Bir axşam taksidən düşüb...

Bir axşam taksidən düşüb...
"Qarabağ” – "Şerif” oyundan gözləntilərimiz çox idi. Son illərin ən çətin və stressli qarşılaşmalarından birinə hazırlaşırdıq. Futbolçular meydanda, Qurban Qurbanov meydanın kənarındakı texniki zonada, azarkeşlər isə tribunada. Hamımız imtahan verəcəkdik.

Dünən elə günün bu saatlarında qələbəyə inandığımı, "Qarabağ”ın "Şerif”in öhdəsindən gələcək gücdə olduğunu yazmışdım. Təxminlərim doğruldu. Daha dəqiqini desəm, "Qarabağ” səviyyəsini ortaya qoydu və Moldova çempionuna heç bir şans vermədi. Təkcə hesab yox, oyunun gedişatı və ilk dəqiqələrdən meydanın ağasına çevrilən tərəfin "Qarabağ”ın olması səviyyə fərqinin göstərici sayılmalıdı.

Bizim çempionumuz təkcə "Şerif”dən deyil, elə BATE-dən üstü, səviyyəli idi. Sadəcə, xırda epizodlar, futbolun içində həmişə var olan detallar BATE ilə Bakıdakı, "Şerif”lə isə Tiraspoldakı oyunda "Qarabağ”ın məğlubiyyətini şərtləndirdi. Futboldan bir qədər baş çıxarmaq, meydanda baş verənlərə heç bir qərəz güdmədən baxmaq bunu aydın dərk etməyə yetərlidi. Təəssüflər olsun ki, içimizdə bu məğlubiyyətlərdən şou düzəldənlər, "Qarabağ”ı, onun baş məşqçisini və kapitanını "qaralamaq” üçün yararlananlar da tapıldı. Bəzən yersiz tənqidlərin, psixoloji hücumların da bir effekti olur. Güclü insanlar bu hücumlardan qorunmağı, onların gətirdiyi mənfi enerjini mübarizə üçün motivasiyaya çevirməyi bacarırlar. Necə ki, bunu "Qarabağ” bacardı.

"Köhlən atlar” yüksək səviyyədə keçirdikləri 90 dəqiqə ərzində təkcə "Şerif”i yox, "Qarabağ”ın büdrəməsini səbrsizliklə gözləyənləri də məğlub etdi. Belələrinin çörəklərinə yağ sürtülmədi. İndi rahat nəfəs almaq, qələbəni həzzini doya-doya yaşamaq olar.

"Qarabağ” Kintanasız, Miçelsiz də oynamağı bacardığını, Qurban Qurbanovun süzgəcindən keçib, bu komandaya transfer olunan istənilən futbolçunun ağır məsuliyyətə hazır olduğunu da isbatladı. Futbolda zədələr də, itkilər də olub və olacaq. Əsas odu ki, komanda qələbə əzmini, döyüş ruhunu və özünəinamını itirməsin. Onlar itəndə daha çətin olur, nəinki əsas heyətin aparıcı üzvləri.

Oyunun gedişatı barədə xüsusi nəsə deməyə ehtiyac görmürəm. Hamı hər şeyi gördü. Hər saniyəsindən həzz aldığımız oyundan sonra başıma gələnləri isə sizə nəql etməyi özümə borc bilirəm. Mətbuat konfransında yubandığımdan metroya yetişə bilmədim və mobil tətbiq proqramı vasitəsiylə taksi sifariş etdim. Sürücü vaxtında gəldi və maşına əyləşib evə doğru istiqamətləndim. Bu zaman gördüklərimdən isə heyrətlənməyə bilməzdim. Sürücü istiqaməti dəqiqləşdirəndən dərhal sonra maşındakı planşetdə "Qarabağ”ın futbolçularının tribunaların önündə dolaşmasını və alqışlanmasını əks etdirən görüntüləri açdı. Orda bildim ki, sürücü özü də tribunada imiş və həmin görüntüləri planşetinin yaddaşına köçürüb. Onun keçirdiyi qürur hissindən mən də payımı aldım, bir daha anladım ki, "Qarabağ” peşəsindən, sosial durumundan asılı olmayaraq, bu ölkənin bütün vətəndaşlarını xoşbəxt etməyi bacaran bir dəyərdir.

Taksidən düşərkən sürücü ilə doğma qardaşım kimi sağollaşdım, bir daha görüşəcəyimizə, qələbə sevincini bölüşəcəyimizə inandığımı dedim. Kaş ki, elə həmişə belə ola və futboldan evə qayıdarkən taksilər bizi payız ab-havasıyla yox, xoşbəxt quşun qanadlarında göylərdə uçura.

Qələbən mübarək, Azərbaycan! Təşəkkürlər, "Qarabağ”!

Amal ABUŞOV

Xəbər lenti