"Bir gün bir dahi ilə rastlaşdım və oyuna baxışım dəyişdi" - Ralf Ranqniklə futbolun dünəni və bu gününə dair

"Kitab yox idi. Daha əvvəl belə bir şeyin üzərində işləməmişdik. Heç meydanda baş verənləri təsvir etmək üçün lazım olan lüğətə də sahib deyildik. Ancaq bunun gələcək olduğunu bilirdik və birtəhər öhdəsindən gəlməli idik.

O vaxtlar altıncı divizionda çıxış edən "Viktoria Baknanq"da oyunçu-məşqçi kimi çalışırdım. Yaxşı komanda olmasaq da, çox şanslı idik. 1983-cü ilin soyuq fevral günlərindən birində bir dahi ilə rastlaşmaq imkanı əldə etmişdik.

Əfsanəvi məşqçi Valeri Lobanovskinin komandası - "Dinamo" yaxınlıqdakı məşq mərkəzində qalırdı. Yoldaşlıq görüşü üçün asan rəqib axtarırdılar. Oyun yeni başlamışdı, top auta çıxanda dayandım və onların meydanda neçə nəfər olduqlarını dəqiqləşdirmək üçün saymağa başladım. Nəsə yanlışlıq olmalı idi: bəlkə 13, ya da 14 nəfərlə meydana çıxıblar?
 


Daha əvvəl də yüksək səviyyəli komandalara qarşı oynamışdıq - təbii ki, həmişə uduzurduq -, ancaq azından onlar bizə arada nəfəs almaq üçün şans tanıyırdılar. Kiyev "Dinamo"su qarşılaşdığım rəqiblər arasında sistematik şəkildə topa pressinq edən ilk komanda idi. O andan etibarən futbola baxışım dəyişdi. Mənim üçün təzahür anı idi. Futbolun başqa cür oynanıldığını onda anladım.

Bir neçə il sonra "Ştutqart"ın həvəskar komandasına məşqçi təyin olundum. Orada təkbaşına taktiki detalları mənimsəyən və zona markajı ilə aqressiv pressinqi özündə ehtiva edən "Ballorientierte Raumdeckung" sistemini Almaniyada ilk dəfə tətbiq edən bir inşaat mühəndisi ilə tanış oldum. Adı Helmut Qross idi. Birlikdə məşqçiliklə bağlı dərsliklər hazırlamağa başladıq. İtaliyada dostlarımız var idi. Bizə Arriqo Sakkinin "Milan"ının videolarını göndərirdilər. Kasetləri o qədər irəli-geri vermişdik ki, axırda video-pleyer xarab oldu.

1998-ci il idi. O vaxt Bundesliqa-2-də çıxış edən "Ulm"u çalışdırırdım. Bir gün dördlü müdafiədən istifadə etməyin faydaları haqqında danışmaq üçün televiziya verilişlərindən birinə çıxdım. "Libero" anlayışını dünyaya bəxş edən ölkədə belə bir şey qeyri-adi addım, hətta "yoldan sapma" kimi qiymətləndirilirdi. "Taktika pis oyunçular üçün nəzərdə tutulmuş bir şeydi" - deyərdi Feliks Maqat.

Yaxşı ki, Bundesliqada indi belə yanaşma yoxdu. "Laypsiq"ə qarşı oynayan komandaların əksəriyyəti pressinq oyununun müxtəlif versiyalarına üstünlük verirlər. Bir sözlə, atəşə atəşlə qarşılıq verirlər. 10-15 il əvvəl inqilabi olduğu düşünülən şeylər artıq adi hal alıb. Ancaq yenə də fərqliliklər var. Son dönəmdə 3-5-2-nin və birə-bir markajın qayıdışına şahidlik edirik.

Bəzən komandalar cərimə meydançalarının önünə iki "avtobus" park edirlər və bizi topa daha çox sahib olmağa məcbur edirlər. Nəticədə sürəti artırmaq və qol epizodlarına girmək çətinləşir. Topa həddindən artıq sahib olanda oyununuz həndbola bənzəyir və belə olan halda, bir nöqtəyə varmaqda çətinlik çəkirsiniz. Oyunumuzu təhlükəyə atmağa məcbur qalıb, riskli paslar yoxlamağa hazırlıqlı oluruq, çünki bu sayədə "ikinci toplar"a hücum etmək şansımız olur.

Məni ən çox həyəcanlandıran şey keçid oyununun inkişafı və sürətlənməsidi. Topu ələ keçirdikdən və ya itirdikdən sonrakı 8-10 saniyə ərzində bir çox şey baş verir. Oyunun taleyini belə anlar həll edir. Məşqlərimizin böyük hissəsini "anidən bir yerə toplaşmaq" adlandırdığımız, oyunçuların sinxron hərəkətlənməsinə yardımçı olan çalışmalara ayırırıq.
 


Beş il əvvəl fiziki hazırlıq üzrə məşqçinin komandanın neçə m. qaçmalı və məşqin gedişində hansı sürətə üstünlük verməli olduğunu deməsinin imkansız olduğunu düşünərdim. Ancaq indi bu, artıq reallıqdı. Keçmişdə məşqçi kimi, məşqlərdə doğru dozanı tapa bilmək üçün gözlərinizə və içinizdəki səsə güvənməliydiniz. İndi isə bu, avtomobili icarəyə götürməyə bənzəyir: çəndə nə qədər benzin olduğu və kilometrajı barədə hər şeyi deyirlər. Fiziki hazırlıq üzrə məşqçilər məşq həftəsini müəyyən bir gündəki intensivliyə görə planlaşdırmaqla məşğuldular. Nə deyirlərsə, biz də onu edirik.

