Bir azərbaycanlı, bir erməni, bir də gürcü...

Bir azərbaycanlı, bir erməni, bir də gürcü...

Amal ABUŞOV 
 
Əvvəllər çox məşhur olan lətifələr məhz bu cür başlayırdı. Özümüzü öyməyi xoşlayardıq. Belə lətifələrin sonunda da mütləq həm gülər, həm də özümüzkülərin ağıllı olmasıyla fəxr edərdik. Mütləq gürcülərlə erməniləri avam yerinə qoymalıydıq.

Sonradan həyat bizə başa saldı ki, heç də hər şey bizim düşündüyümüz kimi deyilmiş. Bəli, bunu dilə gətirmək, etiraf etmək çox ağırdı. Razılaşmaq olmur, sona qədər çalışırıq ki, müqavimət göstərək, bu acı həqiqəti təkzib edək. Amma arumentlər yetərsizdi. Əlahəzrət fakta boyun əyməli oluruq.

Robert Prosineçki hamımızın yadındadı. Başımızın tacı etmişdik. Rəsmi rəqəmlərə görə ildə 1,2 milyon avro maaş qarşılığında Azərbaycan millisini çalışdırırdı. "Niyə də yox” şüarıyla yola çıxdıq. Yolun sonunda bizi yaxşı heç nə gözləmirmiş. Əksinə, yol sona çatanda elə Robi özü də bizimlə yollarını ayırdı. Dedi ki, sizin milli kimi heç bir perespektivi olmayan komandanı çalışdırmaq istəmirəm. Lap ayağımın altına qızıl töksəniz belə. Getdi perespektiv axtarmağa. Tapdı da. Bosniya və Hersoqoviniya millisi qitənin gənc və perespektivli komandalarındadı. Heyətində də sayılıb-seçilən futbolçular yetərincədi. Orda çalışmaq Prosineçkinin o qədər ürəyincə idi ki, bizdən 4 dəfə az maaşa da razılaşdı, cəmi 300 min avroya. Bədnam qonşularımız ermənilər bir qədər əvvəl sona çatan oyunda Prosineçkini məyus etdilər. Onunla birlikdə Dzekonu da, Şehiçi də, Viskanı da. Şehiçin qoruduğu qapıya düz dörd qol vuruldu. Bu qədərini biz ancaq Lixtenşteynə, San Marinoya vurmağı bacarırıq. O da 10 ildə bir dəfə. Ermənilər isə bu oyunda əvvəl Yunanıstanı Afinada məğlub etməyi də bacarmışdılar, özü də yunanlar 3 dəfə topu tordan çıxarmalı olmuşdular.

Bir azərbaycanlı xanım jurnalistin sözü olmasın, ermənilərin heyətinə baxırsan, hamısının soyadının sonluğu "yan”dı. Yəni, Prosineçkinin komandasına 4 qol vuran, J qrupunda 9 xal toplayan komandanın oyunçuları hamısı xalis erməni balalarıdı. Bizim millimiz isə 4 oyunda cəmi dörd qol vurub, xalımız isə heç yoxdu. Andora, San Marino, Cəbəllütariq kimi yığmalara yoldaş olmuşuq. Bizim komandanın heyətinə baxaq: Riçard Almeyda, Dmitri Nazarov, Anton Krivotsyuk... fərqi özünüz görürsünüz, əzizlərim.
 
Ermənilərdən sonra gürcülər də bütün Avropanın diqqətini üzərlərinə çəkməyi bacardılar. Qonşularımız Danimarkaya uduzmadılar, gərgin keçən qarşılaşmada qapılara qol vurulmadı. Gürcülərin heyəti də "tər-təmizdi”, nə rusları var, nə ukraynalıları, nə də braziliyadan gəlmələri. Başlarını aşağa salıb, futbol oynayırlar, vətənləri, bayraqları, milli formaları üçün savaşırlar. "Bizim” Eddi İsrafilov isə deyir ki, pulumu verin, sonra gəlib oynayaram. Dmitri Nazarovun da eyni səbəbdən AFFA rəhbərliyi ilə davaya çıxdığı təkzib olunmayıb. Eddinin olayını ört-basdır etmək üçün millinin həkimini gecəyarısı diktofonların qarşısına çıxarıblar. Gözünə döndüyüm Eddi də dünən gecə İspaniya çempionatında oyuna çıxdı. "Hippokrat andı" içmiş həkimi də yalançı çıxardı.

AFFA-nın "Onun qarşısına qrupdan çıxmaq vəzifəsi qoymuşuq” dediyi əcnəbi çalışdırıcı, Prosineçkinin həmyerlisi Nikola Yurçeviç də Xorvatiya ilə oyundan əvvəl belə deyib: "Hazırda sonuncu yerdəyik. Real vəziyyət 5-ci olacağımızı göstərir”. Yəni ki, yerinizi bilin, özünüzü göylə aparmayın.

Futbolumuz elə özü bir lətifədi. Odu ki, sizə bir lətifə danışım: Bir azərbaycanlı, bir erməni, bir də gürcü...
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR