Bir de görüm A... - REPLIKA

Bir de görüm A... - REPLIKA


Tural Mehdiyev

Təsəvvür edin ki, halınız pisləşir və evdən çölə çıxa bilmirsiz. Nə edərdiz? Təbii ki təcili yardım çağırtdırıb həkim köməyindən istifadə edəcəksiz. Hə, problem sizin evinizə hansı həkimin gəlməsindədi. Məsələn, sizi sağaltmaq üçün göz və ya diş həkimi gəlsə, sagalacağınıza ümid bəsləməyin. Sözümün canı ondadı ki, hər bir xəstəni ixtisasına uyğun həkim sağaldır. Bununla yanaşı, tibb işçisi pasiyenti sağaltmaq üçün dəqiq diaqnoz qoymalıdı. Əks halda…

Allah sizə can sağlığı versin, amma təəssüf ki, Tanrı Azərbaycan millisinə hələ də şəfa verə bilməyib. Çünki bu günə qədər AFFA-da rəhbər vəzifə tutan şəxslər milli komandanın üstünə ya diş, ya göz, ya burun-boğaz, ya da "mal” həkimini gətirib.  Millinin sabiq məşqçilərinin hansı kateqoriyaya aid olmasını siz müəyyənləşdirin. Mən sadəcə sizə bir köməklik edib Foqtsun "mal” həkimi olduğunu söyləmək fikrindəyəm.

Təəssüf ki, 6 il ərzində alman mütəxəssis milliyə yanlış diaqnoz qoyub onu sağalda bilmədi və nəticədə aradan çıxdı. Rekord 9 xal? Lüksemburqla görüşlərdə itirilən 4 xal Foqtsun vicdanını sızıldatmırsa, digər oyunlardakı yalançı heç-heçələri başımıza qaxmaq lazım deyil. Ultra-müdafiə taktikasıyla uduzmamaq, "Mortal Kombat” oyununda "blok tutub” az qan itirməyə bənzəyir. Rəqibə zərbə endirə bilmirsənsə, müdafiə olunmağın əhəmiyyətsizdi. Nə isə, "mal” həkimini mala qatmayaq, keçək əsas mətləbə.

Bu günə qədər nə olub keçmişdə qalıb, babalı Sərvərin boynuna. Amma məsələ ondadı ki, bu Sərvər hələ də səhvlərindən nəticə çıxartmayaraq Robert Prosineçkini üstümüzə gətirib. Əlbəttə, gələcəyi görmək imkanından məhrum olduğumuzdan xorvatiyalı mütəxəssisin milliyə nə verəcəyini söyləyə bilmərik. Sadəcə keçmişdə eyni yolu gedib uçuruma düşdüyümüzü nəzərə alıb, yenə də eyni aqibəti yaşayacağımızla bağlı şübhələrə düşürük.

Hər nə qədər nikbin olmağa çalışsam da, hallüsinasiyalar məndən əl çəkmir. Azərbaycan futbolu hazırda lal vəziyyətdədi. Bu lalın dilini isə anası bilməlidi. Yəni sağlam məntiq millini məhz yerli mütəxəssisin çalışdırmalı olduğunu söyləyir. Problem ondadı ki, AFFA futbolun dilini bilməyən lal futbolçularımızı adını futbol tarixinə qızıl da olmasa gümüş və bürünc hərflərlə yazdıranlara tapşırır ki, Tanrı xatirinə bunun dilni aç!

Əlbəttə, deyə bilərsiz ki, Foqtsdan əvvəlki yerli məşqçilər lalın dilini bilən analar idi, niyə millinin dili açılmadı? Deyim niyə? O vaxt uşağın dilinin açılmasına var idi. Müstəqilliyin ilk illəri futbolumuzun körpəlik dövrünə təsadüf etdi. İndi Allah saxlasın, uşağımız böyüyüb. O indi danışmalıdı. Amma gördüyünüz kimi laldı. Halbuki futbolumuza maliyyə yardımı ayrıldığından klublarımızın nəticələri daha da yaxşılaşıb. Təkcə "Neftçi” və "Qarabağ”ın qrupa düşməsi dediklərimi təsdiq edir.

Gördüyünüz kimi, belə mərhələdə millimiz nəinki dil açıb danışmaq, hətta şeir yazmaq iqtidarındadı. Qurban Qurbanov və Böyükağa Hacıyevin "futbol poeziyası”ndan nə dərəcədə baş çıxardığını deyə bilmərəm, amma onlar bu yığmaya "bir de görüm "A...” dedizdirə bilər. Prosineçki isə "Azərbaycan əlifbası”ndan xəbərsizdi. Onun dilini başa düşənə qədər, bizimki bizimkinə gələr. Ona görə də AFFA-nın çox riskli bir qərar verdiyini düşünürəm. Ancaq, ruslar demişkən, burda bir "no” var. Həmin bu "no” Berti Foqtsda "nol” idi. Heç olmasa, Robert "l” hərfini aradan götürə bilər. Söhbət yaş amilindən gedir. Foqtsun bir ayağı burda, bir ayağı gorda olmasa da, bir ayağı orda, yəni Almaniyada idi. AFFA-nın əməyi ondadı ki, xorvatı "kişi arvadı evdə otuzdurduğu” kimi Azərbaycanda yaşamağa məhkum edəcək. Bunun özü milli komanda üçün müsbət məqamdı. Prosineçki uğursuz ola bilər, onsuz da itirə-itirə gəldiyimizdən, onu da başımıza fırladıb atarıq. Amma heç olmasa bilərik ki, xorvatı qılıncımızın altından keçirtdik, ciyərlərinə Azərbaycan havası doldurduq. Yox, bu da son deyil! Foqtsun bir ayağı burda, bir ayağı (bu dəfə) gorda olduğu halda, Prosineçki gənc kadrdı. Hər nə qədər olmasa da, o, Foqtsla müqayisədə müasir futbolun nəbzini tuta bilir. Robert dayı Foqts babadan fərqli müasir futbolçunun nə fikirləşdiyini yaxşı bilir. Fikrimcə, bu bir azərbaycanlı futbolçunu sözün yaxşı mənasında "cin atına mindirə bilər”. Düzdü, rəhmətlik Süleyman Rüstəm demişkən, "Çapayev çapa-çapa” kimi çapmayacağıq, amma nəsə bir yüyürmə hiss oluna bilər.

Hə, bir də onu deyim ki, xorvatlarda Foqtsda olduğu kimi, Hitler ruhu yoxdu. Yəni Prosineçki Foqts kimi bizə yuxarıdan aşağı baxmaz. Bilmirəm, bəlkə də bu bir rol idi, amma "Xəzər Lənkəran” – "Neftçi” oyununda Əfran İsmayılovun qırmızı vərəqə almasından sonra əsəbindən ayağa durub siqaret çəkən məşqçidən nəsə gözləmək olar.

Sonda üzümü Prosineçkiyə tutub deyirəm: "Mister Robert, siqaret çəkmək sağlamlığınız üçün zərərlidi, onsuz da millimiz gələcəkdə sizin sağlamlığinıza zərbə vuracaq”!

Sport7.Az



OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR