu pillədə olan komandalara qədər hamının avrokuboklarda iştirak etmək şansı var.

- Yığma və Qurban Qurbanovun postundan gedişi ilə bağlı fikirləriniz də maraqlı olardı. Nə düşünmək olar?

- Bilirsiz necədi, düzdü məşqçi böyük amildi. Amma onun əlinin altında da bir-biri ilə rəqabət aparan və bunu yaradan futbolçular olsun. Bayaqkı söhbətə qayıdırıq. 8 komanda var, əksəriyyətinin də heyətində legionerlər çoxluq təşkil edir. Heç bir yerdə yoxdu ki, 40 futbolçu arasından seçim edəsən. Xarici klublarda cəmi 2-3 legionerimiz oynayır. Futbolçu qıtlığı var. Ona görə böyük məşqçi gəlsə belə yüksək nəticə olmayacaq. Qurbanov qarşılıqlı şərtlərlə komandadan getdi. Təbii ki, asan iş yoxdu. Üstəlik iki yerdə, özü də məsuliyyətlə çalışmaq insanı yorur. Amma, məşqçi özündə güc tapırsa... Düzdü nəticələr qənaətbəxş olmadı. Amma bunu birbaşa məşqçi ilə əlaqələndirmək düzgün deyil. Nəticələrdə hansısa cüzi şəkildə dəyişiklik ola bilər. Qurban müəllim futbolçuların hamısını yaxşı tanıyırdı. Yerli futbolçuları ondan yaxşı tanıyan da yoxdu. Bir qədər də işini davam etdirib, sonra qərar vermək olardı. Burda məşqçilik işindən çox, klublardakı uşaq futboluna diqqət yetirmək, regionlarda kütləviliyi artırmaq lazımdı ki, baş məşqçi 30-40 futbolçu arasından seçim etməsin. Təsəvvür edin bu ümumi saydı. Halbuki seçim, məsələn 40 ən güclü futbolçu arasından aparılmalıdı, adi futbolçular arasından deyil. 2-3 heyət olmalıdı ki, rəqabət yaransın. Sadə nümunə, Rəşad Sadıqov yığmadan getdi, müdafiədə problemlər yarandı. Maksim Medvedev həm sağda, həm də mərkəz müdafiəçisi kimi çıxış edir. Hər iki mövqedə onun ayağını tapdalaya bilən futbolçumuz yoxdu. "1" nömrədi. Görün nə cür acınacaqlı durum yaranıb. Fakt budu ki, onu əvəzləyə biləcək kimsə yoxdu. Fiziki durum deyilən bir şey var, istər-istəməz onlar da yaşlanırlar. Amma gəlin görək lazyiqli əvəzedicilər varmı? Yəni məşqçi dəyişikliyi olsa bu nəticəyə cüzi şəkildə təsir edə bilər. Məsələn komanda 5 deyil, 6 xal yığa bilər. Klublar öz akademiyalarına nəzarət etməsə heç nə olan deyil.

- Bir qədər də öz işinizdən danışın. Necədi vəziyyət, futbolçu cəlb etməkdə problemlər yaşamırsız?

- Asan deyil. Tribunaların boş olmağı problemlər yaradır. Elə öz futbol oynadığım vaxtlardan götürüm. Heç məşqçinin deməyi lazım deyildi. Meydana çıxıb 30 min adamın səsini eşidəndə istər-istəməz motivasiya olurdun. Adamın tükləri biz-biz olurdu. Çalışırıq ki, komandanın gücünə daha çox güc qatan futbolçular gətirək. Baş məşqçi təlimatlarını verib. Axtarışlarımızı davam etdiririk, komandaya layiqli futbolçular gətirməyə çalışırıq. Elə futbolçular gəlsin ki, özümüzünkülər baxıb onlardan nəsə götürsünlər. 

- Qış fasiləsində "Keşlə"yə neçə futbolçu lazım olacaq?

- Çox deyil, 2-3 mövqeyə futbolçu lazım olacaq. Ən azı 2 legioner nəzərdə tutmuşuq. Əlbəttə, ilboyu izlədiyimiz futbolçular var. Komandaya yeni qoşulanda sağ olsun Zaur müəllim, şərait yaratmışdı ki, gedib xaricdə oyunları izləyim. Belarus yığmasının iki matçını izləmişəm. Bir neçə futbolçu da gözaltı etmişdik. Sadəcə, bəziləri gəlmək  istəmədi və ya şərtləri klubumuzla uyğunlaşmadı. Amma daim nəzərdə saxladığımız futbolçular var və onlarla təmasdayıq.

Sport7.az

Xəbər lenti