Ancaq oyunun sürətini artırmaq istəyirsinizsə, çevik ayaqlar əvəzinə, sürətli düşünə bilən beyinlər yetişdirməlisiniz. Təkmilləşmə - işlərin daha tez həlli, daha sürətli analiz bacarığı, sürətli qərar qəbul etmə prosesi və qərarı dərhal həyata keçirmək anlamına gəlir. "Laypsiq"də yaddaş sahəsini və icra olunan əməliyyatların sürətliliyini artırmaq üzərində çalışırıq. Məsələn, oyunçuları əvvəlki matçları simulyasiya edən və futbolçuların önəmli anları yenidən yaşamasına şərait yaradan "Soccerbot" adlı aparata yerləşdiririk. Bu, "PlayStation" futboludu - sadəcə, bizim nümunəmizdə PS-ni ayaqlarınızla oynayırsınız. Oyunçular o qədər zövq alırlar ki, bəzən onları aparatdan uzaqlaşdırmaqda çətinlik çəkirik.

Məşqçi kimi, son dövrdə daha mülayim birinə çevrildiyimi deyə bilərəm. Səhvlərin əksəriyyətinin oyunun gedişindəki həddindən artıq emosionallıq nəticəsində ortaya çıxdığını öyrənmişəm. Ya komandanızın performansına çox aşiq olursunuz, ya da əsəbiləşirsiniz... Balansı qorumaq vacibdi. Emosiyaları bir kənara atıb, baş verənləri analiz etmək və dəyişikliyə ehtiyacı olan şeyləri görmək lazımdı.

Təcrübə sayəsində həmçinin futbolçuların konkret qaydalara ehtiyacı olduğunu öyrənmişəm. Ancaq onlara etməli və etməməli olduqları şeyləri deməklə iş bitmir. Futbolçular qaydalara əməl etməyin onların öz xeyrinə olduğunu başa salmalı, inam aşılamalısan. Belə deyək: paltardəyişmə otağına ideyaları "sata bilməlisən". Qaydalar sayəsində oyunçuların yollarından çıxmasının qarşısını almaq mümkündü. Hər şeyi yuxarıdan idarə etmək də olmur. Komanda yoldaşının təzyiqi bossun təzyiqindən daha güclü faktordu. Və qaydalar məşqçilərə də aid edilməlidi. Dediklərinə özün də əməl etməlisən.

Hazırda 60 yaşım var. Yaxşı ki, şəxsi ofisim var. Ən çox oyunlardan əvvəl futbolçuların paltardəyişmə otağında dinlədikləri mahnılardan qaçmaq baxımından işimə yarayır. Düzü, futbolçu olsam belə, elə yüksək səslə musiqiyə qulaq asa bilməzdim. Musiqi zövqlərimizi bir kənara qoysaq, oyunçularla əlaqələrimin güclü olduğunu deyə bilərəm. Onları, qorxularını və arzularını anlamaqdan imtina etdinsə, məşqçiliyi də bir kənara atmalısan. Oyunçularla yaşıd iki oğlum olduğu üçün şanslıyam.

Maddi vəziyyətləri çox yaxşı olan gənclərin onları yoldan çıxaran şeylər və üzləşdikləri saxta reallığın öhdəsindən gəlmələrinə yardımçı olmağı öhdəliyim kimi görürəm. Bəziləri yeniyetmə olsa da, onlarla yetişkin biri kimi rəftar etmək önəmlidi. Hər şeyin məntiqi tərəfini izah etməlisiniz. Məsələn, qidalanma və ya yuxunun sağlamlıq və performans baxımından niyə vacib faktorlar olduğunu başa salmalısınız.
 


Ümumiləşdirsək, "Laypsiq"də oyunçuların özlərini göyün üzərində təsəvvür etdiklərini düşünmürəm. Onların başadüşən insanlar olduqlarını deyə bilərəm. Bəzi adamların gizlin şəkildə düşərgədən ayrılan və səhərə kimi partilərdə əylənən alman oyunçu tipinə dair nostaljik həsrəti var. Ancaq o günlər artıq bitdi. Belə davranan futbolçu oyunun hazırkı fiziki tələblərini qarşılaya bilməz. Futbol o qədər sürətli və amansız forma alıb ki, ancaq pikində olan oyunçular uğur qazana bilirlər.

Taktika, fiziki forma, qaydalar... - bunların hamısı önəmli olsa da, uğura gedən yolda sadəcə addımlardılar. Mənim işim isə oyunçuları inkişaf etdirməkdən ibarətdi. Sayəndə futbolçu daha yaxşı birinə çevrilibsə və bunu dərk edirsə, əmin ol, arxanca gələcək. Ən böyük, ən önəmli motivasiya da elə budu".
 
Yazı "Coaches' Voice"-də Ralf Ranqnik tərəfindən qələmə alınıb.
 
Tərcümə: Rüfət Məcid

Sport7.az

OXŞAR XƏBƏRLƏR