"Bəzi mövqelərə futbolçu axtarışına başlamışıq" - Tərlan Əhmədov

"Xüsusən ikinci hissədən razı qaldım. Oyunun gözəlliyi qoldur. Hücum futbolu oynadığımız üçün qollar buraxırıq. Qarşıdakı oyunlarda maksimum nəticələr qazanaraq, şansımızı əldən verməməyə çalışacağıq".
 
Sport7.az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Tərlan Əhmədov evdə "Sumqayıt"la 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XII tur matçından sonra mətbuat konfransında deyib. Daha sonra 47 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:

- "Neftçi" də kuboka köklənəcək?

- 3-cü yer də, kubok da bizim üçün qaçılmazdır. Oyunu idarə edən futbolçulardır. Düşünmürəm ki, "Neftçi" sırf kuboka köklənib. Hazırda 2 cəbhədə də davam edirik. Hara qədər gedəcəyiksə, zaman göstərəcək.

- Cavid İmamverdiyev və Araz Abdullayevi buraxmağınıza təəssüflənmirsiniz?

- Cavid və Araz Abdullayevin bu komandada olmasını istərdim. Amma onlar mənim vaxtımda getməyiblər.

- Soni Mustivar bu gün heç nə ilə yadda qalmadı...

- Hər kəsin şəxsi fikri var. Mustivarın meydanda gördüyü işə də baxmaq lazımdır. Fiziki və praktiki cəhətdən geri qalır. Amma onun heç nə ilə yadda qalmadığını demək olmaz. İlk yarının sonlarında hiss etdik ki, yorulur. Ona görə də əvəzlədik.

- Qış fasiləsindən sonra Namik Ələskərovun uğurlu çıxışının səbəbi nədir?

- Bütün azərbaycanlı futbolçuların yaxşı oynamalarını istərdik. Namik Antalyada olduğumuz vaxt Slovakiyadan təklif aldığını dedi və mən də razılaşdım. Amma bilmirəm niyə alınmadı. Mövsümün birinci hissəsindəki oyunundan narazı idim. Onunla söhbət edərək, "Qarabağ"dakı kimi çıxış etməsini istədim. Artıq o, uğurlu oyun sərgiləməyə başlayır. Düşünürəm ki, artıq onu Azərbaycan futbolu üçün yenidən qazanmışıq.

- Gözaltı etdiyiniz futbolçular var?

- Artıq idman direktoru ilə söhbətimiz olub. Bəzi mövqelərə futbolçu axtarışına başlamışıq. Daha yaxşı çıxış etmək üçün daha yaxşı oyunçular almalıyıq. Ola bilər ki, mən də Ceyhun Sultanovla birgə gedərək, bəzi oyunçuları izləyək. Bu istiqamətdə işimiz davam edir.

- Gələn mövsüm üçün komandada qalmağınız gözlənilir?

- Müqaviləm mayın sonlarında bitir. Hələ heç nə bilinmir. İndiyədək heç kimə yeni müqavilə təklif olunmayıb.

- Bəs yeni oyunçu transferi nəzərdə tutulub?

- Hələlik yerlilərlə bağlı qərar verilməyib. Bir neçə daha yaxşı legioner cəlb etmək istəyirik. Aprelin axırı-mayın əvvəllərində yerlilərin siyahısı rəhbərliyə təqdim olunacaq.

- İqnasio Herreraya əsəbiləşməyiniz nə ilə əlaqədar idi?

- Mövqe səhvinə görə əsəbiləşmişdim. Əslində bütün oyunçulara əsəbiləşirik. Amma bəzən elə görünür. (Report)
 
Sport7.az

Xəbər lenti