"Bircə ona şükür edirəm ki, ..." - "Qarabağ"ın xanım azarkeşi

Qatı futbol azarkeşi kimi tanıdığımız Sevinc Məmmədova üçün bu il düşərli oldu. Belə ki, onun azarkeşi olduğu "Qarabağ" və "Liverpul" klubları bu il ölkə çempionu adını qazandılar. 

Elə bunu nəzərə alaraq xanım azarkeşlə biraz söhbət etdik. Sevinc duyğularını Sport7.az-a bölüşdü. 

- Sevinc, son vaxtlar "facebook"da fəallığın azalıb. İki sevdiyin klub "Liverpul" və "Qarabağ" çempion oldu, ancaq əvvəlki şövqlə paylaşımların görünmədi. Nə baş verir, futbola sevgin azalıb, yoxsa dünyada baş verən bu virus dəhşəti səndə də ruhdüşkünlüyü yaradıb? 
- "Facebook"da fəallığımın azalması işimlə bağlıdır. Əvvəl ofisdaxili işlərdə çalışırdım, telefon, kompüter həmişə əlimin altında olurdu. İndi isə firmada merçendayzer olaraq çalışıram. Səhərdən axşama qədər marketləri gəzirəm, işim də fiziki iş olduğu üçün çox yoruluram. Axşam evə gedəndə artıq əlavə enerji qalmır "facebook"a.

Mənə elə gəlir ki, futbola sevgim heç bir səbəbdən azala bilməz. O sevgi qanıma hopub. Bəzən düşünürəm ki, futbol sevgim olmasa heç işləməyə də enerji olmaz. Bu qədər işin-gücün, sıxıntıların arasında adama xoş təsir edən tək şey elə futboldur.

- "Liverpul"un uzun illər sonra çempion olmasını hansı hisslərlə qarşıladın?
- "Liverpul"un çempionluğunu o qədər həvəs və həyəcanla gözləyirdim ki, bunu hansısa sözlə ifadə etməkdə çətinlik çəkərəm. Amma sevincimizi də tam yaşamaq qismət olmadı. Araya korona məsələsi girdi. Çempionat dayandırıldı, daha sonra isə mövsümün nəticəsinin ləğvi ilə bağlı söz-söhbətlər yayılmağa başladı. Sonra liqa təkrar bərpa olundu. O arada bütün hissləri artıqlaması ilə yaşadıq deyə,  çempion olanda artıq hər şey qarışmışdı beynimdə. Həm də "Liverpul" mövsümə elə start verdi ki, ən yaxın izləyicisini 25 xal qabaqlaması bir az intriqanı öldürmüşdü. Ona görə də mövsümün ortalarından artıq özümüzü çempion kimi hesab edirdik.

- Bəs "Qarabağ"ın bu formada çempion olması sənə necə təsir etdi? 
- "Qarabağ"ın bu formada çempion olması üzücü haldır. Amma əlimizdən nə gəlir ki?! Könül istərdi ki, "Qəbələ"ni, "Neftçi"ni məğlub edib, o oyunlardan sonra çempionluğu rəsmiləşdirəydik. Amma sən saydığını say, gör fələk nə sayır. Bircə ona şükür edirəm ki, ən azından çempionluğumuz tanındı, yarımçıq dayandırıldığı üçün ləğv etmədilər.

- Müqayisə edəndə, hansı çempionluq səni daha çox sevindirdi?
- İki çempionluğu müqayisə etmək istəmərəm. "Liverpul" 30 illik həsrətə son qoyub mənim gördüyüm ilk çempionluğu qazandısa, "Qarabağ" "Neftçi"yə çatdı. Bu mənada hər iki çempionluq mənim üçün vacib və önəmli idi.

Röya Kərimli
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR