Bəxtiyar Musayev: "Ustalıq səviyyəsi və oyun baxımından "Qarabağ" daha üstündü"

Bəxtiyar Musayev:
Avroliqadakı təmsilçilərimiz həm "Qarabağ" həm də "Qəbələ" bu həftə ciddi sınaq qarşısına çıxacaq.

Bəs uğur qazanmaları üçün necə oynamaq lazımdı? Ümumiyyətlə "Qarabağ"ın "Şerif", "Qəbələ"nin isə "Panatinaikos" qarşısında şansları necədi? Bu suallara mütəxəssis fikirlərində cavab axtardıq. 

Ölkənin tanınmış məşqçilərindən olan Bəxtiyar Musayev Sport7.az-a açıqlamasında təmsilçilərimizin şanslarını dəyərləndirdi:

"Şerif" gözlədiyimiz oyunu Bakıda göstərdi. Mətbuatı da daimi izləyirik. Onların mətbuat konfransında dediklərini də oxudum. "Şerif" məşqçisi "Qarabağ"ın təhlükəli olduğunu və çox da açıq futbol oynamayacaqlarını vurğuladı. Mən də düşünürdüm ki, onlar çox da açıq oyun sərgiləməyəcəklər. Üstəlik Bakıda komanda oyunu və çox yüksək əzmkarlıq nümayiş etdirdilər. Mübarizə apardılar. Onların "Kukesi" ilə oyununa baxdım. Amma "Qarabağ" qarşısında oyun intizamına 100 faiz sahib oldular. Bir dəqiqə də olsun heç bir futbolçu oyundan qopmadı. Bu təsadüfi hallarda baş verir. Düzdü ustalıq səviyyəsi və oyun baxımından "Qarabağ" daha üstündü. İnşallah bu gün bizi sevindirərlər. Çünki "pley-off"a yüksəlmək üçün vacib oyundu. "Qarabağ" onsuz da neçə vaxtdı öz oyun üslubuna malikdi. Həm bakıda, həm də rəqib meydanında eyni oyunu göstərirlər. Rəqibdə boşluqlar arayırlar. Düşünürəm ki, top saxlamaq baxımından üstünlük "Qarabağ"da oynayacaq. İlk qolu da biz vursaq daha rahat olar. Çünki sürətli futbolçuları var. Qolların davamını gətirmək üçün rəqib açılmalıdı. İlk oyunda da Qurban Qurbanov rəqibi yaxşı tanıdı. 

"Panatinaikos" köklü komandadı. Yunanıstanın ən köklü komandalarındandı. İlk görüşdə "Panatinaikos" 90 dəqiqə boyunca üstün oyun sərgilədi. "Qəbələ"nin heyətində bir sıra dəyişikliklər oldu. Səfərdə 0:1 hesabı ilə məğlubiyyətə uğradıq. Amma bunun əvəzini çıxmaq olar. Amma rəqib təhlükəlidi, futbol oynamağı bilir. "Qəbələ" ö qapısını da düşünməlidi. Rəqibin vurduğu 1 qol çox şeyi həll edə bilər. Məqamı gözləmək lazımdı. Ümid edək ki, "Qəbələ" üstələyər. Futbolda hər dəfə üstün komanda qələbə qazanmır. İlk görüşdə "Panatinaikos" futbolçularının şəxsi keyfiyyətləri göründü, daha üstün idilər. Amma hər dəfə güclü olan tərəf qalib gəlmir. Ona görədə bir qol buraxmaq olmaz. Yoxsa 3 qol vurmaq çətin olacaq. 

Bu il demək olar transferlər uğurlu alınıb. İlk oyunlara görə deyirəm. "Qarabağ"ın legionerləri elə ilk oyundaca komandaya qoşuldu. Səviyyəli olduqlarını göstərdilər. O cümlədən qapıçı da Gürcüstandakı oyunda bacarıqlı olduğunu nümayiş etdirdi.  "Qarabağ"ın transferləri, çox uğurlu təsir bağışladı. "Qəbələ" üçün "Panatinaikos"la görüş çətin oldu. Amma polşalılarla oyunda normal çıxış etdilər. Qarşıdakı oyunlardan sonra daha dəqiq fikirlər, yüksək səviyyəli olub-olmadıqlarını söyləmək mümkündü. Hələ ki, normaldı. "Qəbələ"nin legionerləri bir qədər qeyri-sabit oyun göstərir. Ona görə də dəqiq nəsə demək üçün zaman lazımdı".

Sport7.az

Xəbər lenti